Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölüm faktı var, şahidlər var, hadisənin yeri və vaxtı məlumdur. Amma istintaq yoxdur, cinayət işi başlanmayıb, məsuliyyət daşıyan da yoxdur. Söhbət Çeçenistan lideri Ramzan Kadırovun üçüncü oğlu, 18 yaşlı Adam Kadırovun kortejinin iştirakı ilə baş vermiş və 2 nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsindən gedir.
Hadisədən artıq 10 günə yaxın vaxt keçsə də, Çeçenistan hakimiyyəti qəza ilə bağlı hər hansı rəsmi açıqlama verməyib. Nə hüquqi sənədlərdə, nə də istintaq reyestrində qəza sadəcə yoxdur.
Məlum olan budur ki, Adam Kadırovun olduğu kortej Qroznının Staropromıslovskoye şossesində, “Safiya” ziyafət salonunun yaxınlığında yüksək sürətlə hərəkət edərkən Tasuyev küçəsindən magistrala çıxan avtomobillə toqquşub. Şahidlərin bildirdiyinə görə, kortejin önündə hərəkətdə edən avtomobil yalnız sürət həddini aşmayıb, eyni zamanda qırmızı işıqforu da görməzdən gəlib.
Nəticədə kortejdəki ilk maşın yaşıl işıqda hərəkətə başlayan nəqliyyat vasitəsinə çırpılıb. Qəza zamanı yol çıxan nəqliyyat vasitəsinin sürücüsü və yanında olan şəxs hadisə yerində həyatını itirib. Qəza zamanı kortejdəki bir neçə bahalı avtomobil də bir-birinə çırpılıb. Ən ciddi zərbə isə Adam Kadırovun və üç mühafizəçisinin olduğu aparıcı nəqliyyat vasitəsinə dəyib. Həmin avtomobilin sükanı arxasında Çeçenistan Daxili İşlər Nazirliyində yüksək vəzifə tutan Aslan İrasxanovun qardaşı oğlu, Adam Kadırovun təhlükəsizlik rəisi Apti İrasxanov olub. Qəza nəticəsində qarşı tərəfin sürücüsü həlak olub. Lakin bu fakt belə hüquqi mexanizmin işə düşməsinə səbəb olmayıb. Adam Kadırov və mühafizəçiləri əvvəlcə Çeçenistan Respublika Klinik Təcili Yardım Xəstəxanasına yerləşdirilsə də, qısa müddət sonra Fövqəladə Hallar Nazirliyinə məxsus ixtisaslaşdırılmış tibbi təyyarə ilə Moskvaya təxliyə ediliblər. Halbuki xəstəxana həkimlərinin bildirdiyinə görə, onların heç birinin həyati təhlükəsi olmayıb. “Novaya Gazeta Europa”ya danışan mənbələrin sözlərinə görə, Adam Kadırovun xəsarətləri beyin silkələnməsi, qançırlar və yüngül qan itkisi ilə məhdudlaşıb. Yeganə ağır diaqnoz təhlükəsizlik rəisi Apti İrasxanova qoyulub – onun boyun fəqərəsinin sındığı bildirilir. Ən diqqətçəkən məqam isə odur ki, Çeçenistan İstintaq Komitəsindəki mənbələrin təsdiqlədiyinə görə, qəza cinayət və hadisələrin rəsmi reyestrində qeydə alınmayıb. Bu isə faktiki olaraq o deməkdir ki, nə cinayət işi olacaq, nə də günahkarlar müəyyən ediləcək.
Qəzadan sonra günlərdir davam edən susqunluqdan sonra Adam Kadırovun İnstaqram hesabında onun və mühafizəçilərinin ləzginka rəqsi etdiyini və havaya müxtəlif silahlardan atəş açdığını göstərən bir video yayılıb. Rusiyada havaya atəş açmaq qadağandır. Çeçenistan da istisna deyil. Qanunu pozan adi vətəndaşları məsuliyyətə cəlb etməklə yanaşı kamera qarşısında üzr istəməyə məcbur edirlər. Adam Kadırovun hesabındakı videoda, o, 10-dan çox mühafizəçinin əhatəsində havaya avtomatik tüfəngdən atəş açır, sonra isə ətrafı avtomatik silahlardan və tapançalardan atəş açarkən rəqs etməyə başlayır. Geyiminə görə, video isti havada çəkilib. Ehtimal ki, Ramzan Kadırovun oğlu çəkiliş zamanı yetkinlik yaşına çatmamış olub. Adam Kadırov 24 noyabr 2025-ci ildə 18 yaşına çatıb. Ramzan Kadırovun oğlunun hazırda harada olduğu məlum deyil. Çeçenistan hakimiyyəti hadisə ilə bağlı susur və Adam Kadırovun arxiv görüntülərini yeni kimi təqdim edir.
Bu, Kadırov ailəsinin iştirakı ilə baş verən ilk ört-basdır edilən faciə deyil. 2021-ci ildə Ramzan Kadırovun böyük oğlu Əhməd Kadırov “Mercedes-Benz G-Class” markalı avtomobillə bir kişini vuraraq öldürmüşdü. Hadisə dərhal “barışıq mərasimi” adı altında bağlanmışdı.
2022-ci ildə isə o zaman 15 yaşı olan Adam Kadırovun iki nəfərin ölümü ilə nəticələnən yol qəzasında iştirak etdiyi barədə məlumatlar yayılmışdı. Sükan arxasında məhz onun olduğu bildirilsə də, bu fakt rəsmi şəkildə gizlədilmişdi.
Ramzan Kadırovun digər qohumu, Hesablama Palatasının sədri Yasin Zakriyev də ailəli bir cütlüyün ölümü ilə nəticələnən qəza törətmiş, lakin məsuliyyətdən yayınmışdı. Çeçenistanda artıq illərdir formalaşmış reallıq dəyişmir - Kadırov ailəsi və yaxın çevrəsi qanundan üstün hesab olunur.
Hazırda Ramzan Kadırovun səhhətində ciddi problemlərin olduğu məlumdur. Onun qəzaya düşən oğlu Adam Kadırovu siyasi varisi kimi gördüyü barədə xəbərlər isə getdikcə artır. Belə bir məqamda Adam Kadırovun qəza keçirməsi və heç bir həyati zərurət olmadığı halda tələsik Moskvaya aparılması, əslində, Çeçenistan liderinin “ən dəyərli varisini itirmək” qorxusunu açıq şəkildə ortaya qoyur.
Son bir ildə səhhəti xeyli pisləşən və regionu faktiki olaraq idarə etməkdən çəkilən Ramzan Kadırovun üç yetkin oğlu var. Böyük oğlu, 20 yaşlı Əhməd Kadırov hazırda Çeçenistanın baş nazirinin müavini vəzifəsini icra edir. İkinci oğlu, 19 yaşlı Zəlimxan isə atasının nəzərində “taxt-tacın varisi” sayılmır. Bu status açıq şəkildə Adam Kadırova verilib. Adam Kadırovun iştirakı ilə baş vermiş hadisə Çeçenistanda hüququn necə tapdandığının, insan həyatının hakim ailənin nüfuzu qarşısında necə dəyərsizləşdirildiyinin növbəti sübutudur./musavat.com