Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Kanada sentyabrın 8-dən etibarən bəzi Amerika mallarına ümumi dəyəri 27,6 milyard dollar olan 15%-dən 50%-dək cavab rüsumları tətbiq edəcək. Bu barədə Kanada Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Kanada Maliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, bu məqsədyönlü tədbir kanadalı işçiləri, fermerləri, balıqçıları, ailələri və biznesləri qoruyacaq, ABŞ-ın əsassız rüsumlarından zərər çəkən sahələri dəstəkləyəcək və kanadalı istehsalçıların daxili bazarda Amerika məhsulları ilə rəqabət aparmasına kömək edəcək.
Nazirliyin məlumatına görə, ABŞ istehsalı olan polad və alüminiuma tətbiq edilən rüsum 25%-dən 50%-ə qaldırılacaq. Məişət texnikası, süd məhsulları və bir sıra digər mallara 25%, elektrik cihazlarına isə 15% rüsum tətbiq olunacaq.
Avqustun 22-də ABŞ Kanada istehsalı olan bəzi mallara, o cümlədən pivə və pendirə 50%-lik rüsumlar tətbiq etmişdi. Bundan əvvəl iki ölkənin nümayəndələri bir neçə həftə ərzində ticarət sazişi üzərində çalışsalar da, kompromis əldə edə bilməmişdilər.
ABŞ Prezidenti Donald Trampın daha əvvəl açıqladığı plana əsasən, 2027-ci il yanvarın 1-dən Kanadadan idxal olunan bütün minik və yük avtomobilləri, avtomobil hissələri və polada tətbiq edilən rüsumların 50%-ə çatdırılması nəzərdə tutulur.
S.ELAY
XQ