Jurnalist kimdir?

22.07.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

2013-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olanda mən də “Jurnalist kimdir?” sualına böyük həyəcan və maraqla cavab axtarırdım. Orada təhsil aldığım illərdə Şirməmməd Hüseynov, Nəsir Əhmədli, Qulu Məhərrəmli, Mahmud Mahmudov, Cahangir Məmmədli, Akif Rüstəmov, Vüqar Zifəroğlu və adını sadalamadığım digər əziz və dəyərli müəllimlərim (təəssüf ki, bir çoxu artıq həyatda olmasa da) səbirlə, böyük bir məsuliyyətlə “Jurnalistika nədir?”, “Jurnalist kimdir?” sualına cavab tapmaq, jurnalistikanın sirlərinə daha dərindən bələd olmağımız üçün çalışırdılar. Mən özümü şanslı hiss edirəm. Belə peşəkar müəllimlərdən dərs almışam, “əsl Jurnalist necə olmaldır?” sualına məhz onların sayəsində cavab tapmışam. Əlbəttə ki Naxçıvanda magistr təhsilimdə mənə dəstək olan müəllimlərimi də unutmuram... 

Naxçıvanın aparıcı media orqanı olan “Şərq qapısı” qəzetində çalışdığım vaxtlarda qəzetimizin keçmiş məsul katibi, dəyərli mətbuat işçisi Muxtar Məmmədov deyirdi: – “Jurnalist yoruldum deməməlidir, çalışmalıdır, ömrü boyu öyrənməlidir”. Bu söz ağlımda qalıb. Həqiqətən də Jurnalist yorulmazdır, əzmlidir, fədakardır. Jurnalist öz peşəkar fəaliyyətini, işini çox vaxt öz ailəsindən üstün tutur. Çünki Jurnalist müasir dövrlə ayaqlaşmalı, hadisələri operativ, loru dillə desək cəld, çevik, vaxtında görməli, hazırlanmalı və işində tətbiq etməlidir. Jurnalist eyni zamanda gözüaçıq, səbirli, təmkinli olmalı, baş verən hadisələri doğru, düzgün, yalansız, qərəzsiz formada təqdim etməyi bacarmalıdır. Yoxsa, bu informasiya axınında zamanla öz dəyərini, qüvvəsini, əsl Jurnalist çəkisini itirər... 

Müasir dünya nizamı sürətlə dəyişir, texnoloji yeniliklər jurnalistdən də yenilənməyi tələb edir. Süni intellekt sürətlə beynimizə, vücudumuza, gündəlik fəaliyyətimizə nüfuz edir. Bu mənada jurnalistikanın dəyərləri də dəyişir, formalaşır. Əvvəl bir informasiyanı tapmaq üçün bir neçə informasiya platformasına müraciət edirdiksə, bu gün süni intellekt lazım olan cavabı anındaca təqdim edir, məsləhət verir, yol göstərir. Bu bir tərəfdən Jurnalist üçün müsbət haldır, vaxt itkisi yaşanmır, operativlik artır. Lakin, məni qorxudan bir çox məqamlar da az deyil. Ya həqiqətən də bir gün Jurnalistika anlayışı sadəcə süni intellektdən ibarət olarsa, mediada jurnalistlərin çəkisi azalarsa...Amma yox, hələ tezdir, istər qəzet, televiziya, radio olsun, istərsə də informasiya-xəbər portallarında canlı insan ünsiyyətinin yerini heç nə verə bilməz. Jurnalist qələmi deyilən bir anlayış var. Bu jurnalistikanın canıdır, ürəyidir deyərdim. Süni intellektə çox qapılıb gedərsək bu qələm, yazı mədəniyyəti zəifləyə, sıradan çıxa bilər?. Bunu da qəbul etmək istəmirəm. İnsan beynindən, qəlbindən süzülüb gələnləri nə süni intellekt, nə də başqa heç nə əvəz edə bilməz. İnsan fikri, insan düşüncəsi, insan qəlbi, insan duyğuları hər şeydən üstündür... 

Universitetdə müəllimlərim deyərdi ki, Jurnalistika yazıdan başlayır. Jurnalist yazmağı, təhlil etməyi, münasibət bildirməyi bacarmalıdır. Jurnalist bütün mövzularda yazmağı bacarmalıdır. Və bununla belə “Jurnalistika mətbuatdan başlayır” fikrini tez-tez eşidərdim. Çoxları bu fikirlə razı olmasalar da mətbuat jurnalisti əsl jurnalist kimi yetişdirən, gələcəkdə televiziya, radioda fəaliyyətə hazırlayan ən böyük qüvvələrdən biridir. Mətbuatda yazmağı öyrənən jurnalist gələcəkdə televiziyada asanlıqla ssenari yaza biləcək və uğur qazanacaq. Televiziyada və radioda da yazmağı öyrənən jurnalistlərimiz az deyil. Amma mətbuatın, qəzetin yeri fərqlidir, qəzet püxtələşdirir, hazırlayır, yetişdirir, peşəkarlaşdırır. Bəli, mənim özüm də Naxçıvanın aparıcı media orqanı olan “Şərq qapısı” qəzetində yeddi il fəaliyyət göstərmişəm. Ora mənim üçün məktəb olub. Qəzetdə Jurnalist iş mühitində necə olmalıdır? sualına cavab tapa bilmişəm. Jurnalist hər şeydən əvvəl çalışdığı orqanın reputasiyasını, nüfuzunu qoruyub saxlamalı, faktlara dəqiq, məsuliyyətlə, operativ yanaşmalı, redaktəni, korrektəni düzgün aparmalı, öz yazısına məsuliyyət daşımalıdır. Jurnalist həm də maraqlı, aktual, bir sözlə günümüzlə səsləşən mövzuları seçib yazmağı bacarmalıdır. Oxucunu cəlb etməyi bacarmalıdır. Oxucunu cəlb etmək, oxucu diqqətini çəkmək indiki dövrdə çətin olsa da mümkündür. Baş verən hadisələrə düzgün, təhlili yanaşmaq, hadisəni olduğu kimi verəndə, faktlara qərəzsiz yanaşanda oxucunun marağı artır və informasiya-xəbər saytında, sosial şəbəkələrdə paylaşılan məlumata rəy, fikir bildirir. 

Jurnalist həm də vicdanlı olmalıdır. Mənim üçün jurnalistikada bu birinci etik qanun sayılır. Mənə görə vicdanlı olmaq Vətənini könüldən sevməkdir, vicdanlı olmaq qələmini Vətənin, dövlətin mənafeyi naminə fəda etmək, ilk növbədə vətəndaş olmaqdır. Qoynunda doğulub böyüdüyün Vətənin hər daşını, qayasını, uğurlarını, sevincini, kədərini birgə bölüşməkdir. Necə ki, anamız bizim üçün bu dünyada əvəzedilməz, heç vaxt haqqı ödənməz əziz varlıqdırsa, eləcə də Vətənimiz bizim ikinci anamızdır. Ona həmişə məsuliyyətlə, vicdanla yanaşmalıyıq... 

Məncə, Jurnalist pedaqoqdur, psixoloqdur, şərhçidir, həkimdir, rəssamdır, ümumiyyətlə Jurnalist hərşeyşünasdır. Jurnalist olmasa müasir dövrün ana damarı sayılan informasiya da olmaz, jurnalist olmasa cəmiyyət maariflənməz, bilgilənməz, əylənə bilməz. Jurnalist olmasa həyat maraqsız, cansıxıcı olar. Əziz Jurnalistlər yaxşı ki varsınız!. İşini peşəkar, vicdanla, məsuliyyətlə görən media əməkdaşları bayramınız mübarək, hamınıza gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!

Güntac Şahməmmədli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью