Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin Sivas vilayətində son illərin ən sərt və qarlı qış mövsümü yaşanır. Güclü qar yağışı və çovğun nəticəsində bölgənin kənd ərazilərində qarın qalınlığı 3 metrə çatıb.
BAKU.WS İHA-ya istinadən xəbər verir ki, Altınyayla rayonuna bağlı Başören kəndində yağan intensiv qar gündəlik həyatı iflic edib. Bina hündürlüyünə çatan qar yığınları görüntüsü ilə Rusiyanın Kamçatka bölgəsini xatırladıb.
Kənd sakinləri tövlələrdə saxladıqları heyvanlara yem vermək üçün qarda tunellər qazmaq məcburiyyətində qalıblar. Kənd sakini Bilal Erdoğan qarın üzərində hərəkət edərək tövləsinin damına çıxdığı anları videoya çəkib.
O bildirib ki, yaşadıqları yer nə Kamçatka, nə də Alyaskadır:
"Bura Altınyaylanın Başören kəndidir. Gördüyünüz kimi qar azalmaq əvəzinə daha da artır. Bundan sonra yalnız qarın əriməsi üçün dua edəcəyik. Güclü külək də başlasa, vəziyyət daha da təhlükəli ola bilər. Buz saçaqları demək olar ki, yerə qədər uzanıb".
Qeyd edək ki, Sivas qışın ən sərt keçdiyi bölgələrdən biri olsa da, bu il müşahidə olunan qar miqdarı son illərin rekord göstəricisi kimi qiymətləndirilir.