Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 28 yanvar, Günel Türksoy, AZƏRTAC
Dünya miqyasında baş verən mürəkkəb və ziddiyyətli proseslər fonunda bu gün dünya liderlərinin qəbul etdiyi qərarların təkcə indiki dövr üçün deyil, gələcək nəsillər üçün yaradacağı nəticələr üzərində ciddi şəkildə düşünmək zəruridir. Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanması, məhz bu baxımdan xüsusi diqqət tələb edən addımlardan biridir. Biz vicdan sahibi insanlar olaraq bu təşəbbüsün giriş hissəsində yer alan vədi diqqətlə dəyərləndirməliyik.
Bunu AZƏRTAC-a açıqlamasında Dini Azadlıq üzrə Amerika Mərkəzinin baş icraçı direktoru, ABŞ Daxili Təhlükəsizlik Departamentində sabiq direktor müavini Janna Skot deyib.
J.Skot qeyd edib ki, bu vəd uzun müddətdir sülhün əldə olunmasının çətin olduğu bölgələrdə ortaq məsuliyyətə və öhdəliklərə əsaslanan davamlı və nəticəyönümlü tərəfdaşlığın qurulmasını nəzərdə tutur. “Sülh Şurasının əsas məqsədi münaqişə riski olan ərazilərdə sabitliyin təmini, qanuni idarəetmənin bərpası və davamlı sülhə nail olmaqdır. Ağ Evin məlumatına görə, Şuranın ilkin diqqət mərkəzi Prezident Trampın Qəzza ilə bağlı baxışıdır”, - deyə o əlavə edib.