IV Qlobal Media Forumu yeni informasiya nizamına baxışın ifadəsi

13.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Şuşa artıq Azərbaycanın tarixi və mədəni irsinin rəmzi olmaqla yanaşı beynəlxalq əhəmiyyətli siyasi dialoqların və qlobal müzakirələrin keçirildiyi nüfuzlu məkana yüksəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin tarixi simasını yenidən canlandırıb, mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaradıb. Türk Dövlətləri Təşkilatının Zirvə görüşü, beynəlxalq konfranslar və hər il daha geniş iştirakçı auditoriyası toplayan Qlobal Media Forumları Şuşanın artan beynəlxalq nüfuzunun və Azərbaycanın dialoq təşəbbüslərinin parlaq ifadəsidir. IV Qlobal Media Forumu da bu uğurlu ənənənin davamı olaraq yeni informasiya mühitinin çağırışlarını, media qarşısında duran vəzifələri və qlobal əməkdaşlıq imkanlarını diqqət mərkəzinə çıxardı.
Müasir dövrdə informasiya təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Süni intellekt texnologiyalarının sürətli inkişafı, dezinformasiyanın geniş yayılması və rəqəmsal medianın artan təsiri jurnalistika qarşısında yeni vəzifələr müəyyənləşdirir. Məhz bu baxımdan Şuşada keçirilən IV Qlobal Media Forumu müxtəlif ölkələrdən media rəhbərlərini, jurnalistləri, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək fikir mübadiləsi üçün mühüm platforma yaratdı.

Forum çərçivəsində rəqəmsal transformasiya, süni intellektin media sahəsinə təsiri, dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyi, peşəkar jurnalistikanın gələcəyi və etibarlı informasiya mühitinin qorunması geniş müzakirə olundu. Səsləndirilən fikirlər göstərdi ki, informasiya məkanında yaranan çağırışlar artıq qlobal xarakter daşıyır və onların həlli beynəlxalq əməkdaşlıq tələb edir.
Forumun əsas diqqət mərkəzində Prezident İlham Əliyevin çıxışı və iştirakçılarla səmimi dialoqu dayandı. Dövlət başçısı regional və beynəlxalq proseslər, Cənubi Qafqazda formalaşan yeni reallıqlar, Azərbaycanın sülh gündəliyi, enerji və nəqliyyat layihələri, xarici siyasətin əsas istiqamətləri barədə ətraflı fikirlərini bölüşdü. İştirakçıların suallarına verilən açıq və dolğun cavablar Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya birbaşa çatdırdı.

Prezident İlham Əliyev vurğuladı ki, dəyişən geosiyasi şəraitdə qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və beynəlxalq hüququn prinsipləri sabitliyin əsas şərtləridir. İnformasiya məkanında obyektivliyin qorunması, saxta məlumatlara qarşı mübarizə və peşəkar jurnalistikanın gücləndirilməsi qlobal əhəmiyyət daşıyan məsələlər sırasında xüsusi yer tutur. IV Qlobal Media Forumu bir daha göstərdi ki, Şuşa beynəlxalq dialoq və fikir mübadiləsinin nüfuzlu ünvanlarından biridir. Burada keçirilən müzakirələr media sahəsində əməkdaşlığın genişlənməsinə, etibarlı informasiya mühitinin möhkəmlənməsinə və həqiqətə əsaslanan jurnalistikanın təşviqinə mühüm töhfə verdi. Forumdan verilən mesajlar yeni informasiya nizamının formalaşmasında açıq dialoqun, peşəkarlığın və qarşılıqlı etimadın əsas amillər olduğunu bir daha təsdiqlədi. 
Beləliklə, IV Qlobal Media Forumu Şuşadan dünyaya mühüm siyasi və strateji mesajlar verdi. Prezident İlham Əliyevin proqram xarakterli çıxışı və forum iştirakçıları ilə apardığı açıq dialoq Azərbaycanın regional və qlobal proseslərə yanaşmasını, milli maraqlara əsaslanan prinsipial mövqeyini beynəlxalq ictimaiyyətə bir daha çatdırdı. Bəşəriyyəti narahat edən qlobal çağırışlar ətrafında aparılan müzakirələr informasiya təhlükəsizliyi, həqiqətin müdafiəsi və beynəlxalq əməkdaşlığın əhəmiyyətini ön plana çıxardı. Forum Azərbaycanın qlobal dialoqa verdiyi töhfəni və Şuşanın beynəlxalq siyasi müzakirələrin aparıldığı nüfuzlu platforma kimi mövqeyini bir daha təsdiqlədi.

Subut Əsədov,
siyasi şərhçi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью