Kağız üzərində qalan şirkətlər: Rəqəmlərin arxasındakı real mənzərə

13.11.2026

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azərbaycanda 2026-cı ilin oktyabrında yeni qeydiyyatdan keçən kommersiya qurumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,2% azalıb. Eyni zamanda, ölkədə qeydiyyatda olan şirkətlərin ümumi sayı illik 6,4% artıb.

İqtisadçı Xalid Kərimli “Bakupost”a bildirib ki, yeni qeydiyyatdan keçən müəssisələrin sayının azalmasının və ya ümumi şirkət sayının artmasının özlüyündə ciddi iqtisadi əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, bu göstəricilər ölkədə işgüzar aktivliyin dəyişməsini ifadə etmir.

Ekspert qeyd edib ki, hazırda müəssisə yaratmaq və qeydiyyatdan keçirmək kifayət qədər asandır. Hətta insan vaxtı olanda onlayn qaydada hüquqi şəxs kimi müəssisə yarada və ya fiziki şəxs kimi VÖEN ala bilər. Lakin bu, həmin şəxsin real biznes fəaliyyəti ilə məşğul olduğu anlamına gəlmir.

Onun sözlərinə görə, qeydiyyatda olan minlərlə müəssisənin bəzilərinin dövriyyəsi çox aşağıdır, hətta iqtisadi baxımdan əhəmiyyətsiz səviyyədədir. Buna görə də şirkətlərin sayının artması və ya azalması real iqtisadi aktivliyin göstəricisi kimi qəbul edilməməlidir.

X.Kərimli bildirib ki, iqtisadi fəallığı izah edən əsas məqamlar iqtisadi artımın səviyyəsi və ayrı-ayrı sahələrin böyümə dinamikasıdır. Onun fikrincə, müəssisələrin qeydiyyat statistikası ilə real iqtisadi fəaliyyət arasında əlaqə olduqca zəifdir.

İqtisadçı vurğulayıb ki, məsələ yalnız yeni bizneslərin yaradılması ilə məhdudlaşmamalıdır. Mövcud müəssisələrin, eləcə də yeni təşəbbüslərin inkişafına dəstək verilməlidir. Yeni ideyaların və biznes təşəbbüslərinin ortaya çıxması müsbət hal olsa da, əsas prioritet qeyri-neft sektorunun inkişafı olmalıdır.

Onun sözlərinə görə, qeyri-neft sektorunun daxilində xüsusilə ixracyönümlü sahələrin inkişafına diqqət yetirilməlidir. Bu istiqamətdə isə bir sıra ciddi problemlər mövcuddur. Bunlara maliyyə resurslarına çıxış imkanları, rəqabət mühitinin vəziyyəti, ədalətli və effektiv məhkəmə sisteminin təmin edilməsi, eləcə də inzibati maneələr daxildir.

X.Kərimli hesab edir ki, biznesin inkişafı üçün sadəcə yeni müəssisələrin qeydiyyata alınması kifayət deyil. Qeyri-neft sektorunun, xüsusilə ixracyönümlü bizneslərin inkişafına mane olan problemlər aradan qaldırılmalı, bu istiqamətdə sistemli və ciddi islahatlar aparılmalıdır.

Vüsalə Hüseynova,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью