Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanin yeni Milli Assambleyasının ilk iclaslarının dava və insidentlərlə başlaması təəccüb doğurmamalıdır. Axı əvvəlki parlament seçkilərindən fərqli olaraq, budəfəki seçkilər qanunverici orqanda müxalif qüvvələrin sayının çoxalması, onların fraksiya yaratması, hətta vitse-spikerlərdən birinin onların düşərgəsindən seçilməsi ilə müşayiət olundu.
Göründüyü kimi, müxalifətin mandatlı üzvləri parlamentlərin elə ilk iclaslarında “diş göstərmək” qərarına gəliblər. “Güclü Ermənistan”ın elçisi Edqar Kazaryanın spikerin deputatlara münasibətini tənqid etməsini, məclisin yeni sədri Ruben Rubinyanın çıxışın iclasın gündəliyinə aid olmadığını bildirməsini, Kazaryanın mikrofonunu söndürməsini, ardınca onunı kürsüdən yerinə qaytarmaqdan ötrü zala təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırmasını məhz bu qəbildən insident kimi qələmə vermək olar.
Erməni mediası məlum qarşıdurmanın səbəbi kimi Ermənistan parlamentinin sədri Ruben Rubinyan sosial şəbəkədə paylaşdığı açıqlamanı nişan verirlər. Spiker həmin paylaşımında Ermənistanın müstəqilliyinin əsas düşmənləri qismində Ter-Petrosyan, Köçəryan və Sarkisyanın adlarını çəkib. O, keçmiş prezidentləri və onların siyasi varislərini ölkənin müstəqilliyinə qarşı fəaliyyət göstərməkdə ittiham edib: “Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan Ermənistanın müstəqilliyinin əsas düşmənləri olub və olaraq qalırlar.
Onların siyasi varisləri Ermənistanın müstəqilliyinə qarşı mübarizədə səylərini əsirgəmirlər və bunu Kaluqadakı ağalarının maraqları naminə edirlər. Aram Manukyana görə isə xüsusilə utanıram. O, faktiki olaraq, daha bir Levon Zurabyanına çevrilib. Bunların siyasi varisləri "Kaluqa ağaları" naminə Ermənistanın müstəqilliyinə qarşı mübarizədə heç bir cəhdi əsirgəmirlər. Amma Kaluqadan olan muzdlu qüvvələr müstəqil Ermənistan qarşısında məğlubiyyətə uğrayacaqlar”.
Etiraf etmək lazımdır ki, bu, gənc spiker üçün kifayət qədər sərt və siyasi cəhətdən cəsarətli açıqlamadır. Amma Rubinyan açıqlamasında “Amerikanı yenidən kəşf eləməyib, həqiqəti dilə gətirib. Bəli, istər Levon Ter-Petrosyan, istər Robert Köçəryan, istərsə də Serj Sarkisyan bu ardıcıllıqla Ermənistanın prezidenti olublar və hər üçü Qarabağın işğalı prosesində bilavasitə iştirak ediblər. Ermənistan daxilində hansı hoqqalardan çıxdıqlarını bir kənara qoysaq, bizdən ötrü onları birləşdirən ümumi cəhət məhz Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmələri, hər cür üsulla sülhdən yayınmalarıdır.
“Üçlər”ə bu “tarixi missiyalarını” həyata keçirməkdə, Qarabağın gorbagor olmuş statusunu qoruyub saxlamaqda isə şimal qonşumuzun rolu danılmazıdır. Ruben Rubinyanın Rusiya paytaxtının yaxınlığında yerləşən Kaluqa vilayətinin adını çəkməsi məhz eks-prezidentlərin haradan idarə olunduqlarına vurulan işarədir.
Bu kontekstdə başqa bir məqamı da xatırlatmağımız yerinə düşər. Bir qədər əvvəl gənc spikerin 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilmiş terror aktı ilə bağlı maraqlı açıqlaması gündəm olmuşdu. Rubinyan 27 il əvvəlki terror aktı ilə bağlı işin açılması üçün siyasi iradənin vacibliyinə dair suala “Ən əlverişli dövr cinayətdən dərhal sonrakı vaxtdır” cavabını verib. Onun fikrincə, o zaman bu cür ağır cinayətlərin sifarişçilərini müəyyənləşdirmək çətin deyildi: “Belə cinayətlərin sifarişçilərini müəyyənləşdirməyin ən asan yolu və ya bunun üçün ən əlverişli vaxt cinayətin törədilməsindən dərhal sonrakı dövrdür”.
Onu da oxucuların yadına salaq ki, 1999-cu ildə Robert Koçaryan prezident, Serj Sarkisyan isə milli təhlükəsizlik naziri idi. Yeri gəlmişkən, baş nazir Paşinyan da dəfələrlə bu məqama diqqət çəkib. O, çıxışlarında Qarabağın işğalı siyasətinin, Azərbaycan və Türkiyə ilə davamlı düşmənçiliyin Ermənistanın müstəqil dövlət kimi inkişafına mane olduğunu açıq vurğulayıb.
Həm 27 il əvvəl parlamentdə terrorun törədilməsində, həm də hazırda müxalifətin fəallaşmasında kələfin ucunun hansı konkret ünvana apardığına işarə vuran Rubinyan bununla erməni cəmiyyətinə mesaj ötürür. Bunlar reallığı olduğu kimi qəbul edən, keçmişin yanlışlarından və bu səbəbdən xalqının düçar olduğu acı aqibətdən düzgün nəticə çıxaran Ermənistanın yeni nəslinin dilindən səslənən həqiqətlərdir.
Paşinyanın komandasında sağlam siyasi düşüncəli, hadisələrə ayıq təfəkkürlə yanaşan cəsarətli kadrların çoxalması Ermənistan gələcəyinə ümidləri artırır. İnanmaq istərdik ki, “Kaluqalı muzdlular” rəsmi İrəvanın yeni formalaşan siyasi isteblişmentinin tutduğu doğru yola kötük diyirlətməyi bacarmayacaq, Ermənistan bir daha kənar qüvvələrin forpostuna çevrilməyəcək.
İmran BƏDİRXANLI
XQ