“İtkinlərin qınağı”, sülhün sınağı

20.11.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Humanitar dialoqda yeni mərhələnin başlanmasına ehtiyac var 
Onilliklər boyu davam edən münaqişə minlərlə ailənin taleyində silinməz izlər buraxıb. Bu insanların hansı şəraitdə həlak olduğunu və harada dəfn edildiyini müəyyənləşdirmək həm beynəlxalq humanitar hüququn, həm də insanlıq vicdanının tələbidir. Rəsmi Bakı bu məsələdə mövqeyini təkcə sözlə deyil, konkret addımlarla ortaya qoyub. 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə imzalanan Birgə Bəyannamə və paraflanan sülh sazişi bu istiqamətdə mühüm hüquqi zəmin yaratdı.
Sazişin 9-cu maddəsində itkinlərin taleyinin aydınlaşdırılması, məlumat mübadiləsi və qalıqların qaytarılması üzrə birgə iş xüsusi yer alır. Üstəlik, proses yalnız sənədlərlə bitmir: 2025-ci ilin fevralından iki ölkənin dövlət komissiyaları arasında birbaşa təmaslar və məlumat mübadiləsi gedir. Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək illərlə beynəlxalq təşkilatlardan gizlədilən vətəndaşların siyahısını artıq Ermənistana təqdim edib.
Dünya da itkinlərdən soraq gözləyir
Bununla yanaşı, Azərbaycan bu məsələnin beynəlxalq səviyyədə araşdırılmasına çalışır. Oktyabrda “Bakı dialoqu” formatında keçirilən IV Beynəlxalq Konfrans bu yolda mühüm dönüş nöqtəsi oldu. Konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev azad edilmiş torpaqlarda tapılan insan qalıqlarının kimliyini müəyyənləşdirmək üçün Ermənistana DNT nümunələri verməyə hazır olduqlarını bəyan etdi. Bu, sadəcə, diplomatik jest deyil, Bakının humanitar əməkdaşlığa nə qədər açıq olduğunun real göstəricisi idi.
Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “İtkin düşmüş şəxslər” qətnaməsi BMT Baş Assambleyasının Üçüncü Komitəsində qəbul olundu. Kütləvi məzarlıqların axtarılmasını, xəritəyə salınmasını, qorunmasını və bu sahədə ölkələr arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan sənəd Bakının humanitar çağırışlarının qlobal səviyyədə dəstəkləndiyini sübut etdi.
İrəvanın sözü və özü
Bakının konkret təşəbbüsləri fonunda İrəvandan gələn son açıqlamalar zahirən nikbin görünür. İrəvanda noyabrın 19–20-də keçirilən “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” adlı konfransda baş nazir Nikol Paşinyan etiraf etdi ki, Azərbaycanla və beynəlxalq qurumlarla əməkdaşlıq olmadan itkinlərin taleyini öyrənmək mümkün deyil. Çünki sualların cavabı Ermənistanın hüdudlarından kənardadır. Daha önəmlisi, Paşinyan birgə mexanizmlərin yaradılmasını müzakirə etdiklərini də vurğuladı: “Dublində keçirilən müzakirələr kontekstində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üzrə əməkdaşlığa daha institusional xarakter verilməsi məsələsini daha ­konkret və ətraflı şəkildə nəzərdən keçiririk”.
Təhlükəsizlik Şurasının katibi Alen Simonyan isə bölgədə yeni reallıq yarandığını və bu sahədə irəliləyişin qarşılıqlı etimad yaradacağını deyib. Gözəl sözlərdir. Amma bəyanatlar kütləvi məzarlıqların yerini göstərmir, arxiv qovluqlarının tozunu silmir. Mexanizmlərdən danışmaq hələ problemi həll etmir. İrəvan 30 il işğal altında saxladığı ərazilərlə bağlı arxivləri, hərbi məlumatları və dəfn yerlərinin koordinatlarını masanın üzərinə qoymalıdır. 
Rəqəmlərin arxasında minlərlə ailənin ağrısı dayanır
Rəsmi rəqəmlər soyuq görünür, amma bu siyahıdakı hər bir rəqəmin arxasında illərdir yol gözləyən ailələrin fəryadı var. Bu gün Azərbaycan Dövlət Komissiyasında 4010 nəfər (4 004-ü Birinci, 6-sı isə İkinci Qarabağ müharibəsində olmaqla) itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Azad edilmiş torpaqlarımızda aparılan axtarışlar nəticəsində indiyədək 32 kütləvi məzarlıq tapılıb, 913 nəfərin qalıqları çıxarılıb və onlardan 328-nin kimliyi müəyyən edilib. Bununla belə, vaxtilə Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olmuş 54 azərbaycanlı əsirin taleyi hələ də qaranlıq qalır: indiyədək yalnız 17 nəfərin nəşi qaytarılıb, saxlanma yerlərində öldüyü bildirilən 33 nəfərin nəşi isə hələ də təhvil verilməyib. İrəvan bu insanların aqibəti barədə Azərbaycana dəqiq cavab verməyə borcludur. Amma susur...
