İxtisara düşən dövlət işçilərinin aqibəti necə olacaq? VACİB AÇIQLAMA KONKRET

23.11.2026

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“Dövlət sektorunda aparılan struktur islahatları nəticəsində müəyyən sayda işçinin ixtisara düşməsi əmək bazarı üçün həm risklər, həm də yeni imkanlar yarada bilər. Dövlət sektorundan ayrılan şəxslərin özəl sektorda iş tapması prinsip etibarilə realdır. Lakin bunu bütün işçilər üçün eyni dərəcədə mümkün hesab etmək olmaz. Çünki dövlət sektorunda uzun müddət çalışan şəxslərin bir qismi özəl sektorun tələb etdiyi bacarıqlara, iş tempinə və əmək münasibətlərinə uyğunlaşmaqda çətinlik çəkə bilər. Xüsusilə inzibati vəzifələrdə çalışmış, konkret dövlət idarəçiliyi təcrübəsi olan işçilərin özəl sektorda uyğun iş tapması müəyyən vaxt tələb edəcək”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib.

“Digər tərəfdən, özəl sektorun bu işçi axınını tam şəkildə qəbul etmək imkanları da məhdud ola bilər. Çünki özəl sektorda yeni iş yerlərinin yaradılması yalnız işçi qüvvəsinin mövcudluğu ilə deyil, iqtisadi artım, sahibkarlıq fəallığı, investisiyalar, daxili tələbat və biznes mühitindən asılıdır. Əgər iqtisadiyyatda yeni müəssisələr yaranmırsa, mövcud bizneslər genişlənmirsə, dövlət sektorundan azad olunan işçilərin hamısının özəl sektorda işlə təmin olunacağını gözləmək düzgün olmaz. Üstəlik, özəl sektor daha çox konkret peşə bacarıqlarına, rəqəmsal biliklərə və nəticəyönümlü fəaliyyət qabiliyyətinə üstünlük verir.

Burada əsas məsələ dövlət sektorunda ixtisarların özəl sektorda yeni iş yerlərinin yaradılması ilə paralel aparılmasıdır. Əks halda, struktur islahatları dövlət xərclərinin azalmasına və idarəetmənin optimallaşdırılmasına xidmət etsə də, digər tərəfdən işsizliyin artmasına, əhalinin gəlirlərinin azalmasına və istehlak tələbinin zəifləməsinə səbəb ola bilər. Bu isə bütövlükdə iqtisadi fəallığa mənfi təsir göstərir”.

Ekspert bildirir ki, ixtisara düşən şəxslərin məşğulluğunun təmin olunması üçün ilk növbədə onların peşə bacarıqları qiymətləndirilməli, əmək bazarının tələblərinə uyğun yenidən hazırlıq proqramlarına cəlb edilməsi təmin olunmalıdır.

“Dövlət Məşğulluq Agentliyi vasitəsilə işəgötürənlərlə birbaşa əlaqələr qurulmalı, vakansiyalar barədə məlumatlandırma və işə yerləşdirmə mexanizmləri gücləndirilməlidir. Özəl sektorda ixtisara düşən şəxsləri işə qəbul edən müəssisələr üçün müəyyən müddətə əməkhaqqı subsidiyaları, vergi güzəştləri və digər stimullar tətbiq edilə bilər. Xüsusilə yaşı 50-dən yuxarı olan, uzun müddət dövlət sektorunda çalışmış və yeni peşə əldə etməkdə çətinlik çəkən şəxslərə xüsusi dəstək göstərilməlidir.

Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, regionlarda yeni istehsal və xidmət müəssisələrinin yaradılması da vacibdir. Çünki davamlı məşğulluğu yalnız dövlətin işsizləri müvəqqəti proqramlara cəlb etməsi ilə təmin etmək mümkün deyil. Bunun üçün real iqtisadi fəaliyyət və daimi iş yerləri yaranmalıdır. Mən hesab edirəm ki, struktur islahatlarının uğuru yalnız dövlət aparatının kiçilməsi və büdcə xərclərinin azalması ilə ölçülməməlidir. Əsas göstərici ixtisara düşən insanların nə qədərinin yeni işlə təmin olunması, onların gəlirlərinin qorunması və iqtisadi fəallıqdan kənarda qalmamasıdır”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью