“İxtisas seçimi gələcək karyeranı müəyyən edir” EKSPERT

06.08.2026

Icma.az, Sia Az saytına istinadən bildirir.

“Əvvəlcə onu deyim ki, ixtisas seçimi artıq çoxdan lotereyaya çevrilib. Bu, az qalan on il, hətta on ildən də o tərəfə gedib çıxacaq”. Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

Onun sözlərinə görə, çox təəssüf olsun ki, biz ixtisas seçiminə gələcəyin karyera inkişafı, öz hədəflərimiz kontekstindən baxmırıq: “Biz ixtisas seçiminə “mən nə olursa-olsun, tələbə adını qazanım” kontekstindən baxırıq.

İxtisasın tələbəyə uyğunluğu, ixtisasın tədris keyfiyyəti, ixtisasın düzgün təqdimatı, əmək bazarında yeri və bir çox mexanizmlər abituriyentin diqqətindən az qala kənarda qalır.

Doğrudur, nümunələr də var və getdikcə bu cür nümunələrin daha çox şahidi oluruq. Bu da vəziyyətin getdikcə daha yaxşı olmasına bir nümunədir. Amma bunlar hələ kütləvi hal almır, intensivləşmir. İntensivləşən isə yenə də, sizin dediyiniz kimi, lotereya xarakterli ixtisas seçimidir.

Bu baxımdan, qəbul sistemində artıq bazar münasibətləri də müəyyən istiqamətdə formalaşıb. Artıq bu prosesi bazara çevirən bəzi şəxslər var. Təbii ki, xidmət göstərmək hər kəsin haqqıdır, hüququdur. Amma bu, mənəvi müstəvidə, etik çərçivədə, hüquqi prizmada və peşəkarlıq tələbləri ilə həyata keçirilməlidir.

Bu gün deyilən fikirlər budur: “Balın budur, bu bala uyğun harda hara düşsən, düş”. Amma düşünmürlər ki, tələbənin əlindən gələcək karyerasını alırlar və bu, qarşısı alınmaz bir prosesə çevrilir.

Sonrakı gedişatlar onu göstərir ki, bu ixtisası seçən tələbə hətta imtahandan kəsilsəydi, həyatda daha az ziyan görərdi.

Belə, biz qəbul oluruq, sevinirik, qonaqlıqlar olur. Amma nə olsun? Bir neçə aydan sonra eyforiya bitir və yalnız üz-üzə qalırıq: “Hardayıq biz? Niyə buradayıq? Axırımız hara gedir? Yolumuz nədir? Yolumuz hara aparır?”

Bu sualların cavabını ala bilməyən tələbə artıq öz gələcəyini böyük ehtimalla uduzmuş olur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью