Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Torpağın altında gizlədilən cinayətlərin ifşa olunmaq qorxusu
Bu gün Cənubi Qafqazda sülhdən, sərhədlərin müəyyənləşməsindən və gələcək əməkdaşlıqdan çox danışılır. Beynəlxalq tribunalarda “humanitar dəyərlər”, “etimad” kimi ifadələr səsləndirilir. Amma bütün bu diplomatik pərdələrin arxasında cavabını gözləyən ağrılı bir həqiqət var. Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş 4010 azərbaycanlının taleyi niyə hələ də qaranlıq qalır?
Artıq söhbət hansısa müəmmadan getmir. Ermənistan tərəfi bu insanların basdırıldığı 204-dən çox dəfn yeri və kütləvi məzarlıq barədə məlumatlara malik olduğunu özü etiraf edib. Amma o koordinatları hələ də gizlədir. Vaxtilə Ermənistanın keçmiş müdafiə nazirinin müavini Qaqik Melkonyan, separatçıların sabiq başçılarından Samvel Babayan və digər yüksəkvəzifəli hərbçilər də o məzarların yerini bildiklərini öz dilləri ilə etiraf ediblər. Bəs bu həqiqəti onların doğmalarına deməyə nə mane olur?
Humanitar dialoq, yoxsa riyakarlıq?
Noyabrın 19–20-də İrəvanda keçirilən “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” adlı beynəlxalq konfrans bu riyakarlığı bir daha çılpaqlığı ilə ortaya qoydu. Adı “humanitar dialoq” olan bir tədbirdə 4010 azərbaycanlı itkinin adının çəkilməməsi Ermənistanın sülh və əməkdaşlıq çağırışlarının saxta olduğunu göstərdi. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanovun da vurğuladığı kimi, bu, açıq-aşkar ikili standartdır.
Onun sözlərinə görə, 30 ildən artıqdır minlərlə insanın aqibətini gizlədən bir ölkənin dünya ictimaiyyəti qarşısında özünü “itkin ailələrinin dərdinə yanan” tərəf kimi təqdim etməsi riyakarlıqdır: “Əgər İrəvanda keçirilən beynəlxalq konfrans azərbaycanlı itkinlərin taleyinə işıq salmırsa, onda bu tədbirin məqsədi nədir? Sülh təkcə masa arxasında sənədlərə imza atmaq deyil, həm də müharibənin açdığı dərin humanitar yaraları sağaltmaq, gözüyaşlı ailələrin intizarına son qoymaq deməkdir”.
Bəli, humanistlik kameralar qarşısında söylənən bəlağətli nitqlərlə yox, vicdanlı addımlarla ölçülür. Bir əllə sülh göyərçini uçurub, o biri əllə kütləvi məzarlıqların xəritəsini gizlətmək heç bir əxlaqa sığmır.
Məzarlıqlar gizlədilir?
Ermənistanın 204-dən çox dəfn yerinin koordinatlarını Azərbaycana verməkdən yayınmasının arxasında törədilən cinayətlərin ifşa olunması qorxusu dayanır. Rəsmi İrəvan bunu dilə gətirməsə də, mövcud faktların pərdəarxasında bu sükutun dörd əsas səbəbi aydın görünür.
Birinci səbəb hərbi cinayətlərin üzə çıxması qorxusudur. Kütləvi məzarlıqların açılması, sadəcə, insan qalıqlarının tapılması deyil, həm də həmin şəxslərin necə qətlə yetirildiyinin sübuta yetirilməsidir. Xocavəndin Edilli kəndində aşkarlanan məzarlıqda əlləri və ayaqları məftillə bağlanmış, başından güllələnmiş azərbaycanlı əsgərlərin qalıqları erməni faşizminin qanlı üzünü açdı. İrəvanda yaxşı bilirlər ki, torpaq qazıldıqca altından amansız işgəncələrin və edamların danılmaz sübutları çıxacaq, açılan hər yeni məzarlıq müharibə cinayətlərini sənədləşdirəcək.
İkinci səbəb birbaşa məsuliyyət zənciridir. Koordinatlar açıqlanarsa, ekspertiza və şahid ifadələri ilə konkret cinayətləri icra edənlər də, vaxtilə o qanlı əmrləri verən keçmiş hərbi və separatçı rəhbərlik də müttəhimlər kürsüsünə aparıla bilər. Bu gün İrəvanda və ya başqa yerlərdə sərbəst gəzən keçmiş "qəhrəmanlar" üçün bu, cinayət məsuliyyəti deməkdir. Məsələnin üçüncü tərəfi Ermənistanın daxilində gedən siyasi oyunlardır. Müharibə dövründə verilmiş qanunsuz qərarların yenidən gündəmə gəlməsi ölkə daxilində siyasi zəlzələlər yarada, indiki hakimiyyətlə köhnə elita arasında onsuz da gərgin olan münasibətləri daha da alovlandırar.
Görünür, bəzi dairələr keçmişin qaranlıq arxivini açmaq istəmirlər. Dördüncü və daha dəhşətli ehtimal isə dəfn yerlərinin sonradan dəyişdirilməsidir. Bəzi məzarlıqların vaxtilə qazılaraq başqa yerə köçürüldüyünə dair məlumatlar var. Əgər cinayət izlərini itirmək üçün belə bir vandalizmə əl atılıbsa, onda İrəvan təkcə ilkin koordinatları yox, həm də qalıqların hara daşındığını və bu əməliyyatı kimin apardığını etiraf etməli olacaq. Bu isə cinayətin üstünə ikinci bir cinayətin əlavə olunması deməkdir.
Mövzu ilə bağlı “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova bildirib ki, dəfn yerlərinin açıqlanması həm itkinlərin kimliyinin müəyyənləşdirilməsi, həm də mümkün müharibə cinayətlərinin sənədləşdirilməsi baxımından vacibdir. Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsi və İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya prosesdə daha fəal iştirak etməli, 2025-ci ildə paraflanmış sülh sazişinin IX maddəsinin yaratdığı hüquqi-siyasi əsasdan istifadə olunmalıdır: “Həmin maddəyə görə, tərəflər bu insanlar haqqında mövcud olan bütün məlumatları birbaşa və ya zərurət olduqda beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində mübadilə etməlidir. Yəni 204 məzarlığın yerini nəticəsinin nə olacağından asılı olmayaraq ölkəmizə təqdim etməsidir”.
Şübhəsiz ki, məlumatların hansı mexanizmlə verilməsi kimi texniki və hüquqi bəhanələr prosesi uzadır. Amma heç bir siyasi mübahisə illərdir övladının yolunu gözləyən bir ananın həqiqəti bilmək haqqından üstün ola bilməz.
Siyasi iradə qıtlığı
Hadisələrin sonrakı gedişi göstərir ki, məlumat mübadiləsi texniki baxımdan tam mümkündür. Məsələn, 2026-cı il oktyabrın 8-də “Reuters” agentliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə itkinlərin axtarışı üzrə əməkdaşlığın intensivləşdirilməsini müzakirə etdiyini yazıb.
Məlumatda qeyd edilirdi ki, Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürüldüyü ehtimal edilən 834 nəfərin siyahısını qarşı tərəfə təqdim edib, onlardan 104-ü barədə əlavə məlumat verib. Agentliyin materialındakı digər mühüm detalda isə İrəvanın 2026-cı ilin yanvarında itkin düşmüş 50 etnik erməni ilə bağlı DNT profillərini Azərbaycanla bölüşdüyü bildirilirdi. Bu fakt sübut edir ki, əməkdaşlıq üçün praktiki mexanizmlər işləkdir.
Deməli, eyni yanaşmanın 4010 azərbaycanlı itkinin taleyinə və 204-dən çox dəfn yerinin koordinatlarına tətbiq edilməsinə yeganə maneə siyasi iradənin yoxluğudur. Əslində, itkin düşmüş şəxslərin taleyinin araşdırılması sülh prosesində qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün vacib fürsətlərdən biridir. Belə addımlar təkcə itkinlərin yaxınları üçün deyil, bütövlükdə, cəmiyyətlər arasındakı münasibətlərin yumşalması baxımından da böyük əhəmiyyət daşıyır.
Bunun üçün isə insan taleləri siyasi mübahisələrin girovuna çevrilməməlidir. Bununla bağlı türkiyəli siyasi ekspert Güngör Yavuzaslan deyib: “Etimadın formalaşması üçün, ilk növbədə, Ermənistan tərəfinin təqdim etməyə hazır olduğunu bildirdiyi 204 məzarlığın koordinatları paylaşılmalı, Azərbaycan tərəfindən verilən siyahılar və şahid ifadələri araşdırılmalı, əldə olunan nəticələr qarşı tərəfə çatdırılmalıdır. Birgə axtarış və ekshumasiya tədbirlərinin həyata keçirilməsi də bu prosesin mühüm tərkib hissəsidir!”.
Bu məsələdə zaman amili xüsusilə kritikdir. İllər ötdükcə şahidlər həyatdan köçür, yaddaş zəifləyir, sənədlər itir və torpaq öz sirrini daha dərinə gömür. Hər gecikmə anaların və ailələrin gözləntisini uzatmaqla yanaşı, həqiqətin üzə çıxarılması imkanlarını da tükəndirir.
Unutmayaq ki, sülh keçmişin üstündən xətt çəkmək deyil. Sülh itkinlərin taleyini müəyyənləşdirmək, qalıqları ailələrinə qaytarmaq və gələcək nəsillərin eyni faciələrlə üzləşməməsi üçün həqiqətləri üzə çıxarmaqdır.
Pünhan ƏFƏNDİYEV
XQ