Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində Mərkəzi laboratoriya tərəfindən Böyükşor gölündən götürülmüş su nümunələrinin analiz nəticələrinə görə göldə yeni fekal çirklənmə, yəni kanalizasiya sularının axıdılması faktı təsdiq edilmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xidmətin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, göl suyunda ammonium ionunun qatılığının aşağı olması yeni fekal çirklənmənin olmadığına dəlalət edir.
“Göl suyunun mühit reaksiyasının qələvi olması və səthi aktiv maddələrin aşkarlanması suda daha çox yuyucu vasitələrin (detergentlər) mövcudluğunu göstərir.
Yüksək elektrik keçiriciliyi, həll olmuş duzların və xloridlərin yüksək miqdarı küləksiz günlərdə səthi aktiv maddələrin suda qeyri aktiv formada olmasına səbəb olur.
Küləkli hava şəraitində isə suyun mexaniki qarışması və hava ilə təmasının artması nəticəsində səthi aktiv maddələr səthdə toplanaraq köpük əmələ gətirir. Bu, sabunlu sular üçün tipik olan fiziki reaksiya ilə şərtlənən köpüklənmə effektidir, yəni ani çirklənmə hadisəsi deyil”, - məlumatda deyilir.