Jurnalistikamızın ermənişünas savaşçısı

02.09.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qafar Çaxmaqlı – 70

Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist və ermənişünas alim Qafar Çaxmaqlı Mehdiyevin anadan olmasının 70 illiyi münasibətilə təbrik mərasimi keçirilib və ona qurumun yubiley diplomu təqdim edilib. 

Yubilyarı ölkənin media ictimaiyyəti adından səmimi təbrik edən Mətbuat Şu­rasının sədri Rəşad Məcid onun çoxillik səmərəli jurnalist fəaliyyətindən, ölkəmiz­də və qardaş Türkiyədə ermənişünaslığa verdiyi sanballı töhfədən söz açıb.

Mərasimdə bildirilib ki, Qafar Çax­maqlı 1956-cı ilin avqustunda Qərbi Azər­baycanın Amasiya rayonunun Çaxmaq kəndində anadan olub. Gənc yazar 1980-ci ildə Bakı Dövlət Universitetinin jurnalis­tika fakültəsini bitirdikdən sonra erməni dilini də mükəmməl bildiyindən Bakıda bu dildə nəşr edilən “Kommunist” qəzetində müxbir kimi fəaliyyət göstərib. Sonrakı il­lərdə istedadlı qələm sahibi “Vətən səsi”, “Xalq qəzeti”, “Millət”, “Yeni Azərbay­can”, “Vətəndaş”, “Avrasiya” və “Respub­lika” qəzetlərində çalışıb. 

Qafar Çaxmaqlı 1999–2000-ci illərdə Türkiyədə Strateji Araşdırmalar Mərkə­zinə dəvət edilərək burada ermənişünaslıq sahəsində tədqiqat aparıb. O, 2000–2006-cı illərdə Bakı Dövlət Universitetinin mət­buat xidmətinə rəhbərlik edib və jurnalis­tika fakültəsində dərs deyib. Bu dövrdə həmkarımız 1890–1920-ci illər erməni və Türkiyə mətbuatının materialları əsasın­da “Erməni məsələsi ilə əlaqədar tarixi həqiqətlərin aşkarlanmasında mətbuatın rolu” mövzusunda namizədlik dissertasi­yası müdafiə edərək siyasi elmlər üzrə fəl­səfə doktoru elmi dərəcəsi alıb.

Yubiliyar yetkin jurnalist olmaqla ya­naşı, ölkəmizin nadir ermənişünasların­dan biri kimi də tanınıb. Onun “Qars adlı vətən”, “Erməni məsələsi” tarixin izi ilə”, “Dağlıq Qarabağ işğaldan sonra və əvvəl” kitabları türklüyə qənim kəsilmiş erməni millətçiliyini və separatizmini ifşa edən qiymətli nəşrlər kimi Azərbaycanda və Türkiyədə geniş əks-səda yaradıb. Qafar müəllimin bioqrafiyasında Araşdırmaçı Jurnalistlər Liqasını və MAJL Ermənişü­naslıq Mərkəzinin yaratması, “Yeni Av­rasiya” qəzetinə rəhbərlik etməsi, “Eks­press” qəzetində populyar köşə yazıları, beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etməsi də önəmli yer tutur. 

Soydaşımız son illərdə Türkiyənin Ərciyəz Universitetində ermənişünaslıq bölümünə və Azərbaycan-erməni Araşdır­maları Mərkəzinə rəhbərlik edir, eyni za­manda “Xalq qəzeti”nin Türkiyə müxbiri kimi fəaliyyət göstərir. Tədqiqatçı jurna­list “Qızıl qələm”, “Dan ulduzu”, “Ustad” kimi nüfuzlu yaradıcılıq mükafatlara layiq görülüb, Azərbaycan mətbuatının inkişa­fında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 

Belə zəngin və mənalı həyat yolunun Qafar Çaxmaqlını Azərbaycan jurnalisti­kasına xidmətin qeyrətli bir örnəyi oldu­ğunu söyləyən Rəşad Məcid ona Mətbuat Şurasının fəxri diplomunu təqdim edib, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Mətbuat Şurası Ahıl Jur­nalistlər Məclisinin rəhbəri Tahir Aydınoğ­lu, yubilyarın tələbə yoldaşları və “Xalq qəzeti”ndəki həmkarları İlqar Həsənov, Məsaim Abdullayev, İmran Bədirxanlı, ve­teran jurnalist Bəyalı Rzayev Qafar Çax­maqlın həm yetkin jurnalist, həm dəyərli alim, həm də səmimi dost olduğunu söylə­dilər, ona xoş arzularını çatdırdılar.

T.RÜSTƏMLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью