Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyanın Kanar adalarında miqrant axınının kəskin artması səbəbindən yerli hökumət hərbi qüvvələrin dəstəyinə müraciət edib. Xüsusilə El-Hyerro adasında vəziyyət gərginləşib. Cəmi 12 minə yaxın əhalisi olan adaya bir ay ərzində təxminən 15 min miqrant gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Noyabrın 24-də adaya təxminən 2100 miqrant çatıb. Onların arasında qadınlar, uşaqlar və körpələr də olub. Miqrantlardan biri Qərbi Afrikadan İspaniyaya qayıqla səfər zamanı dünyaya gələn cəmi dörd günlük körpədir.
Kanar adalarının regional hökumətinin rəhbəri Fernando Klavixo baş verənləri "tarixə düşən, lakin kədərli gün" adlandırıb. O, mövcud vəziyyətin qəbuledilməz olduğunu və prosesə nəzarətin itirildiyini bildirib.
Yerli hakimiyyət yaranmış çətinlikləri aradan qaldırmaq üçün İspaniyanın fövqəladə hallarda fəaliyyət göstərən hərbi-xilasetmə bölməsi – UME-dən yardım istəyib. Əsas məqsəd adada sanitar-epidemioloji təhlükəsizliyi təmin etmək və mümkün sağlamlıq risklərinin qarşısını almaqdır.
Miqrantların sayını azaltmaq üçün onların bir hissəsinin digər adalara və İspaniyanın materik ərazisinə köçürülməsi planlaşdırılır. Məlumata görə, təxminən 800 nəfərin Tenerifeyə aparılması nəzərdə tutulub. Digər miqrantların isə təyyarələrlə ölkənin materik hissəsinə göndərilməsi planlaşdırılır.
Fernando Klavixo Avropa İttifaqından da təcili dəstək gözlədiklərini bildirib. O, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə təxirəsalınmaz görüş keçirilməsini və Brüsselin vəziyyətə müdaxilə etməsini tələb edib.
Qeyd olunur ki, noyabr ayında Kanar adalarına miqrant daşıyan qayıqların gəlmədiyi cəmi beş gün olub. Bu göstərici bölgədə miqrasiya təzyiqinin miqyasını ortaya qoyur.
Aydın