Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən il noyabrın 28-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclası keçirilib.
Və o vaxt “Azərbaycan müəllimi” xəbər verirdi ki, iclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq 3 ali təhsil müəssisəsində (Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı) “İbtidai sinif müəllimliyi” ixtisası üzrə yekunlaşmış proqram akkreditasiya qiymətləndirilməsinin, 4 ali təhsil müəssisəsində (ADA Universiteti və Corc Vaşinqton Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Ege Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti, Bakı Mühəndislik Universiteti və Inha Universiteti) yekunlaşmış Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli, 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyələşdirilən 11 ikili diplom proqramları üzrə akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb və müvafiq komissiyalar tərəfindən hazırlanmış yekun hesabatlar təqdim edilib.
Səsvermənin nəticələrinə uyğun olaraq, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə Naxçıvan Müəllimlər İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının proqram akkreditasiya nəticələri “qismən uyğundur”, Gəncə Dövlət Universitetinın (GDU) proqram akkreditasiya nəticəsi isə “uyğun deyildir” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnamələrinin müddətinin növbəti 2 il müddətinə uzadılması və hər üç ali təhsil müəssisəsinin təhsil proqramının 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.
GDU-nun ibtidai sinif müəllimliyi ixtisasının akkreditasiya komissiyasından keçməməsinin səbəbi isə ilk olaraq universitet rəhbərliyinin adı gedən fakultə üzrə kadr siyasətinin düzgün aparılmamasından irəli gəlib.
Komissiyanın təhlilinə görə pedaqoji fakultənin dekanının müvafiq sahənin mütəxəssisi olmaması, proqramın səmərəli təşkilini məhdudlaşdırmışdır (İrad 8 səh71).
İlk olaraq qeyd edək ki, pedaqoji fakultənin dekanı Zaur Hüseynzadə ixtisasca idmançıdır.
Dekan vəzifəsini tutan bu şəxsin ümumiyyətlə alimlik dərəcəsi belə yoxdur. Pedaqoji sahəyə aid elmi fəaliyyəti yoxdur.