Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycana böyük üstünlüklər qazandırır
Hörmüz boğazının bağlanması ölkəmizin ixrac imkanlarına fiziki olaraq heç bir təsir göstərmir
Təchizat yollarına yaranan təhdidlər son vaxtlarda Yaxın Şərqdə və Şərqi Avropada uzanan müharibələrin ən ağır fəsadları sırasında yer alır. Xüsusilə də ABŞ-İran müharibəsindən əvvəlki mərhələdə qlobal enerji təchizatının təxminən 20 faizini təmin edən Hörmüz boğazı ətrafında yaranan qeyri-müəyyənlik bütün dünyanı ciddi sınaq qarşısında qoyub. İranla Oman arasında yerləşən və Oman körfəzinə, eləcə də Ərəbistan dənizinə çıxış yaradan dar boğazın bağlanması ilk növbədə Səudiyyə Ərəbistanı, İraq, Küveyt, İran, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi Körfəz ölkələrinin enerji ixracına birbaşa zərbə vurur.
Quruda və dənizdə zəngin resurslara malik olan Azərbaycan isə dünya üçün indiki kritik dönəmdə özünün enerji məhsullarının ixracında hər hansı bir çətinliklə üzləşmir. Bunun ən mühüm səbəbi isə Azərbaycanın strateji yanaşma sərgiləməklə şaxələndirilmiş neft-qaz ixracı marşrutları yaratmağa nail olmasıdır. Zamanında bunu etmək asan deyildi. Ölkəmizə müxtəlif mərkəzlərdən təzyiqlər göstərilirdi. Ancaq Azərbaycan əvvəlki mərhələdə Ulu Öndər Heydər Əliyevin, sonrakı mərhələdə isə Prezident İlham Əliyevin uzaqgörən diplomatiya və siyasi qətiyyət sərgiləmələri sayəsində təzyiqləri dəf etməyə və özünün optimal seçiminə, strateji maraqlarına cavab verən müasir nəql marşrutları qurmağa nail oldu.
Əlbəttə ki, burada yenə də Azərbaycan dövlətinin fəal səyləri ilə region ölkələrinin, eləcə də ABŞ, Böyük Britaniya kimi dövlətlərin siyasi və texniki dəstəyi ilə beynəlxalq komandanın formalaşmasının böyük önəmini xüsusi vurğulamaq lazımdır. Digər bir mühüm məqam isə ondan ibarətdir ki, zamanında Azərbaycanın strateji yanaşma sərgiləməklə yaratdığı müasir nəql marşrutu bu gün həm də Mərkəzi Asiya regionunda yerləşən dost ölkələr üçün geniş ixrac imkanları təqdim edir.
Azərbaycan nefti üç marşrutla təhlükəsiz şəkildə dünya bazarlarına çıxarılır
Ayrı-ayrı təchizat yollarının təhdid altında qaldığı bir vaxtda Azərbaycan nefti üç marşrutla dünya bazarlarına çıxarılır. Ölkəmizin əsas neft ixrac marşrutu Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməridir. BTC əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müasir enerji strategiyasının ən mühüm nailiyyətlərindən biridir. Təsadüfi deyildir ki, boru kəməri onun ideya müəllifi olan və layihənin həyata vəsiqə almasında böyük səy göstərən Ulu Öndərin adını daşıyır. Bu boru kəməri Xəzər regionunu Qara dəniz hövzəsi vasitəsilə Aralıq dənizi ilə birləşdirən strateji enerji dəhlizi formalaşdırıb və Xəzərin enerji resurslarının beynəlxalq bazarlara çıxış modelini əsaslı şəkildə dəyişib. “Üç dənizin əfsanəsi” də adlandırılan kəmər Azərbaycanın 13 rayonundan (443 kilometr), Gürcüstanın 7 bölgəsindən (249) və Türkiyənin 9 rayonundan (1076) keçir. Kəmərin bir sıra böyük yerüstü qurğuları, o cümlədən 8 nasos stansiyası var. Səngəçaldakı baş nasos stansiyasından sonra ikinci stansiya yenə də Azərbaycanın ərazisində - Yevlaxda yerləşir. İki stansiya Gürcüstanda, dördü isə Türkiyədədir.
BTC-nin ötürücülük qabiliyyəti gündəlik 1,2 milyon bareldir. Kəmər Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Aralıq dənizindəki Ceyhan limanına çıxır. İstismara verildiyi tarixdən ötən 20 il ərzində Bakı-Tbilisi-Ceyhan vasitəsilə 560 milyon tondan çox Azərbaycan mənşəli neft və kondensat ixrac olunub. 1768 kilometr uzunluğunda olan BTC 2006-cı ilin iyun ayında istismara veriləndən cari ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə tranzit daşımaları da daxil olmaqla, ümumilikdə, təqribən 631 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6276 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Bundan başqa, Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri də Azərbaycanın neft ixrac infrastrukturunun tərkib hissəsidir. Bu marşrutların əsas üstünlüyü onların Hörmüz boğazından yan keçməsidir. Buna görə də boğazın bağlanması Azərbaycan neftinin ixrac üçün fiziki olaraq həmin keçiddən keçə bilməməsi problemini yaratmır. BTC Azərbaycan neftini birbaşa Aralıq dənizinə çıxarır.
BTC-nin istismarının bp-dən SOCAR-a keçirilməsi ölkəmiz üçün strateji önəm daşıyır
Bakı-Tbilisi-Ceyhan Şirkəti (BTC Co) elan edib ki, 1 iyul 2026-cı il tarixindən Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin operatorluğu “BP Exploration (Caspian Sea) Limited” (bp) şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə (SMO) keçir. BTC-nin istismarının bp-dən SOCAR-a keçirilməsi ölkəmiz üçün strateji önəm daşıyır.
bp-dən verilən məlumata görə, operatorluğun ötürülməsi BTC boru kəmərinin Azərbaycan, Gürcüstan və Türkiyə hissəsini əhatə edir. Bundan əlavə, BTC boru kəməri ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi, habelə həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar bp tərəfindən icra olunan ümumi fəaliyyətlərin operatorluğu da SMO şirkətinə keçir.
“Operatorluğun ötürülməsi BTC layihəsinin əsasını təşkil edən və yekun hazırlıq qərarının bir hissəsi kimi qəbul edilmiş müvafiq sazişlərə əsaslanır. Ötürülmə Səngəçal terminalının ərazisində yerləşən obyektlər istisna olmaqla, hər üç ölkədəki bütün ayrıca BTC obyektlərini və fəaliyyətləri, eləcə də BTC/CQBK-yə aid ümumi fəaliyyətləri əhatə edir”, - deyə məlumatda qeyd olunub.
Səngəçal terminalının operatorluğu isə dəyişməz qalır - bp bu obyektin operatorluğunu icra etməkdə davam edəcək. BTC Co. şirkətinin səhmdarlıq strukturu da dəyişməyəcək.
SOCAR-ın prezidenti Rövşən Nəcəfin sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycanın uzaqgörən enerji strategiyasının, möhkəm beynəlxalq tərəfdaşlıqların və uzunmüddətli əməkdaşlıq öhdəliyinə birgə sadiqliyinin davamlı göstəricisidir. “Ötən iyirmi il ərzində BTC Azərbaycanın davamlı inkişafına mühüm töhfə verib, regional əməkdaşlığı gücləndirib və qlobal enerji təhlükəsizliyini artırıb. BTC-nin operatorluğunun BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemlərinin ümumi operatorluğu ilə birgə SOCAR-a ötürülməsi şirkətin dünya səviyyəli enerji infrastrukturunun idarə edilməsində artan təcrübəsini əks etdirən mühüm mərhələdir. SOCAR bu strateji enerji dəhlizinin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyətini təmin etmək öhdəliyinə tam sadiq qalaraq onun regional və qlobal enerji təhlükəsizliyinə töhfəsini daha da gücləndirəcək”, - deyə Rövşən Nəcəf vurğulayıb.
Bundan əvvəl, müvafiq sazişlərə uyğun olaraq, 8 iyun 2026-cı il tarixindən Qərb İxrac Boru Kəmərinin (QİBK) Azərbaycan və Gürcüstan ərazilərindəki obyektləri Azərbaycan (SMO) və Gürcüstan (Gürcüstan Neft və Qaz Korporasiyası - GOGC) hökumətləri adından çıxış edən qurumlara geri təhvil verilib.
BTC-nin yaratdığı geniş tranzit imkanları
BTC regional əməkdaşlığın və etibarlı beynəlxalq tərəfdaşlığın rəmzi kimi də xüsusi əhəmiyyət daşıyır. Belə ki, layihənin dəyəri yalnız daşınan neft həcmləri ilə ölçülmür, eyni zamanda region ölkələri, şirkətlər və xalqlar arasında formalaşdırdığı etimad, əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıq münasibətlərində də öz əksini tapır.
BTC əlbəttə ki, ilk növbədə Azərbaycan neftinin təhlükəsiz şəkildə dünya bazarlarına çıxarılması üçün inşa olunub. Lakin BTC Azərbaycan üçün həm də geniş tranzit imkanları açıb. Hazırda Xəzərin digər sahillərində yerləşən dost ölkələr də ondan faydalanırlar. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. Dəhliz formalaşandan sonra əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır. Bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən, logistika imkanlarından tam şəkildə istifadə edir”.
Bu ilin yanvar-iyul aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə 14 milyon 773,2 min ton neft nəql edilib. Bəhs olunan dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini və ya 12 milyon 154,7 min tonunu Azərbaycanda hasil edilən neft, 17,7 faizini və ya 2 milyon 618,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Avropanın çox mühüm təchizat marşrutu - Cənub Qaz Dəhlizi
Mavi Xəzərin Azərbaycan sektoru neftlə bərabər, qaz ehtiyatları ilə də zəngindir. Ölkəmizin enerji strategiyasının ikinci mərhələsi də məhz nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan qazını xarici istehlakçılara çatdırmaq üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın bu kəmərlə ixracına başlanıb. Bununla da Azərbaycan özünü dünyada həm də mavi yanacaq ölkəsi kimi təsdiqləməyə başlayıb.
Lakin “Şahdəniz” və digər yataqların zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Beləliklə, respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi olub.
Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Bu gün Avropanın çox mühüm təchizat marşrutu sayılan Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. TAP İtaliyaya qədər uzanır. Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən Azərbaycan Türkiyə və Gürcüstandan əlavə, hazırda Avropanın 12 ölkəsinin də mavi yanacaq təchizatında mühüm rol oynayır. Energetika Nazirliyinin məlumatına görə, ötən il Azərbaycanın qaz ixracı 25,2 milyard kubmetr təşkil edərək 2024-cü ildəki səviyyə ilə eyni qalıb. Qaz ixracının 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə, 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.
Hazırda Azərbaycan Avropa İttifaqı ölkələrinə təbii qaz tədarükünü genişləndirməklə bağlı danışıqları davam etdirir. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda sualları cavablandırarkən ölkəmizin ixrac hədəflərinə diqqət çəkərək vurğulayıb: “Biz bu ildən Avstriya və Almaniyaya qaz ixracına başlamışıq. Bu, bizim ümumi strategiyamızın tərkib hissəsidir ki, Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirək. Avropa bazarı premium bazardır, ən yaxşı qiymətlər ordadır və təbii ki, biz orada öz imkanlarımızı genişləndirməkdə maraqlıyıq. Bəli, biz artıq 16 ölkəyə boru kəmərləri ilə qaz nəql edirik. Bu baxımdan bu göstərici üzrə biz dünyada birinci yerdəyik və bu imkanlar genişləndiriləcək”.
Mübariz ABDULLAYEV