Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın Zəfər Günü İzmirdə də qeyd olunub.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyədə təhsil alan azərbaycanlı gənclər vətənlərindən uzaqda olsalar da, Qarabağ sevgisini, müstəqillik qürurunu və zəfər coşqusunu bir daha nümayiş etdiriblər.
Türkiyədə yaşayan azərbaycanlı sənətçi və Azərbaycanın diaspor elçisi Roza İbadova Kocamazın təşkilaşılığı ilə bir araya gələn gənclər Zəfərin ildönümünü qeyd etməklə yanaşı, Türk dünyasının ortaq tarixinə, qardaşlığına və gələcəyinə sahib çıxmağın mənalı nümunəsini nümayiş etdiriblər.
Proqram Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən əziz şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.
İki qardaş dövlətin himnlərinin eyni məkanda səslənməsi “Bir millət, iki dövlət” anlayışının yalnız bir ifadədən ibarət olmadığını, gənc nəslin qəlbində yaşamağa davam etdiyini bir daha nümayiş etdirib.
Görüş zamanı 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə tarixə düşən və Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin tarixi əhəmiyyəti müzakirə olunub.
Qarabağ Zəfərinin yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün daşıdığı tarixi və mənəvi əhəmiyyət vurğulanıb.
Uzun illər Vətən həsrəti ilə yaşayan insanların ümidlərinin yenidən canlandığı, işğal altında olan torpaqların azad edildiyi və Azərbaycan xalqının milli iradəsinin bütün dünyaya bəyan olunduğu həmin tarixi günlərin unudulmamalı olduğu bildirilib.
Gənclərin bu görüşü Zəfərin yalnız döyüş meydanlarında qazanılmadığını, eyni zamanda milli yaddaşda yaşadılaraq gələcək nəsillərə ötürüldüyünü də nümayiş etdirib.
Anım və çıxışlardan sonra proqram Azərbaycanın milli musiqilərinin müşayiəti ilə rəngarəng və coşqulu görüntülərlə davam edib.
İzmirdə keçirilən bu görüş Türk dünyasının sərhədlərlə bir-birindən ayrıla bilməyəcək qədər güclü mənəvi bağlara sahib olduğunu bir daha xatırladıb.
Nərgiz Məmmədli