Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azadlıq, müstəqillik və öz taleyinə sahib çıxmaq hər bir xalqın tarixində ən ali məqam, ən böyük nailiyyətdir. Tarixin müxtəlif sınaqları ilə üzləşən, hərbi-siyasi təzyiqlərə, işğala və ağır məhrumiyyətlərə baxmayaraq, Azərbaycan xalqı heç bir zaman dövlətçilik əzminin sarsılmasına imkan verməmişdir. Əksinə, əsrlər boyu qəlbində yaşatdığı bu amalı qəhrəman övladlarının qanı və canı hesabına real həqiqətə çevirmişdir. Məhz bu tarixi mübarizənin və əldə olunan milli sərvətin mahiyyətini dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” 19 sentyabr 2024-cü il tarixli Sərəncamında xüsusi vurğulayaraq bildirmişdir ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozan Ermənistan 30 ildən çox bir müddətdə torpaqlarımızı işğal altında saxlamış, etnik təmizləmə siyasəti yürütmüş, şəhər və kəndlərimizi viran qoyaraq Xocalı soyqırımı kimi ağır hərbi cinayətlər törətmişdir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrası istiqamətində aparılan onilliklərlə danışıqlar nəticəsiz qaldıqdan sonra söz növbəsi Azərbaycan Ordusuna keçdi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu darmadağın edərək tarixi Zəfərə imza atdı. Ölkəmiz beynəlxalq hüququn aliliyini və BMT qətnamələrini öz gücü ilə təmin edərək torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi.
Deputat diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistan və onun Qarabağdakı qanunsuz rejimi konstruktiv mövqe nümayiş etdirmədi, sülh danışıqlarını hər vəchlə ləngitməyə çalışdı. BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan xunta rejiminin Azərbaycan ərazisində fəaliyyətini davam etdirməsi həm beynəlxalq hüquqa zidd, həm də suveren dövlətimiz üçün qətiyyən qəbuledilməz idi. Separatçı qüvvələrin və onların havadarlarının bitmək bilməyən hərbi-siyasi təxribatlarına cavab olaraq rəsmi Bakı tərəfindən atılan ardıcıl, peşəkar və qətiyyətli addımlar dövlət suverenliyimizin tam bərpasını qaçılmaz etdi. Bu yolda ilk həlledici addım 2023-cü il aprelin 23-də atıldı. Həkəri çayı üzərində Laçın Nəzarət-Buraxılış Məntəqəsinin qurulması ilə Azərbaycan bir güllə belə atmadan beynəlxalq səviyyədə tanınmış bütün sərhədləri boyunca ali dövlət hakimiyyətini və nəzarətini bərqərar etdi. Buna baxmayaraq, ərazidəki qanunsuz erməni silahlı birləşmələrinin təxribatları səngimədiyindən, 2023-cü il sentyabrın 19-da konstitusiya quruluşunun bərpa olunması və separatçıların tərk-silah edilməsi məqsədilə lokal antiterror tədbirlərinə start verildi. Cəmi 23 saat 43 dəqiqəyə parlaq qələbə ilə yekunlaşan bu əməliyyatdan sonra qondarma rejim özünü buraxdığını elan etdi və Azərbaycan öz suverenliyini ölkənin hər bir nöqtəsində tam bərpa etdi. Qazanılan bu həlledici Zəfərin bir illiyində - Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxış edən Prezident İlham Əliyev əldə olunan tarixi nəticənin geosiyasi və hüquqi çəkisini məhz bu sözlərlə xülasə etmişdir: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.
K.Bayramov əlavə edib ki, dövlət başçısının 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu tarix 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan çətin mübarizə yolunun məntiqi və şanlı kulminasiya nöqtəsidir. Dövlətimizin suverenlik zəfərini institusional və mənəvi müstəvidə daha da möhkəmləndirmək üçün 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmuş, müvafiq geniş Tədbirlər Planı təsdiq edilmişdir. Eyni zamanda Nazirlər Kabinetinin Qərarı ilə Bakı Metropoliteninin yeni stansiyalarından birinə “20 Sentyabr” adının verilməsi bu unudulmaz tarixi xalqımızın gündəlik yaddaşına həkk etmişdir.
Bu gün Azərbaycan xalqı öz tarixinin ən möhtəşəm dövrünü yaşayır. Ərazi bütövlüyümüz tam, sərhədlərimiz toxunulmaz, suverenliyimiz mütləqdir. Qazanılmış bu tarixi nailiyyətləri qoruyub saxlamaq, daxili sabitliyi və iqtisadi yüksəlişi daha da sürətləndirmək hər birimizin müqəddəs borcudur.
Müşfiq MİRZƏ
XQ