Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 31 yanvar, AZƏRTAC
2025-ci il Azərbaycan səhiyyəsinin tarixi üçün unudulmaz bir dövr olub. Ölkəmizdə ilk dəfə donor orqandan, yəni meyit (kadavra) donorlarından orqan transplantasiyası əməliyyatları həyata keçirildi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev deyib.
O, qeyd edib ki, canlı donordan transplantasiya ölkəmizdə əvvəllər də icra olunurdu, lakin ürək kimi tək orqanların transplantasiyası yalnız beyin ölümü baş vermiş donorlardan həyata keçirilə bilər: “Bu proses mürəkkəb və kompleks olub, həm qanunvericilik, həm sosial-psixoloji, həm də tibbi və cərrahi mərhələləri əhatə edir”.
Kamran Musayev bildirib ki, bu uğurun əldə olunmasında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş səhiyyə strategiyası, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyəyə göstərdiyi diqqət və qayğı mühüm rol oynayıb.
“2025-ci ildə biz azərbaycanlı cərrahlar olaraq iki xəstəyə ürək transplantasiyası icra etdik. Bu əməliyyatlar həm ölkəmizdə, həm də Qafqaz regionunda ilk oldu və tarixə düşdü. Bu hadisə yalnız bir klinikanın deyil, bütün Azərbaycan səhiyyəsinin tarixi nailiyyətidir”, – deyə Kamran Musayev vurğulayıb.
Professor əlavə edib ki, transplantasiya əməliyyatları davamlı proqram çərçivəsində planlaşdırılır və hazırda Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzində rəsmi qeydiyyatda olan çoxsaylı xəstələr mövcuddur. Kamran Musayev bütün vətəndaşları donor olmağa dəvət edib: “Gözləyən xəstələrin həyatı donorların mövcudluğuna bağlıdır. Media nümayəndələrinin dəstəyindən istifadə edərək donorluğu artırmağa çağırıram”.