Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kanada hakimiyyəti son bir il ərzində ABŞ tərəfindən mümkün hərbi müdaxilə ssenarisinə hazırlıq görüb.
Bunu Kanadanın Baş naziri Mark Karni The New York Times qəzetinə müsahibəsində bildirib.
Karni qeyd edib ki, Kanada hökuməti belə bir ssenarini son dərəcə az ehtimal olunan hal kimi qiymətləndirib. Bununla belə, onun sözlərinə görə, dövlət rəhbərləri hətta baş verməsi ehtimalı çox aşağı olan fövqəladə riskləri də nəzərə almalıdırlar.
"Düşünürəm ki, belə vəzifələrdə olan insanlar hətta son dərəcə az ehtimal olunan fövqəladə riskləri də qiymətləndirməlidirlər", - deyə Karni bildirib.
Baş nazir vurğulayıb ki, söhbət ABŞ-ın Kanadaya müdaxiləsinin əsas ssenari kimi qəbul edilməsindən getmir. "Bu, sadəcə risklərin izlənilməsidir. Bu, əsas ssenari deyil, amma buna hazırlaşmamaq məsuliyyətsizlik olardı", - deyə o əlavə edib.
Karni ABŞ Prezidenti Donald Trampın Kanadanı ABŞ-ın 51-ci ştatına çevirmək istəyi ilə bağlı açıqlamalarına da toxunub. Bununla yanaşı, Kanada ABŞ-ın "Starlink" peyk rabitə sistemindən asılılığını azaltmaq niyyətindədir.
"Starlink məsələsində, şübhəsiz ki, diversifikasiya həyata keçirəcəyik", - deyə Kanada Baş naziri bildirib.
Onun sözlərinə görə, Ottava bu sahədə Avropa ölkələri və Cənubi Koreya ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.
The New York Times-ın yazdığına görə, Kanada hökuməti ABŞ istehsalı olan 88 ədəd F-35 qırıcısının alınması ilə bağlı planlarını da yenidən nəzərdən keçirir. Ottava bunun alternativi kimi Avropa istehsalçılarından hərbi təyyarələrin alınması imkanını nəzərdən keçirir.
Karni, həmçinin qlobal maliyyə sisteminin böyük ölçüdə ABŞ dollarından asılı olmasını qeyri-sabit vəziyyət hesab etdiyini bildirib. Bununla belə, Kanada Baş naziri Donald Trampla münasibətlərini müsbət qiymətləndirib: "Mənim fikrimcə, münasibətlərimiz yaxşıdır. Biz bir-birimizə zəng edib müxtəlif məsələləri müzakirə edə bilirik". /"Report"