Kanat qəzasında məsuliyyət kimdədir? Təhlükəsizlik eksperti DANIŞDI

09.09.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün “Şəki yaylası”nda əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib.

Bəs həmin kanat sistemində nəzarətə kim cavabdehdir? Sistemin yoxlanılması hansı aralıqlarda aparılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhlükəsizlik eksperti Samir Nəbiyev vurğuladı ki, 8 noyabr tarixində baş vermiş hadisə üzrə prokurorluq tərəfindən araşdırma aparılır:

"Ona görə də ekspertiza nəticələri olmadan konkret nasazlıq və ya şəxslərin təqsiri barədə qəti fikir bildirmək düzgün olmaz. Trosun qırılmasına gəlincə, burada məlumat hadisənin necə baş verdiyini göstərə bilər, amma niyə və nə üçün baş verdiyi ayrıca araşdırılmalıdır".

Ekspert kanat sistemində nəzarətə kimin cavabdeh olduğunu qeyd etdi:

"Burada təhlükəsiz istismarın təşkilinə ilk növbədə qurğunu işlədən müəssisə cavabdehdir. Müəssisə məsul şəxsi təyin edir. Bu, daxili əmrlə də icra olunmalıdır. O cümlədən, hazırlıqlı operatorlar işləməli, operator müvafiq formada təlim və təlimatlandırmadan keçmiş şəxs olmalı, texniki xidmət və texniki baxışlar təşkil edilməlidir. Bu, gündəlik nəzarət edən orqanın gündəlik rutinləridir.

Attraksionların texniki təhlükəsizliyinə dövlət nəzarətini isə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həyata keçirir. Dövlət yoxlaması müəssisənin gündəlik nəzarət öhdəliyini əvəz etmir. Yəni sadəcə dövri yoxlamalar icra olunur — planlı və növbədənkənar. O proses ərzində gəlib hər hansı bir qüsur aşkarlanarsa, fəaliyyəti dayandıra bilər və yaxud da icrası məcburi olan göstəriş verə bilər".

Samir Nəbiyev kanat sistemində yoxlamaların aparılması məsələsinə də toxundu:

"Burada gündəlik baxışları və dövlət texniki müayinəsini fərqləndirmək lazımdır. FHN gündəlik baxış keçirilməsini tələb edir. Praktik olaraq, bu baxış ziyarətçilər qurğulardan istifadə etməzdən əvvəl təlim keçmiş, səriştəli əməkdaş tərəfindən aparılmalı və nəticələr qeydə alınmalıdır. Yəni bu, vizual inspeksiyadır. Digər, qeyri-dağıdıcı üsullarla aparılan inspeksiyalar da var və bu, daha geniş sahədir. Amma ilkin olaraq vizual inspeksiyada, yəni gözlə görünən hər hansı bir formada uyğunsuzluq və ya qüsur aşkarlanarsa, artıq istismar prosesi dayandırılmalıdır.

FHN-in rəsminin açıqlamasına görə, attraksionlar ən azı 12 aydan bir texniki yoxlamadan keçməlidir. Lakin bu, ildə bir dəfə yoxlamağın kifayət etdiyi demək deyil. Bu, sadəcə dünya təcrübəsindən də irəli gələn bir yanaşmadır. Tros, kanat, liftlər, ümumiyyətlə, qaldırıcı qurğulardır — ildə minimum bir dəfədən az olmayaraq yoxlanılmalıdır. Təhlükəsizliyə təsir edən təmir, dəyişiklik və hadisədən sonra yenidən istifadədən əvvəl əlavə yoxlamanın zəruriliyi qiymətləndirilməlidir. Konkret müayinə və sınaq proqramı qurğunun növünə və istismar sənədlərinə uyğun seçilməlidir".

Həmsöhbətimiz mütləq icra edilməli olan təhlükəsizlik tələblərini vurğuladı:

"Mexanikləşdirilmiş attraksionun texniki pasportu, tələb olunan qeydiyyat və istismara buraxılma sənədləri olmalıdır. Operatorun hazırlığı və attestasiyası təmin edilməli, istifadəçilər təhlükəsizlik qaydaları barədə təlimatlandırılmalıdırlar. Yəni burada attestasiya prosesində biliklərinin qiymətləndirilməsi, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərin yoxlanılması nəzərdə tutulur. Sənədin mövcudluğu isə qurğunun həmin gün faktiki saz olmasını yoxlamaq ehtiyacını aradan qaldırmır. Yəni sənəd ola bilər, yenə də qurğu istismara yararsız ola bilər. Məsələ budur. Texniki nəzarət yalnız trosla məhdudlaşdırılmamalıdır. Dayaqlar, bərkitmə nöqtələri, birləşmələr, əyləc və sərnişini qoruyan sistemlər birlikdə yoxlanılmalıdır. Tələb olunan hissələrdə dağıtmadan nəzarət üsulları, yəni qeyri-dağıdıcı nəzarət üsulları tətbiq edilməli, aşınmış komponentlər müəyyən edilmiş meyarlara əsasən dəyişdirilməlidir. İcazə verilən çəki, sərnişin sayı və hava şəraiti məhdudiyyətləri gözlənilməli, hər istifadədən əvvəl sərnişinin düzgün bərkidilməsi yoxlanılmalıdır".

Onun sözlərinə görə, qurğunun növünə uyğun qəza zamanı dayandırma və təhlükəsiz təxliyə imkanları, hündürlükdən xilasetmə planı, lazımi avadanlıq və hazırlıqlı heyət olmalıdır:

"Yəni lazımi heyət dedikdə, burada xilasetmə planını icra edəcək xilasetmə dəstəsi olmalıdır. Təhlükəsizliyə təsir edən nasazlıq aşkarlandıqda fəaliyyət dayandırılmalı, təhlükəsiz vəziyyət təsdiqlənmədən bərpa edilməməlidir. Əsas prinsip isə texniki yoxlamanın sadəcə sənəddə imza deyil, insan həyatını qoruyan real nəzarət olmasıdır".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью