İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir

31.08.2026

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Dünyanın müxtəlif bölgələrində tarixən mövcud olan münaqişələr zaman-zaman həllini tapıb, bir-birinə düşmən kəsilən tərəflər arasında normal münasibətlər qurulsa da, lakin münaqişənin vurduğu ziyan, xüsusilə insan həyatında buraxdığı acılar illər, hətta əsrlər davam edir. Bir vaxtlar İkinci Dünya Müharibəsində Hitler Almaniyasına qarşı döyüşən, lakin sonradan taleyindən xəbərüsiz olduğumuz ata-babalarımızı axtarırdıqsa, ən yeni tariximizdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində meydana gələn Qarabağ münaqişəsində itkin düşmüş qəhrəman oğul və qızlarımızın axtarışındayıq. 30 avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə bu problemin aktuallığı bir daha gündəmə gəlir. Necə ki, uzaq tarixdə olduğu kimi bu gün də illər keçir, nəsillər dəyişir, amma minlərlə ailə üçün həsrət bitmir. Onların dilində hələ də bir sual öz cavabını gözləyir: “Mənim doğmam haradadır?”
Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü Azərbaycan üçün xüsusilə həssasdır və ağrılı məna daşıyır. Çünki Ermənistan–Azərbaycan münaqişəsinin ağır nəticələrindən biri də minlərlə insanın taleyinin naməlum qalmasıdır. Bu gün də Azərbaycan ailələri öz doğmalarının taleyindən xəbər gözləyir. Beynəlxalq Qızıl Xaç Komitəsinin son məlumatlarında Azərbaycanda Qarabağ münaqişəsi ilə bağlı təxminən 4 min itkin şəxsin işi qeydə alındığı bildirilir. Bu rəqəm statistik göstərici olsa da, onun arxasında minlərlə insan taleyi, minlərlə ailənin illərlə davam edən gözləntisi və həsrəti dayanır.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bir çox məsələlərdə olduğu kimi Azərbaycan itkinlərinin taleyi ilə bağlı məsələdə də beynəlxalq ictimaiyyətin dəstəyini ölkə olaraq yetərli qədər hiss etməmiş, görməmişik. Bir qayda olaraq ölkələr arasında müharibə başa çatdıqdan sonra beynəlxalq təşkilatlar müharibə dövründə girov götürülmüş, yaxud itkin düşmüş şəxslərin azad edilməsi, onların tapılıb öz ailələrinə qaytarılması istiqamətində hərəkətə keçir, bu məsələni diqqətdə saxlayırlar. Ən əsası məğlub tərəfdən girov götürdüyü, itkin kimi qeydiyyata düşən şəxslərin taleyinə aydınlıq gətirilməsini tələb edirlər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müvafiq beynəlxalq təşkilatlar tərəfindən Qarabağ münaqişəsinin başa çatdığı ötən 6 il ərzində Ermənistana qarşı eyni davranışı müşahidə edə bilməmişik ki, bu da insan taleyinə olan biganəliyi ortaya qoyur. Halbuki bu istiqamətdə beynəlxalq səylərin gücləndirilməsinə ciddi ehtiyac var. Necə ki, ermənilər Qarabağı könüllü şəkildə, burunları qanamadan tərk edib gedəndə bəzi insan haqları təşkilatları ayaqlanmış, Azərbaycanı əsassı olaraq ittiham etməyə başlamışdılar, eyni münasibəti dövlət olaraq müharibədən sonrakı dövrdə Ermənistana qarşı sərgiləməyi də istəyirik.
Qarabağ münaqişəsinin ağır mərhələsindən artıq 30 ildən çox vaxt keçib. Bu müddət ərzində çoxsaylı ailələr yaşlanıb. Bəziləri dünyasını dəyişib və övladlarının, həyat yoldaşlarının və ya valideynlərinin taleyini öyrənə bilməyib. Bu fakt məsələnin nə qədər ciddi, eyni zamanda təxirəsalınmaz olduğunu göstərir. Beynəlxalq Qızıl Xaç Komitəsi 2025-ci ildə dərc etdiyi materialında qeyd edib ki, Azərbaycanda itkin şəxslərin ailələri 30 ildən artıqdır doğmalarının taleyi ilə bağlı cavab gözləyirlər. Bu, bir daha göstərir ki, məsələ təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir. Ona görə də itkinlərin taleyinin müəyyənləşdirilməsinə siyasi prizmadan yox, məhz humanitar problem aspektindən yanaşmaq lazımdır. Çünki beynəlxalq humanitar hüququn yanaşmasına görə, silahlı münaqişə tərəfləri itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək üçün mümkün olan bütün tədbirləri görməlidirlər. Lakin Ermənistan tərəfinin bu günə qədər beynəlxalq hüququn yanaşmasına diqqət yetirməməsi itkinlərin taleyini naməlum edir.
Ona görə də bu gün beynəlxalq ictimaiyyətin və aidiyyəti beynəlxalq qurumların qarşısında mühüm vəzifə dayanır. itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsinə siyasi konyunkturadan kənar, obyektiv və prinsipial yanaşmaq zəruridir. Çünki insanın taleyinin müəyyənləşdirilməsi üçün onun hansı tərəfin vətəndaşı olmasından, hansı siyasi mövqeyə malik olmasından və ya hansı hadisələr zamanı itkin düşməsindən asılı olmayaraq eyni humanitar standartlar tətbiq edilməlidir.
Onu da qeyd etmək lazımdır ki. son illərdə itkin şəxslərin taleyinin müəyyənləşdirilməsində mühüm elmi və texniki imkanlar yaranıb. DNT analizləri, məhkəmə-tibbi ekspertiza, antropoloji araşdırmalar, arxiv materiallarının müqayisəsi və peyk məlumatları kimi vasitələr keçmişdə nəticəsiz qalan axtarışların yenidən aparılmasına imkan verir. Ərazilərimizin işğaldan azad edilməsindən sonra aşkarlanan kütləvi məzarlıqlar bir çox vətəndaşımızın erməni vəhşiliyinin qurbanı olduğunu üzə çıxarıb və onlar DNT analizləri nəticəsində ailələrinə təhvil verilərək dəfn olunublar. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, təşkilat Azərbaycan qurumları ilə əməkdaşlıq çərçivəsində insan qalıqlarının axtarılması və identifikasiyasına dəstək verib. Altı məzarlıqla bağlı pilot layihələrdə qazıntı, məhkəmə-tibbi araşdırma, DNT uyğunlaşdırılması və qalıqların ailələrə təhvil verilməsi proseslərinə texniki dəstək göstərilib. Bu proses kifayət qədər mürəkkəb olduğu üçün burada da beynəlxalq əməkdaşlıq və dəstək olduqca vacibdir.
Ən vacibi isə tarixən başımıza gətirilən bu cür müsibətlər, işğallar və nəticədə minlərlə insanımızın qətlə yetirilməsi, itkin düşməsini unutmamalıyıq. Tarix keçsə, zaman dəyişsə də, keçmiş unudulmamalıdır. Yaxın tarixmizdə başımıza gələnlər məhz uzaq tarixdə yaşadıqlarımızı unutduğumuzdan qaynaqlanırdı. Unutqanlıq, biganəlik gələcəkdə anoloji hadisələrlə qarşılaşmağımıza yol aça bilər.
İlham İsmayılov,
ATXƏM sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью