Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, “Fənərbağça” uzunmüddətli və qalmaqallı prosesin yekununda “Əl-İttihad”ın mərkəz yarımmüdafiəçisi N'Qolo Kanteni heyətinə qata bilib. Sənədlər tamamlanmadığı üçün transferin baş tutmayacağı barədə hər iki klub açıqlama yaysa da, bu gecə Kantenin “Sarı kanarya”ya keçidi rəsmiləşib.
Yeniavaz.com xəbər verir ki, artıq mümkünsüz hesab edilən transfer Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sayəsində həyata keçirilibmiş.
Bu barədə “Fənərbağça” Prezidenti Sadettin Saran açıqlama verib.
“İstər “Fənərbağça”nın, istərsə də Türkiyə futbolunun inkişafına töhfə verəcək bu prosesin müsbət nəticələnməsinə verdiyi mühüm dəstəyə görə prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana öz adımdan və klubum adından minnətdarlığımı bildirirəm”, - Saran bildirib.
İdman jurnalisti Erdem AKbaş isə məsələnin təfərrüatlarını açıqlayıb:
“Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri zamanı təyyarədə olarkən N'Qolo Kantenin transferindəki problemi, “Əl-İttihad”ın sənədləri sistemə gec daxil etməsini öyrənir.
Ər-Riyada eniş edən Ərdoğan görüşlərinə başlamazdan əvvəl Şahzadə Salmanla Kante transferi barədə danışıb və məsələnin həllini istəyib. Şahzadə Salman əvvəlcə Federasiya prezidenti, sonra isə FIFA ilə əlaqə saxlayıb, lazımi prosedurların həyata keçirilməsini təmin edib.
Prezident Ərdoğanın xahişindən sonra N'Qolo Kantenin transferi yekunlaşıb”.
Qeyd edək ki, yarımmüdafiəçi ilə Türkiyə klubu arasında müqavilə 2028-ci ilin iyun ayına qədər imzalanıb.