Kanar adaları yolunda faciə: 80 dən çox miqrant həyatını itirib

04.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Paris, 4 sentyabr, AZƏRTAC

Qambiyadan Kanar adalarına yola çıxan qayıqda 80-dən çox miqrant həyatını itirib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, qayıq avqustun 7-də Qambiyadan 128 nəfərlə yola çıxıb. Sentyabrın 2-də Böyük Kanariya adasının təxminən 100 kilometrliyində aşkarlanan qayıqdan 44 sağ qalan şəxs və 5 nəfərin meyiti çıxarılıb.

Sərnişinlərin dörd həftə dənizdə qaldığı və sağ qalanların ciddi şəkildə zəiflədiyi bildirilir. Onların Qambiya və Mali vətəndaşları olduğu qeyd edilir.

Kanar adalarına aparan Atlantik marşrutu Avropaya gedən ən təhlükəli miqrasiya yollarından biridir. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2025-ci ildə bu marşrutda 1214 miqrant ölüb və ya itkin düşüb. 2026-cı ilin əvvəlindən isə Qərbi Afrika və Atlantik marşrutunda 345 ölüm və itkinlik qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью