Kanada Aİ nin “assosiativ üzvü” olacaqmı?

18.09.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Brüsselin yeni tərəfdaşlıq planı və Vaşinqton amili

Çox güman ki, həmin fotoşəkli siz də görmüsünüz. Söhbət Ursula Fon der Lyayenin Mark Karnini qucaqladığı fotodan gedir. İlk baxışda diplomatik protokol görüntüsünə bənzəyən fotoşəklin arxasındakı hekayə qucaqlaşmanın özündən daha maraqlıdır. Çünki fon der Lyayen şəkil çəkilməzdən bir neçə dəqiqə əvvəl Avropanın gələcəyi üçün yeni bir siyasi formul – Kanadanın Avropa İttifaqının ilk “assosiativ üzvü” ola biləcəyi barədə fikirlər səsləndirmişdi.

Keçək məsələnin özülünə. İlk növbədə qısa xatırlatma edək ki, təklif sentyabrın 16-da Strasburqda Avropa Parlamentində keçirilən “Birliyin vəziyyəti” çıxışında səsləndirilib və Mark Karninin iştirakı ilə parlamentdə ayaqüstə alqışlarla qarşılanıb. Fon der Lyayen çıxışında Kanada ilə münasibətlərin, sadəcə, ticarət razılaşması səviyyəsində qalmasının artıq kifayət etmədiyini vurğulayıb. Onun sözlərinə görə, dəyişən beynəlxalq sistem Avropanı ənənəvi tərəfdaşlıq modellərinə yenidən baxmağa məcbur edir. Fon der Lyayenin “Kanadanın Aİ-nin ilk assosiativ üzvü olması üçün qapını açmaq” təklifi də məhz bu vəziyyətlə bağlıdır.

Maraqlıdır, proses bu qədər sadədirmi? Əvvəla, bir məqamı nəzərə almaq lazımdır ki, Aİ-nin mövcud qaydalarında “assosiativ üzv” deyilən rəsmi status yoxdur. Yəni söhbət hazırda mövcud olan hazır model əvəzinə yeni əməkdaşlıq formasının yaradılmasından gedir. Təklifin reallaşması üçün Aİ-yə üzv ölkələrin razılığı lazımdır. Kanadanın Baş naziri Mark Karni də bu təklifə müsbət yanaşıb. Kanada hökumətinin məlumatına görə, Karni və Fon der Lyayen CETA-dan daha geniş yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər. Tərəflər kritik minerallardan müdafiə sənayesinə, süni intellektdən enerjiyə, kosmosdan rəqəmsal ticarətə qədər bir sıra sahələrdə əlaqələri genişləndirməyi nəzərdən keçirirlər.

ARAYIŞ: CETA — Kanada ilə Avropa İttifaqı arasında imzalanmış Hərtərəfli İqtisadi və Ticarət Sazişidir. Saziş 2016-cı ildə imzalanıb və 2017-ci ildən müvəqqəti tətbiq olunur. Bu sənəd tərəflər arasında gömrük rüsumlarının böyük hissəsinin aradan qaldırılmasını və ticarətə çıxışın asanlaşdırılmasını nəzərdə tutur. Bununla yanaşı, saziş xidmətlər, investisiyalar və dövlət satınalmaları kimi sahələrdə də əməkdaşlığı genişləndirir.

Fon der Lyayenin son açıqlaması, daha doğrusu, təklifin ilk dəfə belə açıq şəkildə gündəmə gətirilməsi siyasi baxımdan diqqət çəkir. Bəs niyə məhz Kanada? Cavabın bir hissəsi coğrafiyada, digər hissəsi isə dəyişən dünya siyasətində gizlənir. Kanada Avropadan uzaqda yerləşsə də, siyasi baxımdan Avropaya kifayət qədər yaxındır. Tərəflər demokratiya, beynəlxalq qaydalara əsaslanan sistem və təhlükəsizlik məsələlərində uzun illərdir əməkdaşlıq edirlər. İndi isə bu münasibətlərə müdafiə, enerji, texnologiya və strateji resurslar kimi sahələr də əlavə olunur. Xüsusilə təhlükəsizlik məsələsi ön plana çıxır. Avropanın son illərdə üzləşdiyi geosiyasi təzyiqlər Brüsseli ənənəvi müttəfiqlərindən kənarda da daha sıx əməkdaşlıq imkanları axtarmağa vadar edir. Kanada isə həm NATO üzvüdür, həm də Arktikada mühüm mövqeyə malikdir. Bu iki amil onu Avropa üçün sıradan bir tərəfdaşdan daha əhəmiyyətli edir. Arktika məsələsi isə ayrıca diqqət çəkir. Dünyanın şimalında buzlaqların əriməsi yeni iqtisadi imkanlarla yanaşı, təhlükəsizlik və geosiyasi rəqabəti də artırır. Kanada həmin bölgədə əsas dövlətlərdən biridir. Avropa üçün isə Arktikada baş verənlər artıq uzaq coğrafiyanın problemi hesab olunmur. Ona görə də Ottava ilə Brüsselin bu istiqamətdə daha sıx işləməsi hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır.

Sözsüz ki, məsələ, sadəcə, Brüssel və Ottava arasındakı münasibətlərlə məhdudlaşmır. Kanadanın Avropaya bu qədər yaxınlaşması Vaşinqtonun da diqqətindən yayınmayıb və ABŞ Prezidenti Donald Trampın reaksiyası prosesə tamam başqa istiqamət əlavə edib. O, Avropa İttifaqının Kanadaya “assosiativ üzvlük” statusu verməsi halında sərt iqtisadi tədbirlərlə cavab verə biləcəyini bildirib. Tramp belə bir addımı ABŞ-a qarşı yönəlmiş “düşməncəsinə hərəkət” kimi qiymətləndirəcəyini də vurğulayıb.

ABŞ lideri, həmçinin Kanadanın belə bir status əldə etməsini “gülünc” adlandırıb. “Kanada çox pis ticarət tərəfdaşı olub. Əgər bunun düşməncəsinə bir addım olduğunu düşünsəm, Avropaya qarşı çox ciddi tariflər tətbiq edəcəyəm və ya bir çox sahədə Avropa ilə ticarəti dayandıracağam”, – Tramp deyib.

Elə Trampın fikirlərindən də göründüyü kimi, Brüsselin Kanada ilə münasibətləri dərinləşdirmək təşəbbüsü, sadəcə, Avropa və Kanada arasında müzakirə edilən məsələ olmaqdan çıxıb. Vaşinqtonun sərt reaksiyası bu yaxınlaşmanın iqtisadi tərəfi qədər siyasi tərəfinin də diqqətlə izlənildiyini təsdiqləyir. Maraqlıdır, Avropa İttifaqı Kanada ilə yeni münasibət modelini qurarkən ABŞ-la onsuz da həssas olan ticarət və siyasi əlaqələrini hansı səviyyədə qoruyub saxlaya biləcək?

Sonda qeyd edək ki, “assosiativ üzvlük” hələlik təklif olsa da, Avropanın dəyişən dünyada yeni tərəfdaşlıqlara hazırlaşdığını göstərir. Kanada üçün Avropa yeni imkanların, Brüssel üçün isə yeni strateji tərəfdaşlığın ünvanına çevrilir. Elə yazının əvvəlində bəhs etdiyimiz o qucaqlaşma fotosunun, sadəcə, foto olaraq qalacağı, yoxsa Avropa ilə Kanada arasında yeni siyasi mərhələnin başlanğıcı olacağını isə zaman göstərəcək.

Nəzrin ELDARQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью