Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Artıq meydanlara həm fiziki, həm də psixoloji baxımdan daha güclü şəkildə dönmək lazımdır. İnanıram ki, bu mərhələnin də öhdəsindən gələ biləcəyəm”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borqes jurnalistlərə açıqlamasında deyib.
30 yaşlı futbolçu üç aylıq fasilədən sonra Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirilən və 1:0 hesabı ilə başa çatan görüşdə meydana çıxıb. Uzun müddət yaşıl meydanlardan kənarda qalmasına toxunan Kadi Borqes həmin dövrü çətin adlandırıb:
“Zədə səbəbindən keçirdiyim müddət mənim üçün ağır oldu. Amma bu, idmançı həyatının bir hissəsidir. Belə məqamları qəbul edib irəliləmək lazımdır”.
Braziliyalı futbolçu UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşma barədə də fikirlərini bölüşüb:
“Düşünmürəm ki, diqqətimizi yalnız onları keçib-keçməyəcəyimizə yönəltməliyik. Əsas məsələ meydanda sona qədər mübarizə aparmaq və imkanlarımızın maksimumunu göstərməkdir. Alınacaq, yoxsa yox, hər şey Allahın əlindədir. Çünki bu məsələlər bizim nəzarətimiz altında deyil”.
Qeyd edək ki, “Qarabağ” fevralın 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda “Nyukasl”ı qəbul edəcək. Tərəflər arasında cavab qarşılaşması bir həftə sonra İngiltərədə “Sent Ceyms Park” arenasında keçiriləcək.