Kafe və restoranlarda mühüm dəyişiklik başlayır

06.06.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqı (Aİ) məkanında fəaliyyət göstərən kafe, restoran və otellərdə yeni dövr başlayır. Qurum ətraf mühitin çirklənməsinin qarşısını almaq və qablaşdırma tullantılarının həcmini kəskin azaltmaq məqsədilə radikal addım atıb. Yaxın vaxtlarda ictimai iaşə obyektlərində müştərilərə təqdim olunan birdəfəlik kiçik paketlərdəki souslar tarixə qovuşacaq.
Demokrat.az xəbər verir ki, Aİ tərəfindən hazırlanan Qablaşdırma və Qablaşdırma Tullantıları Reqlamenti (PPWR) çərçivəsində kafe və restoranlarda birdəfəlik paketlərdə ketçup, mayonez, xardal, soya sousu və şəkər tozunun istifadəsi mərhələli şəkildə dayandırılacaq. 2026-cı il avqustun 12-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, masaların üzərindəki bu növ məhsulları çoxdəfəlik istifadə üçün nəzərdə tutulan xüsusi aparatlar (dispenserlər), şüşə qablar və digər təkrar istifadəyə yararlı qablaşdırmalar əvəz edəcək.
Rəsmi qurumlardan verilən məlumata görə, istifadə ömrü cəmi bir neçə dəqiqə olan bu xırda qablaşdırma materialları tonlarla tullantı yaradır ki, bu da ekologiyaya ciddi zərbə vurur. Statistikaya əsasən, hazırda ittifaq ölkələrində ümumi plastik istehlakının təxminən 40 faizi məhz qablaşdırma sektorunun payına düşür. Yeni tənzimləmə plastik asılılığını minimuma endirməyi və sahibkarları daha dayanıqlı xidmət üsullarına keçməyə məcbur etməyi hədəfləyir.
Lakin qadağalar hər sahəyə şamil olunmayacaq. Belə ki, müştərilərin ünvanlara sifarişləri, yəni "özünlə apar" və evlərə çatdırılma xidmətləri zamanı birdəfəlik sous paketlərindən istifadəyə hələ ki icazə veriləcək.
Bundan başqa, xəstəxanalarda və bəzi tibb müəssisələrində yüksək gigiyena normaları rəhbər tutularaq bu qaydalardan istisnalar ediləcək. Qaydanın qüvvəyə minməsi ilə Avropadakı bütün iaşə obyektlərinin sürətlə yeni sistemə adaptasiya olunacağı gözlənilir.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью