Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Nvidia şirkətinin baş direktoru Jensen Huangla nikahdankənar münasibətdə olduğu iddia edilən Alis Huangın Çin kəşfiyyatı ilə əlaqəli olduğuna dair məlumatların yayılmasından sonra Kanadanın Xarici İşlər Nazirliyinin oxşar halların qarşısını almaq üçün yeni qayda hazırladığı bildirilir.
Turkustan.az xəbər verir ki, Kanadada nəşr olunan “National Post” qəzetinin məlumatına görə, Xarici İşlər Nazirliyi Çin və Rusiya kimi “yüksək riskli” ölkələrdə xidmət edən diplomatlara həmin ölkələrin vətəndaşları ilə romantik münasibətlər qurmağı qadağan etməyi planlaşdırır.
İlin əvvəlindən hazırlandığı bildirilən yeni qaydanın əsas məqsədi xarici kəşfiyyat xidmətlərinin diplomatları şəxsi həyatları vasitəsilə hədəfə almasının qarşısını almaqdır.
Qaydaya əsasən, sözügedən ölkələrdə fəaliyyət göstərən Kanada diplomatlarına yerli vətəndaşlarla romantik münasibətlər qurmaq və tanışlıq tətbiqlərindən istifadə etmək qadağan ediləcək.
Çin və Rusiyadakı Kanada səfirliklərinin əməkdaşlarına yeni qaydalar barədə yay aylarında məlumat verilsə də, onların nə vaxt qüvvəyə minəcəyi hələ açıqlanmayıb.
Xüsusilə subay diplomatların dördillik xidmət müddətində şəxsi həyatlarını məhdudlaşdıracaq bu qərara mənfi reaksiya verdikləri bildirilir. Bununla belə, Kanada diplomatlarının evlənməzdən əvvəl təhlükəsizlik yoxlamalarından keçməsi də daxil olmaqla, artıq bir sıra təhlükəsizlik tədbirlərinə əməl etdikləri qeyd olunur.
Aytən Yaşar/ Turkustan.az