Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Tarix dəfələrlə sübut edir ki, müstəqilliyi, suverenliyi qoruyub saxlamaq onun qazanılmasından qat-qat çətindir. Tale elə gətirib ki, Azərbaycan xalqı bir əsrdə (XX əsrdə) iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı əldə etmişdi. Təəssüf ki, birinci – Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, xarici müdaxilə, daxili çəkişmələr, beynəlxalq dəstəyin olmaması səbəbindən 1920-ci il 27 apreldə XI bolşevik ordusu tərəfindən işğal olundu. İkinci tarixi imkan isə 70 il sonra sovet rejiminin dağılması ilə yarandı.
1917-ci ildə Rusiyada baş vermiş fevral inqilabından sonra Azərbaycanda milli-azadlıq hərəkatı keyfiyyətcə yeni bir mərhələyə daxil oldu. 1917-ci il fevralın 27-də Petroqradda qələbə ilə başa çatan inqilab nəticəsində 300 ildən artıq mövcud olan Romanovlar sülaləsinin hakimiyyətinə son qoyuldu. Rusiyada mütləq monarxiya rejiminin devrilməsi Şimali Azərbaycanda da müstəqillik uğrunda mübarizənin yüksəlişinə təkan oldu. M. Ə. Rəsulzadə yazırdı: “1917-ci il inqilabı məhkum siniflərə hürriyyət, məhkum millətlərə isə muxtariyyət verəcəkdir”.
1917-ci il oktyabrın 25-də baş vermiş çevriliş nəticəsində Rusiyada Müvəqqəti hökumət devrilmiş və bolşeviklər hakimiyyətə gəlmişdilər. Yaranmış yeni şəraitdən istifadə edən Müsavat Partiyası özünün birinci qurultayını çağırmışdı. Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri seçilmiş M. Ə. Rəsulzadə azadlıq hərəkatının ilkin vəzifəsinin Rusiyanın tərkibində milli-ərazi muxtariyyəti statusunun əldə edilməsi, son məqsədinin isə müstəqil Azərbaycan dövlətinin yaradılması olduğunu xüsusi olaraq bildirmişdi.
Qeyd edək ki, 1917-ci il oktyabr çevrilişi nəticəsində hakimiyyətə gələn bolşeviklər Rusiya imperiyasının tərkibində olan qeyri-rus xalqların öz təyini-müqəddəratını həll etmək, sərbəst şəkildə ayrılaraq öz müstəqil dövlətlərini yaratmalarına hüquqi təminat verən bəyannamələr elan etsələr də, çox keçmədən aydın oldu ki, bu bəyannamələr, verilən hüquqlar real deyil, təbliğat xarakteri daşıyır.
Türk-müsəlman əhaliyə qarşı S. Şaumyanın başçılığı ilə erməni-daşnak quldur dəstələrinin törətdiyi 1918-ci il Mart soyqırımından sonra Bakıda siyasi vəziyyət kökündən dəyişdi. Azərbaycanın Rusiyanın daxilində muxtariyyətinə inam sarsıldı, müstəqil Azərbaycan dövləti yaratmaq planı aktuallaşdı və bu fikir Müsavat partiyasının proqramında da öz əksini tapdı. Azərbaycanlıların milli iradəsini qırmağa, milli azadlıq ideyalarını boğmağa çalışan erməni-daşnak və bolşevik liderləri düşündüklərinin tam əksini gördülər.
1918-ci il mart-aprel aylarında Bakı və Azərbaycanın ayrı-ayrı bölgələrindəki soyqırımlarının törədilməsi, Cənubi Qafqazı idarə edən əsas hakimiyyət orqanı elan edilmiş Seymin bu soyqırımların qarşısını almaqda acizlik göstərməsi, Seymdəki erməni-gürcü qüvvələrinin Osmanlıya müharibə elan etməsi və məğlub olması Zaqafqaziya Federativ Respublikasının siyasi cəhətdən çökməsinə səbəb oldu.
1918-ci il mayın 26-da Seymin sonuncu iclasında Gürcüstan Seymdən çıxdığını bəyan etməsi ilə Seym dağıldı. Seymin Azərbaycan nümayəndə heyəti mayın 27-də fövqəladə iclas keçirərək Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdü və özünü Müvəqqəti Milli Şura elan etdi. Milli Şuranın sədri M. Ə. Rəsulzadə seçildi. Milli Şuranın mayın 28-də keçirilən birinci iclasında Azərbaycanın müstəqil respublika elan edilməsi qərara alındı və “İstiqlal Bəyannaməsi” qəbul edildi. Siyasi quruluş forması Xalq Cümhuriyyəti idi. Eyni zamanda həmin gün – mayın 28-də Milli Şuranın tapşırığı ilə Fətəli xan Хоyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökuməti – Kabineti təsdiq edildi. Beləliklə, milli-azadlıq hərəkatının keyfiyyətcə yüksək mərhələsinin məntiqi sonluğu olaraq xalqımız öz dövlət müstəqilliyini əldə edə bildi. Azərbaycan dövlətçilik tarixinin böyük hadisəsi hesab edilən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqinin və bütün Türk və Müsəlman dünyasının dünyəvi dəyərlər üzərində qurulan ilk dövləti oldu.
İstiqlal Bəyannaməsinin imzalanması ilə Azərbaycan müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələri bərpa edilmiş, itirilmiş dövlətçiliyimiz davam etdirilmişdir. Qısa dövr ərzində – 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik sahədə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdı. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Ümummilli lider Heydər Əliyev xüsusi olaraq qeyd edirdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir”. Beləliklə, tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, öz suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, xarici müdaxilə, parlament və hökumət daxilində çəkişmələr və beynəlxalq dəstəyin olmaması ucbatından 1918-ci il 28 mayda qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.
XX əsrin sonunda, 70 ildən sonra yaranan tarixi şərait, Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Azərbaycanı itirilmiş müstəqilliyimizin bərpasına aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin öz xalqının tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olundu. Oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Qəbul olunmuş Konstitusiya Aktının 2-ci maddəsində deyilir: “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına görə: Azərbaycan dövləti müstəqil, unitar və dünyəvi dövlətdir; SSRİ-nin Azərbaycan ərazisindəki mülkiyyəti Azərbaycanın mülkiyyətidir; Siyasi hakimiyyət xalqa məxsusdur və s.
Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul olundu. Yeni və müstəqil Azərbaycan dövləti 1991-1992-ci illərdə bir sıra mühüm addımlar atdı: 1991-ci il 5 fevralda Azərbaycan Respublikasının Dövlət Bayrağı, 1992-ci il 27 mayda Dövlət Himni, 1993-cü ilin noyabrında Azərbaycan Respublikasının Dövlət Gerbi qəbul olundu. Beləliklə, Azərbaycanın və xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələ başladı. Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və biz bu nailiyyəti, dövlət müstəqilliyimizi qoruyub saxlayacağıq”. Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi.
1991-ci il... Meydanlar coşub-daşırdı. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq meydan hərəkatında bərkimişdi, 20 Yanvar faciəsini görmüşdü. İmperiyanın tankları artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində minlərlə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyinə doğru gedərək, 1991-ci ilin bir payız günündə – 18 oktyabrda uzun-uzadı və qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu.
Bir tərəfdən Sovet imperiyasının dağılmasının qarşısını almağın mümkün olmaması, digər tərəfdən Respublikada ictimai-siyasi vəziyyətin ağır olması, xalqın artmaqda olan təzyiqi Respublika rəhbərliyini manevr etmək məcburiyyətində qoymuşdu. Respublika rəhbərliyi hesab edirdi ki, Konstitusiya Aktının qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmaq mümkün olacaq. Ona görə də təsadüfi deyildi ki, Konstitusiya Aktı ilkin mərhələdə yalnız kağız olaraq qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin diktəsi ilə hərəkət edirdi.
Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi – referendum keçirildi. Referendum bülleteninə bir cümlə yazılmışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”. Səsvermə hüququ olanların 95 faizindən çoxu referendumda iştirak etdi. Xalqımız yekdilliklə Respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
Öz müstəqilliyini elan etmiş Azərbaycan mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərsə də, onun müstəqilliyini dünya dövlətləri tanımağa başladı. Azərbaycan Respublikasının müstəqilliyi ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, 1991-ci il 11 dekabrda Rumıniya, 1991-ci il 13 dekabrda Pakistan, 1991-ci il 23 dekabrda İsveçrə, 1991-ci il 25 dekabrda İran, 1992-ci il 23 yanvarda ABŞ, 1992-ci il 10 apreldə Rusiya və başqa dövlətlər tərəfindən tanıdı. 2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə qəbul edildi. 1991-1993-cü illərdə Azərbaycan bir çox beynəlxalq qurumlara, o cümlədən İslam Konfransı Təşkilatına, İqtisadi Əməkdaşlıq Təşkilatına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Birliyinə, Müstəqil Dövlətlər Birliyinə (MDB) və daxil olmuş, 1995-ci ildə Helsinki Yekun Aktına qoşulmuşdu. 1993-cü ildə TÜRKSOY təşkilatına, 1997-ci ilin oktyabrında GUAM təşkilatına, 2001-ci ilin yanvarında Avropa Şurasına, 2011-ci il Bloklara Qoşulmama Hərəkatına və 2012-ci il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmuşdur.
Lakin müstəqilliyini bərpa etdikdən az müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən havadarlarının köməyi ilə Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış birinci Qarabağ müharibəsi, digər tərəfdən Respublika rəhbərliyində olan səriştəsiz, cəsarətsiz adamların yeritdikləri səhv siyasət və ölkə daxilində siyasi çəkişmələr, separatçılıq hərəkatı, xaos, vətəndaş qarşıdurması müstəqilliyin itirilməsi təhlükəsi yaradırdı. 1993-cü ilin birinci yarısında siyasi və iqtisadi böhran getdikcə dərinləşirdi. Belə bir şəraitdə Azərbaycanı siyasi böhrandan, yaranmış ağır vəziyyətdən çıxarmağa və dövlətçiliyimizi labüd məhvdən xilas etməyə qadir olan yeganə böyük şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev idi. Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, suverenliyimizi daima yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur.
1990-cı ilin sentyabrında Heydər Əliyev Naxçıvan Ali Məclisinin və Azərbaycan parlamentinin deputatı kimi siyasi fəaliyyətini davam etdirirdi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin sədri seçildi. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı. Heydər Əliyevi Naxçıvanda Ali Məclisin sədri vəzifəsindən uzaqlaşdırmağa çalışan Xalq Cəbhəsi Hökumətinə qarşı 1993-cü ildə Gəncədə hərbi qiyam ərəfəsində Heydər Əliyev siyasi uzaqgörənliklə qiyamçıları deyil, dövləti və Əbülfəz Əliyevi müdafiə etdiyini irəli sürərək bütün qüvvələri prezident ətrafında birləşməyə çağırmışdı.Siyasi böhran ölkəni parçalanma və vətəndaş müharibəsi həddinə çatdırmışdı.
1993-cü il 4 iyun qiyamını yatırmaqda və siyasi böhranı aradan qaldırmaqda aciz qalan Xalq Cəbhəsinin rəhbərliyi respublikadakı siyasi proseslərin çox təhlükəli həddə çatdığını dərk edərək kömək üçün Hеydər Əliyevə müraciət etmişdi. Xalq Cəbhəsi hökumətinin, o cümlədən Prezident Əbülfəz Əliyevin dəvəti və xalqın tələbi ilə 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn Heydər Əliyev ölkəni yaranmış ağır siyasi böhrandan xilas etmək üçün mühüm addımlar atdı. Dahi şəxsiyyət, uzaqgörən Heydər Əliyev ilk növbədə iyunun 13-14-də Gəncə şəhərində oldu və hərbçilərlə danışıqlar apararaq siyasi böhrandan çıxış yollarını müəyyənləşdirdi.
Müstəsna təşkilatçılıq, zəngin idarəçilik təcrübəsinə, dərin təfəkkürə və analitik duyuma malik olan Heydər Əliyev həm də nüfuzlu, iradəli, cəsarətli, qətiyyətli, dünya birliyi tərəfindən sayılan, seçilən, dərin hörmətlə qarşılanan nadir şəxsiyyətlərdən biri idi. Gəncədən Bakıya qayıtdıqdan sonra Heydər Əliyev Milli Məclisdə məsələnin nə yerdə olduğu və məsələnin həlli yolları barədə məlumat verdi. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bununla Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ başladı. 1997-ci ildə Milli Məclis tərəfindən iyunun 15-i “Milli Qurtuluş Günü” elan edildi.
1993-cü il iyunun 24-də Milli Məclis prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə Heydər Əliyev səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi və bu seçkilərdən sonra bütün əsas diqqəti iqtisadi-siyasi böhranın aradan qaldırılmasına və ölkədə sabitliyin təmin edilməsinə və ordu quruculuğuna yönəltdi. Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu qurur hissi ilə bəyan edəcəkdir... Müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı, azad iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır”. Ulu Öndər daha sonra qeyd edirdi ki, heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycanın dövlətçiliyini məhv edə bilməz.
Dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə (1993-2003-cü illər) müstəqilliyimizin siyasi və iqtisadi sütunlarının getdikcə möhkəmləndirilməsinə, iqtisadiyyatın dinamik inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına, vətəndaş birliyinin, həmrəyliyinin, sabitliyin qorunub saxlanmasına, müstəqil dövlət olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsinə, Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılmasına, demokratik hüquqi və dünyəvi dövlət quruculuğuna xüsusi diqqət yetirilmişdir.
Ulu Öndər tərəfindən uzaqgörənliklə aparılan, uğurlu siyasət nəticəsində Azərbaycanda ardıcıl islahatlar həyata keçirilməyə başlandı. Qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi, ordu quruculuğu sürətləndirildi və paralel olaraq ölkə iqtisadiyyatında böhran vəziyyəti, geriləmə aradan qaldırıldı, dinamik inkişaf təmin edildi, bazar iqtisadiyyatı prinsipləri əsas götürülməyə başlandı. Eyni zamanda ulu Öndərin şəxsən təşəbbüsü və rəhbərliyi ilə dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənilməsinə cəlb olunması dinamik inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” – deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu bəyan etdi.
Görkəmli dövlət xadimi, böyük təcrübəyə malik Ümummilli lider Heydər Əliyev qəti əmin oldu ki, ağır vəziyyətdə olan respublika iqtisadiyyatını dirçəltmək, ölkənin dünya inteqrasiyasında iştirakını təmin etmək üçün ən sanballı mənbə neft amili ola bilər. 1994-cü ilin sentyabrında uzun və qızğın müzakirələrdən sonra “Əsrin müqaviləsi” imzalandı. Bundan sonra Respublikaya güclü investisiya axını başladı. Neft strategiyası müstəqil Azərbaycanda demokratiyanın inkişafı, ictimai-siyasi sabitliyin təmin edilməsi, milli dövlət quruculuğunun möhkəmləndirilməsi, onun dünya iqtisadiyyatına qovuşması və əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün möhkəm baza yaratdı. Artıq 1996-cı ildən iqtisadiyyatda tənəzzül meyillərinin qarşısı alındı və dinamik inkişaf başladı.
1998-ci ilin sentyabrında Bakıda ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə “Qədim İpək yolunun bərpası”na həsr olunmuş beynəlxalq sammit keçirildi. Ümummilli lider Heydər Əliyev əmin idi ki, Böyük İpək yolu nəqliyyat dəhlizində aktiv iştirak müstəqilliyimizin qorunması və nəqliyyat kompleksinin yenidən qurulması Azərbaycanın mühüm beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsi üçün müstəsna əhəmiyyət kəsb edəcəkdir. Eyni zamanda, Heydər Əliyevin rəhbərliyi altında müstəqilliyimizin möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb edən yeni iqtisadi sistemin qurulması, aqrar islahatların, özəlləşdirmənin aparılması, sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazası yaradıldı. Ulu Öndər əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını fundamental əhəmiyyət kəsb edən bir məsələ kimi ön plana çəkirdi.
Müasir tariximizin 50 ildən çox davam edən bir mərhələsi, o cümlədən müstəqil Azərbaycan dövlətinin formalaşması, dinamik inkişafı və dünya inteqrasiya sisteminə qovuşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin inkişaf və sabitlik yolunu müəyyənləşdirib, gələcək tərəqqisinin əsaslarını formalaşdırdıqdan sonra əbədiyyətə qovuşdu.
Zəmanəmizin dahi şəxsiyyətindən, dühasından “ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Ulu öndərin ən layiqli davamçısı, müasir tipli yeni siyasi lider İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində seçicilərin böyük çoxluğunun etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
Azərbaycanın yeni rəhbəri İlham Əliyev andiçmə mərasimində demişdir: “Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gedərək Heydər Əliyev siyasətinə səs veribdir, sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativi yoxdur. Azərbaycana hörmət edirlər. Azərbaycanda demokratiya daha da inkişaf edəcəkdir, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən əsası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərək mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Beləliklə, 2003-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycanın yeni lideri Prezident İlham Əliyev siyasi və dövlətçilik ənənələrinə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda vətəndaş cəmiyyətin formalaşdırılması, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş, müstəqil, suveren dövlət kimi öz inkişafının və dövlətçilik tarixinin ən parlaq dövrünü yaşayır. Prezident İlham Əliyevin siyasi iradəsi ilə güclənən, regionda lider dövlətə çevrilən Azərbaycan sosial dövlətə çevrilmişdir.
2020-ci ilin 27 sentyabr – 10 noyabrında 30 ilə yaxın düşmən tapdağı altında olan, erməni vəhşilikləri nəticəsində dağıntılara məruz qalmış torpaqlarımız 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad oldu. İndi 5 ildən artıqdır ki, həmin torpaqlarda misilsiz quruculuq işləri gedir. Bu gün Azərbaycan xalqı özünün müstəqil, suveren, qalib dövləti ilə qürur duyur və fəxr edir. Vətən müharibəsindən, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edildikdən sonra ölkəmizin tarixinin yeni inkişaf mərhələsində və dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi illər və günlər keyfiyyətcə yeni məzmun qazanmışdır.
2026-cı il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35 ili tamam olur. Azərbaycan xalqı bu bayramı öz ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini tam təmin etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin mahiyyət və məzmununun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının 15 oktyabr 2021-ci il tarixli Qanununa əsasən 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir. Qeyd edək ki, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət müstəqilliyinin məhz 1918-ci ildə bərqərar olması tarixinə əsaslanır. Bu, həm də ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş müasir Azərbaycanın – Azərbaycan Respublikasının 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
İbrahim Zeynalov
Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı, professor