Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
“Son dövrlərdə bir sıra dövlət qurumlarında çoxsaylı insanlar ixtisar olunur. “Bakı Metropoliteni”ndə, “Xəzər Dəniz Gəmiçiliyi”ndə, kommunal sistemlərdə xeyli ixtisarlar var”.
“AzPolitika” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, işsiz qalan insanların problemlərinin həll edilməməsi dövlət üçün təhlükə yaradır: “Başa düşürəm, büdcədə yük ola biləcək müəyyən problemlər həll olunur. Amma biz bu qədər işsizə ya iş, ya da müavinət verməliyik. Müavinət verməkdə də müəyyən çətinliklərimiz var. Metroda işdən azad olunanlara deyiblər ki, sizi başqa şirkətdə işə götürəcəklər. Gediblər ki, belə bir şey yoxdur. 100-200-dən çox insan işsiz qalıb. Bu, dövlətimizi xeyli təhlükələrlə üz-üzə qoya bilər”.
Əlavə edək ki, ixtisarlar təkcə dövlət qurumları deyil, özəl sektorda, xüsusilə də iri şirkətlərdə və banklarda da nəzərəçarpacaq dərəcədə çoxalıb. İri holdinqlərə daxil olan ayrı-ayrı şirkətlərin birləşdirilməsi, yaxud ləğvi ilə bağlı məlumatlar daxil olur. Nəticədə xeyli sayda vətəndaş, hətta mütəxəssislər işsiz qalır. İxtisar olunanların sayı isə deputatın səsləndirdiyi rəqəmlərdən xeyli çoxdur.
“AzPolitika.info”