Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yanvar ayının 21-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2025-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
"Unikal" xəbər verir ki, müşavirəni giriş nitqi ilə açan Baş prokuror Kamran Əliyev bildirib ki, ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin 5-ci ildönümünün təntənə ilə qeyd olunduğu, “Konstitusiya və Suverenlik İli” elan olunmuş 2025-ci il xalqımızın və dövlətimizin tarixinə növbəti uğurlu il kimi daxil olub.
Qeyd olundu ki, hesabat ilində həmçinin iqtisadiyyatın inkişafı, yeni investisiya layihələrinin, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin icrası müvəffəqiyyətlə davam etdirilməklə, vətəndaşların sosial rifah halının yüksəldilməsi təmin edilib.
Baş prokuror 2025-ci il avqust ayının 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını xüsusi vurğulayaraq, bu nailiyyətin tarixi qələbəmizdən sonra, əldə edilmiş digər ən mühüm uğurumuz olduğunu qeyd edib.
Dövlət başçısının prokurorluq əməkdaşlarına göstərdiyi yüksək qayğının nəticəsi olaraq hesabat ilində Pirallahı, Nəsimi və Binəqədi rayon prokurorluqlarının yeni inzibati binaları, habelə Bakı şəhər prokurorluğunun yeni korpusu açılaraq prokurorluq əməkdaşlarının istifadəsinə verilib.
Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat verib.
Qeyd edilib ki, 2025-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14.104 cinayət hadisəsi törədilmişdir ki, onların 93,4 %-nin açılması təmin olunub.