Kağızsız hökumət

14.08.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kağızdan istifadənin azaldılması və elektron sənəd dövriyyəsinə keçidin təmin edilməsi dövrün əsas tələblərindən biridir. Bu həm də idarəetmə və iş proseslərinin daha səmərəli qurulması deməkdir. Bu baxımdan kağız sənədlərdən istifadənin azaldılması və elektron sənəd dövriyyəsinə keçid həm dövlət qurumları, həm də özəl sektor üçün mühüm istiqamətlərdən birinə çevrilir. Ölkədə son bir neçə ildə bu istiqamətdə mühüm addımlar atılır. Bir müddət öncə "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" da qəbul olunub. Əsas hədəflərdən biri kağızsız hökumət modelinə keçiddir. Bu çərçivədə dövlət qurumlarında sənəd dövriyyəsinin tam elektronlaşdırılması və kağızsız idarəetmə sisteminin tətbiqi planlaşdırılır. Dövlət qurumlarının daxili biznes proseslərinin azı 80 faizinin təhlili, müəssisə resurslarının planlaşdırılması (MRP) və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiq edilməsi planlaşdırılır. Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin olunacaq.

Plan mövcud xidmətlərin rəqəmsallaşdırılması ilə yanaşı, proaktiv modelə keçidi də nəzərdə tutur. Bu yanaşmaya əsasən, bəzi xidmətlər vətəndaşın əlavə müraciəti olmadan, sistem inteqrasiyası və məlumat mübadiləsi əsasında avtomatik təqdim ediləcək. "Yalnız bir dəfə" prinsipinin tətbiqi isə təkrar sənəd tələbini minimallaşdırmaqla bürokratik maneələri aradan qaldıracaq. Eyni zamanda "Dövlət məlumat hövzəsi"nin yaradılması və müxtəlif informasiya resurslarının ora inteqrasiyası məlumatların dürüstlüyünü, tamlığını və dəqiqliyini təmin edəcək.

Dövlət orqanlarında daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və "kağızsız hökumət"ə keçidin 2028-ci ilin iyul ayında 80 faiz başa çatdırılması nəzərdə tutulub.

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasovun sözlərinə əsasən, kağızsız hökumət modeli sadəcə sənədlərin rəqəmsal formata köçürülməsi deyil, həm də dövlət aparatında və cəmiyyətdə köklü bir rəqəmsal mədəniyyət (digital culture) transformasiyasıdır. Bu proses texnologiyanın təşviqi ilə yanaşı, iş prinsiplərini, qərar qəbulu mexanizmlərini və vətəndaş-məmur münasibətlərini tamamilə yeni müstəviyə daşıyır. Əsas məqsəd bürokratik vərdişlərdən imtina edərək, çeviklik, şəffaflıq və nəticəyönümlülük prinsiplərini ön plana çıxarmaqdır. SİMA biometrik imza kimi innovativ həllərin gündəlik iş rejiminə daxil olması, işçilərdə məsuliyyət hissini artırmaqla bərabər, rəqəmsal mühitə olan inamı da dərindən formalaşdırır: "Kağızsız hökumət" layihəsi çərçivəsində iradəli və qərarlı addımlar atmaqda davam edir. Bu layihə çərçivəsində yeni elektron hökumət portalı/tətbiqi "Super Portal" vizyonu daşıyır. Konsept belədir ki, dövlət və vətəndaş münasibətlərinin tam olaraq rəqəmsal müstəviyə keçirilməsi mərhələli olaraq nəzərdə tutulur. Yaradılacaq olan yeni nəsil rəqəmsal hökumət portalı/tətbiqinin məqsədi bütün qurumların xidmətlərini minimum "tık" ilə əl çatan etməkdir. Tətbiqdə maksimum funksionallıq nəzərdə tutulur. Yəni ki, "Kağızsız hökumət" vizyonunda vətəndaşlar arayış və digər bütün xidmətləri kağızsız elektron formada əldə edə və təqdim edə biləcəklər. Düşünürəm ki, bu proses vətəndaş məmnuniyyətinin və xidmət keyfiyyətinin yüksəlməsinə xidmət edərək, effektivliyi və çevikliyi təmin edəcəkdir".

Ekspert bildirib ki, rəqəmsal mədəniyyətin inkişafı həm də informasiya təhlükəsizliyinə yanaşmanın dəyişməsi deməkdir. Kağızsız mühitdə hər bir dövlət qulluqçusu artıq sadəcə bir icraçı deyil, həm də rəqəmsal məlumatların qoruyucusuna çevrilir. Bu keçid, "Hökumət Buludu" (G-Cloud) üzərindən həyata keçirilən ortaq iş mühitində şəxsi məsuliyyəti və rəqəmsal etika normalarını tələb edir. Beləliklə, texnologiya sadəcə bir alət rolunu oynayır, əsas inkişaf isə insanların bu alətlərdən səmərəli, təhlükəsiz və etik qaydalar çərçivəsində istifadə etmək bacarığında, yəni rəqəmsal intellektində (DQ) özünü göstərir.

Bu transformasiya həm də ekoloji təfəkkürün və iqtisadi səmərəliliyin rəqəmsal mədəniyyətlə vəhdətidir. Kağız israfının qarşısının alınması və fiziki arxivləşdirmənin ləğvi dövlət resurslarına qənaət etməklə yanaşı, iş proseslərini "vahid pəncərə" prinsipi ilə daha anlaşıqlı və əlçatan edir. Nəticədə, 2028-ci ilə qədər hədəflənən 80 faizlik göstərici, sadəcə sistemlərin yenilənməsi deyil, Azərbaycanın dövlət idarəçiliyində yeni bir rəqəmsal düşüncə tərzinin qalib gəlməsi demək olacaqdır".

