Jurnalist döymək dəbmi olub? ƏIi Hüseynov yazır

02.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daha bir jurnalist döyüldü. Yenə mikrofon qırıldı, yenə söyüşlər, yenə fiziki zorakılıq, yenə polis müdaxiləsi... Və yenə eyni sual: jurnalist öz işini görmək üçün niyə kimdənsə icazə almalı, yaxud təhlükəsizliyindən narahat olmalıdır?

Son günlər baş verənlər artıq ayrı-ayrı insidentlər kimi qiymətləndiriləcək həddi keçib.

Bir neçə gün əvvəl Bakıda 225 nömrəli məktəbdə şagirdin faciəli şəkildə həyatını itirməsi hadisəsini işıqlandıran REAL TV-nin çəkiliş qrupu hücuma məruz qaldı. Space TV əməkdaşlarının da fiziki zorakılıqla üzləşdiyi bildirildi. Jurnalistlər hadisənin təfərrüatlarını öyrənmək, cəmiyyətə məlumat çatdırmaq istəyirdilər. Nəticədə özləri xəbərin mövzusuna çevrildilər.

Hələ bu hadisənin müzakirələri səngiməmiş, növbəti hücum xəbəri gəldi.

Bu dəfə APA TV-nin müxbiri Sənan Bəhrəmli Bakının Nizami rayonunda baş verən yanğını işıqlandırarkən fiziki zorakılığa məruz qaldı. Özünü mühafizəçi kimi təqdim edən şəxs jurnalisti təhqir etdi, ona xəsarət yetirdi, telekanalın texniki avadanlığına zərər vurdu. Polis müdaxilə etdi, şübhəli şəxs saxlanıldı və faktla bağlı cinayət işi başlandı.

Mənim burada bir sualım var: nə baş verir?

Jurnalist yanğın yerinə gedir, döyülür. Məktəbin qarşısına gedir, hücuma məruz qalır. İctimaiyyətin bilməli olduğu hadisəni çəkmək istəyir, qarşısına sədd çəkilir.

Görəsən, kamera bu qədər qorxulu əşyadır? Yoxsa kameranın çəkdiyi görüntülər kimlərinsə xoşuna gəlmir?

Əlbəttə, jurnalistin də peşə etikası, davranış qaydaları və təhlükəsizlik tələbləri var. Heç kim jurnalistə qanundan kənara çıxmaq səlahiyyəti vermir. Amma jurnalistin hansısa qaydanı pozduğunu düşünürsənsə, bunun yolu yumruq deyil. Bunun adı hüquqdur, qanundur, müraciətdir.

Mühafizəçi olmaq da kiməsə insanları təhqir etmək, döymək, jurnalistin avadanlığını sındırmaq səlahiyyəti vermir. Mühafizə edilən ərazi şəxsi mülk ola bilər, amma bu, qanuni peşə fəaliyyətinə qarşı zorakılığa haqq qazandırmır.

Bir məqamı da unutmayaq: jurnalist hadisə yerinə öz şəxsi marağı üçün getmir. O, cəmiyyətin informasiya almaq hüququnu təmin etmək üçün oradadır. Yanğının səbəbi, məktəbdə baş verən faciənin təfərrüatları, məsul şəxslərin mövqeyi – bunlar ictimai maraq doğuran məsələlərdir.

Jurnalisti döyməklə hadisəni gizlətmək mümkün deyil. Kameranı sındırmaqla görüntüləri yaddaşlardan silmək olmur. Müxbiri susdurmaqla cəmiyyətin suallarını yox etmək mümkün deyil.

Əksinə, belə davranışlar daha çox sual yaradır.

Burada başqa bir təhlükəli məqam da var. Jurnalistlərə qarşı zorakılıq cəzasızlıq təsəvvürü yaratmamalıdır. Bir hadisənin ardınca digərinin baş verməsi artıq ciddi narahatlıq doğurur. Hər dəfə polis müdaxilə edir, araşdırma başlanır, açıqlama verilir. Bəs əsas məsələ nə vaxt həll olunacaq?

Hüquq-mühafizə orqanları hər bir belə faktı obyektiv araşdırmalı, təqsiri sübuta yetirilən şəxslər qanun qarşısında cavab verməlidirlər. Eyni zamanda, jurnalistlərin hadisə yerlərində təhlükəsiz fəaliyyət göstərməsi üçün real mexanizmlər işləməlidir.

Məncə, artıq bir şeyi anlamağın vaxtıdır: jurnalist sizin xoşunuza gəlməyən sualı verə bilər, çəkmək istədiyiniz görüntünü deyil, ictimaiyyətin görməli olduğu mənzərəni lentə ala bilər. Bu, onun peşəsinin bir hissəsidir.

Jurnalistin əlində mikrofon var, yumruq yox. Onun işi vurmaq deyil, göstərməkdir. Susdurmaq deyil, danışdırmaqdır.

Jurnalist döymək qəhrəmanlıq deyil. Kameradan qorxmaq isə heç bir problemi həll etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью