Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Cənubi Koreyada akupunktura (iynə terapiyası) prosedurundan sonra 92 yaşlı xəstənin ölümü ilə bağlı ənənəvi təbabət mütəxəssisi cərimələnib.
Bakıvaxtı.az xəbər verir ki, “The Korea Herald” qəzeti Daejeon Rayon Məhkəməsinin qərarına istinadən mütəxəssisin 20 milyon von (təxminən 15 min dollar) cərimə ödəməli olduğunu yazıb.
İstintaq materiallarına görə, hadisə 14 avqust 2022-ci ildə baş verib. Bel ağrısından şikayət edən xəstəyə prosedur zamanı sinə nahiyəsindən üç iynə vurulub. İynələrdən biri ürək əzələsini zədələyib və ürəyi əhatə edən perikardda kiçik yırtıq yaradıb.
Prosedurdan sonra xəstə sinə ağrısı və nəfəs darlığından şikayət etsə də, həkim təxminən 15 dəqiqə ərzində lazımi tibbi yardım göstərməyib. Daha sonra huşunu itirən kişi həmin gün, prosedurun başlanmasından təxminən iki saat yarım sonra vəfat edib.
Prokurorluq həkimin xəstənin nəbzini yoxlamadığını və sinə nahiyəsinə akupunktura tətbiqinin riskləri barədə onu məlumatlandırmadığını da bildirib. Məhkəmə hadisənin ağır nəticələrini nəzərə alsa da, həkimin günahını etiraf etməsi və mərhumun ailəsi ilə razılığa gəlməsi cəzanın yüngülləşdirilməsinə səbəb olub.
Tibbi ədəbiyyatda akupunkturanın nadir, lakin təhlükəli fəsadları təsvir edilir. Bu cür xəsarətlər iynənin yanlış dərinlikdə, bucaq altında və ya istiqamətdə yeridilməsi nəticəsində yarana bilər. Sinə nahiyəsində ürək və böyük damarlar kimi həyati vacib strukturlar yerləşdiyindən prosedur xüsusi ehtiyat tələb edir.
İynənin ürəyi zədələməsi və ya perikardda qanaxmaya səbəb olması mümkündür. Qanın ürəyi əhatə edən kisədə toplanaraq ona təzyiq göstərməsi isə ürək tamponadasına — həyati təhlükə yaradan vəziyyətə gətirib çıxara bilər.
Mütəxəssislər vurğulayırlar ki, akupunktura zamanı anatomik biliklərə və düzgün texnikaya riayət edilməsi vacibdir. Prosedurdan sonra sinə ağrısı və ya nəfəs darlığı yaranarsa, dərhal tibbi yardım almaq lazımdır.
Murad İsmayıl