Kanada Dünya Çempionatı ilə əlaqədar viza nəzarətini gücləndirəcək

28.01.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 28 yanvar, AZƏRTAC

Kanadanın Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyi, sığınacaq müraciətlərinin artmasının qarşısını almaq məqsədilə futbol üzrə Dünya Çempionatı üçün ölkəyə səyahət edən xarici vətəndaşlara viza verilməsi qaydasını sərtləşdirib.

AZƏRTAC xəbər verir ki, “The Globe and Mail” qəzeti bu barədə nazirliyin açıqlamasına istinadla məlumat yayıb.

“Nazirlik bütün sığınacaq müraciətlərini yaxından izləyəcək. Çempionat oyunları kimi tədbirlər sığınacaq üçün əsas təşkil etmir”, - deyə nazirliyin nümayəndəsi İzabel Dyubua bildirib.

Bir müddət öncə Eritreyanın hakimiyyət orqanları oyunçularının başqa ölkələrdə sığınacaq almağa cəhd edəcəyindən ehtiyatlanaraq milli futbol komandasını Dünya Çempionatının seçmə oyunlarında iştirakdan kənarlaşdırmışdı.

2010-cu ildə Kanadanın Vankuver şəhərində keçirilən Qış Olimpiya Oyunları zamanı tədbir təşkilatçıları da daxil olmaqla, doqquz ölkənin 22 vətəndaşı sığınacaq üçün Ottavaya müraciət etmişdi.

Xatırladaq ki, 2026-cı il FIFA Dünya Çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə iştirak edəcək komandaların sayı ilk dəfə olaraq 48-ə qaldırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью