Icma.az, 525.az saytına istinadən bildirir.
Sentyabrın 1-dən etibarən ölkədə mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı yaranan daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Bu güzəşt dəmir yolu, hava və dəniz nəqliyyatı, eləcə də Azərbaycanda qeydiyyatda olan avtomobillərlə həyata keçirilən daşımalar üçün nəzərdə tutulub. Xaricdə qeydiyyatda olan avtomobillərdən istifadə zamanı isə dövlət dəstəyi 50 faizədək olacaq. Lakin kompensasiyanın məbləği müəyyən hədlərlə məhdudlaşdırılacaq. Avtomobil, dəmir yolu və hava nəqliyyatı ilə daşınmalarda dəstək ixrac olunan məhsulun gömrük dəyərinin 15 faizindən, dəniz daşımalarında isə 5 faizindən çox ola bilməyəcək. Yeni mexanizm Naxçıvanda istehsal olunan qeyri-neft-qaz məhsullarına da şamil ediləcək. Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması zamanı çəkilən xərclərin 70 faizədək hissəsi dövlət tərəfindən kompensasiya olunacaq.
Bundan başqa, mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi üzrə yığımların bir hissəsi də dövlət büdcəsi hesabına kompensasiya olunacaq. Kompensasiyanın məbləği məhsulun növündən, ixrac edildiyi ölkədən və müəyyən edilmiş yuxarı həddən asılı olacaq. Yeni güzəştlər 10 il müddətində tətbiq ediləcək.
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanın ixracı bir neçə tranzit ölkənin ərazisindən keçdiyi üçün əlavə rüsumlar, sərhəddə gözləmələr və digər bürokratik maneələrlə üzləşir ki, bu da logistika xərclərini əhəmiyyətli dərəcədə artırır. Hazırda Azərbaycan sahibkarlarının qeyri-neft ixracında əsas hədəf bazarı MDB ölkələridir. Mövcud dəmir yolu əlaqələri bu bazarlara çıxışı qismən asanlaşdırsa da, daha uzaq və gəlirli bazarlara çıxış yüksək logistika xərcləri səbəbindən çətinləşir. Yerli istehsalın maya dəyərinə logistika xərcləri ciddi təsir göstərir. Azərbaycanın əsas təbii xammalı neft və qaz olduğundan, qeyri-neft sektoru üçün zəruri metallar, meşə sənayesi məhsulları, tikinti materiallarının böyük hissəsi, eləcə də kənd təsərrüfatında istifadə olunan gübrə və dərman vasitələri xaricdən idxal edilir. Nəticədə istehsalçılar həm xammalı ölkəyə gətirərkən, həm də hazır məhsulu ixrac edərkən logistika xərcləri ilə üzləşirlər. Ölkədə ixracyönümlü iqtisadiyyatın formalaşmasına mane olan əsas amillərdən biri də məhz yüksək daşınma xərcləridir.
İqtisadçı hesab edir ki, dövlətin logistika xərclərinin 70 faizədək hissəsini subsidiyalaşdırması ixracın stimullaşdırılması istiqamətində mühüm addımdır: "Bununla belə, fərmanın tətbiqi üçün məhsul siyahılarının, hədəf ölkələrin və digər icra mexanizmlərinin hazırlanması müəyyən vaxt tələb etdiyindən onun real iqtisadi təsirləri daha çox 2027-ci ildən hiss olunacaq. Bu müddətdə sahibkarların yeni bazarlar tapması, potensial müştərilərlə əməkdaşlıq qurması və ixrac prosesinə uyğunlaşması gözlənilir. Yeni dəstək mexanizminin tətbiqi nəticəsində 2027-ci ildən etibarən Azərbaycanın qeyri-neft ixracında həm yeni bazarlar, həm də yeni məhsul növləri üzrə artım müşahidə olunacaq".
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, məhsulun qlobal bazarlarda rəqabət qabiliyyətinə təsir edən əsas amillərdən biri qiymətdir. Xüsusilə ABŞ-İsrail-İran münaqişəsindən sonra bahalaşan neft və yanacaq qiymətləri məhsulların xarici bazarlara çıxarılması üçün logistika və nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə artırıb ki, bu da rəqabət qabiliyyətinə təsir göstərir: "Alıcılıq gücünün mövcud şərtlər daxilində zəifləməsinə səbəb olan amillər də nəzərə alınmalıdır. Xüsusilə qiymət elastikliyi yüksək olan məhsullarda bu amillər tələbi əhəmiyyətli dərəcədə azaldır və şirkətlərin bazardakı mövqeyini zəiflədir. Bu baxımdan, xərclərin kompensasiyası ilə bağlı mexanizmin tətbiqi, əlbəttə ki, nəzəri baxımdan şirkətlərin öz məhsullarını xarici bazarlarda daha münasib qiymətə təklif etməsinə imkan yaradır və dolayı yolla onların rəqabət qabiliyyətini dəstəkləyir. Düşünürəm ki, Azərbaycanın ixrac etdiyi məhsulların qiymət elastikliyi nisbətən zəifdir. Çünki bu məhsulların böyük əksəriyyəti kimya, qida, xüsusilə aqrar və mədən sənayesi məhsullarıdır. Bu məhsullar üzrə xarici bazarlarda, xüsusilə qiymət baxımından, rəqabət ciddi problem deyil. Yəni burada qiymət elastikliyi aşağıdır. Ona görə də bu məhsullar üzrə müvafiq mexanizmin ciddi əlavə dəyər yaratması və effektiv təşviq alətinə çevrilməsi imkanları məhduddur. Amma buna baxmayaraq, təbii ki, kiçik təsərrüfatlara, kiçik ixracatçılara və bir sıra məhsulların ixracatçılarına münasibətdə bu mexanizm müəyyən qədər xərcləri optimallaşdıracaq və mənfəət normasının optimallaşdırılması hesabına prosesi təşviq edə bilər. Amma burada əsas məsələ rəqabətli və ixrac qabiliyyətli məhsullar istehsal edən iqtisadi mühitin formalaşdırılmasıdır. Bu, hakimiyyətin qarşısında duran əsas çağırışlardan biridir. Bu istiqamətdə daha ciddi təşəbbüslərin həyata keçirilməsi və xüsusilə xarici investisiyanın bu prosesə fəal cəlb edilməsi vacibdir. Çünki xarici investisiyaya yalnız pul kimi baxmaq doğru deyil. Təbii ki, bu özü də indiki şərtlər daxilində əhəmiyyətlidir. Amma eyni zamanda, xarici investisiya ilə birlikdə müasir təcrübənin, innovasiyanın və xarici bazarlara çıxış təcrübəsinin ölkəyə gətirilməsi, dolayısı ilə də ölkədə istehsal olunan məhsulların xarici bazarlara çıxarılması üçün daha əlverişli şəraitin formalaşdırılması vacibdir. Eyni zamanda, ölkə daxilində rəqabətin artırılması, bunun yerli sənayenin inkişafına təkan verməsi və keyfiyyətin artırılması istiqamətində təşəbbüslərin genişləndirilməsi dəstəklənməli, bu məsələlər gündəmdə saxlanılmalı və bu istiqamətdə ciddi addımlar atılmalıdır. Əks halda, müvafiq mexanizmin çox böyük faydaları olmaya bilər. Bunu dəstəkləyən yerli istehsal olmalıdır".
İqtisadçı ekspert Asif İbrahimovun dediyinə görə, Prezident tərəfindən imzalanan və qeyri-neft-qaz məhsullarının ixracı zamanı daşınma xərclərinin subsidiyalaşdırılmasını nəzərdə tutan fərman ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində mühüm addımdır: "Nəqliyyat xərclərinin 50-70 faizinin dövlət tərəfindən qarşılanması ixracatçıların logistika yükünü azaltmaqla yerli məhsulların beynəlxalq bazarlarda qiymət baxımından rəqabət qabiliyyətini artıracaq. Lakin sahibkarların uzunmüddətli perspektivdə dövlət dəstəyindən asılı vəziyyətdə qalmaması vacibdir. Elə dayanıqlı iqtisadi mühit formalaşdırılmalıdır ki, gələcəkdə subsidiya mexanizmi dayandırılsa belə, ixracatçılar fəaliyyətlərini problemsiz davam etdirə bilsinlər. Logistika xərcləri xüsusilə kənd təsərrüfatı və qida sənayesində əsas xərc elementlərindən biridir. Daşınma xərclərinin azalması istehsalçıların yeni bazarlara çıxışını asanlaşdıracaq, ixrac əməliyyatlarının rentabelliyini yüksəldəcək və sahibkarları daha uzaq bazarlara yönəlməyə həvəsləndirəcək. Prezidentin müəyyən etdiyi strateji hədəflər müasir tələblərə cavab versə də, bəzi sahələrdə, xüsusilə kənd təsərrüfatı və rəqəmsal transformasiya istiqamətlərində icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var".
Millət vəkili Vüqar Bayramov bildirib ki, burada əsas məqsəd sahibkarların, xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha yaxından dəstəklənməsidir. Eyni zamanda qeyri-neft və qaz ixracının artırılması da əsas hədəflərdəndir: "Çünki əsas məqsədlərdən biri ümumi ixracda qeyri-neft və qaz sektorunun payının artırılmasına nail olmaqdır. Sentyabrın 1-dən tətbiq ediləcək yeni güzəşt mexanizmlərinin və təşviq alətlərinin Azərbaycanın qeyri-neft və qaz ixracının mərhələli şəkildə daha çox artmasına gətirib çıxaracağı gözlənilir".
Sevinc QARAYEVA