Digər tərəfdə isə Ermənistanın öz rəsmi rəqəmləri dayanır. Bildirilir ki, təxminən, 1 000 nəfər itkin düşmüş sayılır (777-si 1990-cı illərdən, 191-i isə 2020-ci il müharibəsindən). Deməli, problem hər iki cəmiyyət üçün ağrılıdır. Lakin bu reallıq tərəflərin üzərinə düşən məsuliyyəti aradan qaldırmır, əksinə, qarşılıqlı məlumat mübadiləsini daha da zəruri edir.
Sülh öhdəliyi necə gerçəkləşir?
Bəli, itkin düşmüş şəxslərin axtarışı üzrə ortaq mexanizmlərin yaradılması Bakı ilə İrəvan arasında etimad körpüsü qurmaq üçün real fürsətdir. Beynəlxalq ekspertlərin iştirakı, vahid məlumat bazası, DNT nümunələrinin müqayisəsi və arxivlərin açılması bu yolda ciddi nəticələr verə bilər.
Amma bütün bunların uğuru siyasi iradədən, xüsusilə də Ermənistanın əlində olan məlumatları masanın üzərinə qoymağa nə dərəcədə hazır olmasından asılıdır. Rəsmi İrəvan 200-dən çox dəfn yerinin, o cümlədən kütləvi məzarlıqların koordinatlarını Azərbaycana verəcəyini bildirsə də, indiyədək vədinə əməl etməyib. Halbuki Ermənistanın keçmiş yüksəkvəzifəli hərbçilərindən sabiq müdafiə nazirinin müavini Qaqik Melkonyan, Samvel Babayan və digərləri itkin azərbaycanlıların dəfn yerləri barədə məlumatlı olduqlarını dəfələrlə etiraf ediblər. Buna baxmayaraq, həmin sənədlər hələ də gizli saxlanılır. Bu fakt İrəvanın əvvəllər inkar etdiyi məlumatlara əslində malik olduğunu təsdiqləyir və onun sülh ritorikasındakı səmimiyyətini ciddi sual altına qoyur.
Aydındır ki, dəfn yerlərinin açıqlanması azərbaycanlı mülki əhaliyə və hərbçilərə qarşı törədilmiş müharibə cinayətlərini də üzə çıxara bilər. Görünür, İrəvanın bu məlumatları gizlətməsinin əsas səbəblərindən biri də məhz həmin həqiqətlərin ifşa olunmasından çəkinməsidir. Lakin məsuliyyətdən yayınmaq mümkün deyil. Unutmayaq ki, sülh yalnız sərhədlərin çəkilməsi, yolların açılması və sənədlərin imzalanması demək deyil. Əsl sülh həm də müharibənin humanitar yaralarını sağaltmaq, keçmişin ağrılı suallarına cavab tapmaq və illərdir davam edən intizara son qoymaqdır.
Əgər Ermənistan həqiqətən sülh və etimad quruculuğunda maraqlıdırsa, çağırışlarını konkret əməllə təsdiqləməlidir. Çünki doğmalarından xəbər gözləyən ailələr üçün bircə real cavab istənilən siyasi bəyanatdan qat-qat qiymətlidir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ekspert rəyi
Yeganə HACIYEVA, 
Mətbuat Şurası 
İdarə Heyətinin üzvü

İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan–Ermənistan münasibətlərində humanitar məsələ olmaqla yanaşı, regional təhlükəsizlik və davamlı sülhün gələcəyi baxımından da strateji əhəmiyyət daşıyır. Bu məsələyə yalnız keçmiş münaqişənin həllini gözləyən humanitar problem kimi yanaşmaq düzgün olmazdı. Çünki itkinlərin taleyi ilə bağlı sualların cavabsız qalması iki ölkə arasında siyasi münasibətlərin normallaşmasına, qarşılıqlı etimadın formalaşmasına və cəmiyyətlərin sülh prosesinə münasibətinə birbaşa təsir göstərir.
Azərbaycanın məsələni beynəlxalq platformalarda gündəmə gətirməsi, konkret əməkdaşlıq təşəbbüsləri irəli sürməsi və DNT nümunələrinin təqdim edilməsinə hazır olduğunu bəyan etməsi ölkəmizin humanitar öhdəliklərə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyini nümayiş etdirir. Bu kontekstdə Ermənistanın üzərinə düşən məsuliyyət də aydındır: arxiv məlumatlarının, hərbi sənədlərin və mümkün kütləvi məzarlıqlara dair informasiyaların açıqlanması artıq siyasi seçim deyil, humanitar və hüquqi öhdəlikdir.
Digər tərəfdən, regional təhlükəsizlik yalnız hərbi-siyasi risklərin aradan qaldırılması ilə təmin olunmur. Davamlı təhlükəsizlik üçün dövlətlər arasında institusional əməkdaşlıq, şəffaf informasiya mübadiləsi və cəmiyyətlər arasında etimad mühiti formalaşmalıdır. İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi bu istiqamətdə real etimad mexanizmlərindən birinə çevrilə bilər.
Hesab edirəm ki, Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin uğuru tərəflərin sülh ritorikası ilə deyil, beynəlxalq hüquqa hörmət, qarşılıqlı məsuliyyət və konkret humanitar nəticələrlə ölçülməlidir. Çünki cəmiyyətlərin bir-birinə etimadı siyasi bəyanatlarla deyil, ədalətin təmin olunmasına yönələn real addımlarla formalaşır. Sülhün dayanıqlılığı da məhz bu təməldən başlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью