Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Çeçenistan lideri Ramzan Kadırov daha əvvəl “Wildberries” şirkəti ətrafındakı münaqişəyə görə “qan düşməni” elan etdiyi Dağıstandan olan milyarder Süleyman Kərimovla görüşüb.
“AzPolitika” xəbər verir ki, Rusiya Federasiya Şurasının üzvü, senator olan Kərimovla son əlaqələri barədə danışan Kadırov onu "qardaş" adlandırıb.
"Moskvada qardaşım, Rusiya Federasiyasının senatoru Süleyman Kərimovla məhsuldar görüş keçirdim. Bizim kimi, Çeçenistan xalqını və Dağıstan xalqını da qardaş hesab edirəm. Ona bütün işlərində və başlanğıclarında uğurlar arzuladım!" - deyə o, “Telegram”-da yazıb. Kadırov paylaşımına özünün və Kərimovun gülümsəyərək əl sıxışdığı şəklini əlavə edib.
Kadırov 10 oktyabr 2024-cü ildə Kərimova və Dövlət Dumasının iki deputatı Bekxan Baraxoyev və Rizvan Qurbanova qarşı “qan düşmənçiliyi” elan edib. Bunu onunla əsaslandırıb ki, bu adamlar ona qarşı sui-qəsdə cəhd ediblər. Kadirov iddia edib ki, hətta “bir senator”(Kərimov nəzərdə tutulur-red.) onun məhv edilməsinə 100 milyon rubl ayırıb. Rusiya mediasının yazdığına görə, Kreml bu “razborkaya” qarışmayıb və hətta Kadırovun təhdidləri fonunda Kərimov səyahətlərini məhdudlaşdırıb, vaxtının çox hissəsini evdə, mühafizə altında keçirməyə məcbur olub.
Vəziyyət o həddə çatıb ki, Kadırovun adamları şirkətin ofisinə basqın edib. Baş verən atışmada iki mühafizəçi ölüb, Çeçenistandan olan üç MMA döyüşçüsü də daxil olmaqla 10 nəfər yaralanıb.
İndi isə belə görünür ki, tərəflər barışıq əldə ediblər və hətta o qədər “dostlaşıblar” ki, dünənki “qan düşmənləri” bu gün “qardaş” olublar.
C.Məmmədli
“AzPolitika.info”