Elvin Abbasovun dediyinə görə, cari sistemlər "e-Gov", "MyGov" və digər xidmətyönümlü sistemlərin hər biri daha çox informativ xarakter daşıyırdı və funksionallıq faiz olaraq çox az hissəsini təşkil edirdi. Dövrün yeni çağırışlarına əsasən dinamik, yenilənəbilən, insanyönümlü interaktiv və proaktiv sistemlər tələb edilir. Yeni çağırışlara əsasən artıq interaktiv, funksional sistemlərə ehtiyac var. Dövrümüzdə insanlar daha tez və daha çox funksional sistemlər istifadə etmək istəyirlər. Bu təcrübə dünyanın bir çox ölkələrində var. Bu dəyişimə çox ehtiyac var. İRİA "Kağızsız hökumət" layihəsi çərçivəsində iradəli və qərarlı addımlar atmaqda davam edir.

"Superportal" sistemin adı deyil, sistemin vizyonudur. Sistemin adının dəyişilməsində əsas psixoloji məqamlar var. Əgər əvvəlki sistemlərdə "e-Gov", "MyGov" və sair funksionallığa çevrilsəydi, insanların yaddaşında informativ və həmin sistem olaraq qalacaqdı. Lakin yanaşma dəyişəndə adı da yeni olmalıdı, insanlar yeni sistemi yeni adla formalaşdırsınlar deyə düşünürəm. Bunun üçün "Kağızsız hökumət" ümumi baxışdır, bunun altında var: "Qeyd edim ki, "Super Portal" vizyonu 3 əsas təməl prinsip üzərində qurulub: Vətəndaş yönümlü dövlət xidmətlər, "Kağızsız hökumət" və "Data əsaslı qərar qəbul edən hökumət".

Ekspert vurğulayıb ki, hazırda "e-Gov", "MyGov", "DXR.AZ" və regional hökumət portalı "rih.gov.az" resursları hamısı bir vahiddə - "Super Portal"da birləşəcək. Eyni zamanda digər qurumlarında sistemləri bura inteqrasiya olunacaq. Vətəndaş tək bir portalda ən az vaxt itkisi ilə öz məqsədlərinə uyğun işi görəcək, bura arayışlar almaq, sənəd statusunda arayış almaq mümkün olacaq. Əvvəl bu sənədləri bu saytda görürdünüz, lakin onu təqdim etdikdə qəbul olunmurdu, çünki rəsmi sənəd statusu daşımırdı. Lakin "Super Portal"da rəsmi sənəd statusunda arayışlar almaq mümkün olacaq: "Hazırda bu istiqamətdə dövlət tərəfindən işlər gedir. Bunlardan biri "Data" əsaslı qərar qəbul etmək, yəni "Data"nın təmizlənməsi və güvənilir olmasıdır. Təkrar "Data"ların olmamasıdır. Çünki qurumlarda vətəndaşlara aid təkrar "Data"lar var, bunlar tənzimlənməlidir. "Kağızsız hökumət" və vətəndaş yönümlü sistemlər yaradılmalıdır. Hər bir sistemin əsasında vətəndaş dayanır. Sistemlər elə tərtib və dizayn olunmalıdır ki, vətəndaş burda çox rahat və qısa yollarla öz hədəflərinə çatsınlar. Buraya biometrik imzalar, arayışlar sənəd statusunda olmalıdır, lazım olan yerə onlayn şəkildə arayış təqdim edilə bilməlidir. Bunun üçün QR kod texnologiyası tətbiq olunmalıdır".

İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, daha beş İcra Hakimiyyətinin İT sistemləri "Hökumət buludu"na köçürülüb. "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"na əsasən, Azərbaycanda elektronlaşma prosesinin daha sürətlənəcəyi gözlənilir. Fəaliyyət planında rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət və rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi mühüm prioritetlər kimi müəyyən edilib. Sənəddə əsas istiqamətlərdən biri də kağızsız hökumət modelinə keçiddir. Bu çərçivədə dövlət qurumlarında sənəd dövriyyəsinin tam elektronlaşdırılması və kağızsız idarəetmə sisteminin tətbiqi planlaşdırılır: "Plana əsasən, kağızsız hökumətin formalaşması fəaliyyət istiqamətinə uyğun olaraq əsas icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Kağızsız hökumət dövlət qurumlarının daxili biznes proseslərinin azı 80 faizinin (maliyyə, insan resursları, satınalma) təhlilini, müəssisə resurslarının planlaşdırılmasını və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiqini özündə ehtiva edir. Bu, müəssisə resurslarının planlaşdırılması və rəqəmsal iş axını sistemləri tətbiq olunan qurumların payının 40 faizi üstələməsinə gətirib çıxaracaq. Azərbaycanda kağızsız hökumətə keçid 2 il sonra - 2028-ci ilin iyul ayında reallaşacaq. Bununla da dövlət qurumlarında sənəd dövriyyəsinin və əməliyyatların 80 faizi rəqəmsal formata keçiriləcək. Bu, innovativ sahələrin ümumi daxili məhsuldakı payının artırılmasına, sahibkarlığın inkişafına, vətəndaşların dövlət xidmətlərindən istifadəsinin genişləndirilməsinə və dövlət idarəçiliyinin rəqəmsal transformasiyasına mühüm töhfə verəcək".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью