Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə "Financial Times" nəşrinin baş müxbiri Kristofer Miller arasında Ukrayna ilə bağlı mümkün sülh planı ətrafında kəskin mübahisə yaranıb.
Modern.az xəbər verir ki, polemika "Financial Times"da dərc olunan və Ağ Ev tərəfindən hazırlandığı iddia edilən Ukrayna üçün təhlükəsizlik planına dair materialdan sonra baş verib. Məqalədə qeyd olunurdu ki, ABŞ-ın təhlükəsizlik zəmanətləri Ukraynanın “Ankoric formulu” adlandırılan sülh variantına razılığından asılı ola bilər. Rusiya tərəfinin təqdimatına görə, bu formula Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətindən çıxarılmasını və bunun müqabilində döyüş əməliyyatlarının mövcud cəbhə xətti üzrə dondurulmasını nəzərdə tutur. Sonradan Ağ Ev bu məlumatı təkzib edib.
Miller sosial şəbəkə hesabında məqaləyə keçid paylaşaraq bildirib ki, məhz bu cür yanaşma Ukrayna ilə ABŞ arasında artıq hazır olduğu deyilən razılaşmanın imzalanmasının gecikməsinə səbəb ola bilər.
Buna cavab olaraq Kirill Dmitriyev qeyd edib ki, “Donbasdan qoşunların çıxarılması Ukrayna üçün sülhə aparan yoldur”.
Miller isə bu fikirlə qəti şəkildə razılaşmayaraq vurğulayıb ki, sülh yalnız Rusiya qoşunlarının çıxarılması ilə mümkündür: “Rusiyanın Donbasdan və bütövlükdə Ukraynadan tam çıxması sülhə aparan yoldur. Rusiya qoşunları Ukrayna ərazisində qaldığı müddətdə sülh olmayacaq. İşğal sülh deyil”.
Dmitriyev isə cavabında Milleri “müharibəni qızışdıran, sülhü gecikdirən saxta britaniya narrativlərini yayan şəxs” adlandırıb.
Qeyd edək ki, Kirill Dmitriyev 23–24 yanvar tarixlərində Əbu-Dabidə keçirilən Rusiya–ABŞ–Ukrayna üçtərəfli danışıqlarında Rusiya tərəfini təmsil edən nümayəndələrdən biri olub.