Kapadokiya: “Günəşin ən gözəl qürubu”

01.08.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu möcüzəli mənzərə çoxsaylı turistdə heyranlıq yaradır

Heyranedici mənzərələri və qədim qaya formaları ilə tanınan, UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil edilən Türkiyənin Kapadokiya bölgəsi Böyük Britaniyanın nüfuzlu turizm şirkəti tərəfindən aparılan araşdırmaların nəticələrinə görə, Günəşin qürubunu izləmək üçün “Dünyanın ən yaxşı məkanı” seçilib.

Qardaş ölkənin bu mərkəzi bölgəsi hava şəraiti, mənzərə gözəlliyi, ziyarətçi təcrübələri və sosial media fəallığı meyarları əsasında qiymətləndirilərək, 100 maksimum baldan 86,1 bal toplayıb və qlobal reytinqdə liderlik edib. Beləcə, Kapadokiya sözügedən nominasiyada Havaydakı “Vaikiki” çimərliyini, ABŞ-dakı “Böyük Kanyon” və Hindistandakı “Tac Mahal” kimi beynəlxalq səviyyədə tanınmış turizm marşrutlarını geridə qoyub.

Milyonlarla il əvvəl vulkanik fəaliyyət nəticəsində yaranmış özünəməxsus “Pəri bacaları” (təbii qaya sütunları), dərin dərələr və qayalarda oyulmuş, əsrlərlə yaşı olan qədim yaşayış məskənləri ilə tanınan Kapadokiya bugünümüzdə çox sayda ziyarətçilərə qırmızı, narıncı və qızılı rənglərin təbii çalarları ilə işıqlanan möhtəşəm Günəş qürubu mənzərələrini təqdim edir.

Günəşin hər axşam üfüqün arxasında “gizlənməsi”ni izləmək üçün bölgədəki “Qızıl dərə” (“Qızıl çuxur”), “Görəmə”, “Uçhisar” və “Ortahisar” adlı kənd və qəsəbələr daha münasib hesab olunur. Hazırda əsasən daha çox həmin məntəqələrdə minlərlə yerli və xarici turist toplaşaraq, Günəşin batması zamanı səmanın dəyişən heyrətamiz rənglərini seyr edirlər.

Qeyd etmək lazımdır ki, Kapadokiyada turistlərə Günəşin qürubu mənzərəsini daha da zənginləşdirən müxtəlif açıq hava fəaliyyətləri, o cümlədən avtomobil və motosiklet safariləri, atlı gəzintilər və panoramik müşahidə meydançaları təklif edilir. Yeri gəlmişkən, Günəşin qürubu zamanı uşaqların diqqətini xüsusilə cəlb edən hava balonu uçuşları da nümayiş etdirilir. Günəşin üfüqdən tədricən gözdənitmə səhnələri böyüklərin diqqətini daha çox cəlb edir. Onlar uşaq və yeniyetmələrdən fərqli olaraq ən çox məhz həmin anlara fokuslanırlar.

Ankarda türk və ingilis dillərində nəşr olunan populyar “The Daily Sabah Newspaper” qəzeti bugünlərdə hazırladığı reportajda yazıb ki, təbii gözəllikləri ilə yanaşı, Kapadokiya qayalarda oyulmuş dini abidələri, yeraltı şəhərləri, tarixi daş evləri və minillik mədəni irsi ilə beynəlxalq səviyyədə tanınır və bu da onu təkcə ölkənin deyil, bütövlükdə, dünyanın əhəmiyyətli turizm məkanlarından birinə çevirir.

Qəzetə eksklüziv müsahibələr verən ziyarətçilər bölgədə Günəşin qürubu mənzərəsini seyr etməyin unudulmaz hiss olduğunu söyləyiblər. Məsələn, Kapadokiyaya ilk dəfə səfər edən Yasemin İlgın adlı almaniyalı turist bu səhnədən böyük zövq aldığını və bölgənin turizm sahəsində ən yüksək pilləyə layiq olduğunu bildirib: “Kapadokiyaya ilk dəfədir gəlirəm. Bu mənzərə çox xoşuma gəldi. Düşünürəm ki, bura dünyada birinci yeri tutmağa həqiqətən layiqdir”.

Ziyarətçi Abdulkadir Önügören isə hər bir turistin Kapadokiyanı həyatında, heç olmasa, bir dəfə də olsa, görməli olduğunu qeyd edib: “Hər kəs gəlib Kapadokiyanı görməlidir. Burada Günəşin batmasını canlı olaraq izləmək qeyri-adi, özəl bir duyğudur. Daha əvvəl sosial mediada Kapadokiyanı görmüşdüm. Bu da məndə bura gəlib həmin həyəcanı yaşamaq arzusu yaratmışdı”.

Türk əsilli hollandiyalı turist Berke Eren Kapadokiyaya ailəliklə Günəşin ən gözəl qürubunu seyr etmək üçün gəldiyini söyləyib: “Dünyanın ən gözəl gün batımını izləmək üçün Kapadokiyaya gəldik. Burada gördüklərim gözləntilərimdən də möhtəşəmdir”.

Kapadokiyaya ilk dəfə səfər edən rusiyalı turist də bu inanımaz təcrübəni dərin emosional hisslərlə xarakterizə edib: “Bura ilk gəlişimdir. Ağlasığmaz dərəcədə gözəldir, mənzərəsi isə insanı heyran qoyur. İlk dəfə görəndə çox duyğulandım, hətta kövrəlib ağladım. Kapadokiya sevgini özündə əks etdirən çox romantik məkandır”.

Türkiyənin başqa bir bölgəsindən bura gələn Berfin Çavdar isə Kapadokiyadakı ümumi xoş və səmimi ovqatın yaxın–uzaq məmləklətlərdən təşrif buyuran ziyarətçilərə daxili rahatlıq, dinclik hissi bəxş etdiyini deyib: “Burada insan özünü tamamilə fərqli bir dünyada hiss edir. Bu mənzərə fonunda günün üfüqdə qeyb olmasını izləmək, həqiqətən, unudulmaz fürsətdir. Xoşbəxtlikdən, Günəş bizi əbədi tərk etmir, o, sabah yenidən doğacaq. Bir sözlə, həyat gözəldir, qardaş!”.

Yusif HÜSEYNOV,
“JA and ST” turizm şirkətinin rəhbəri

Turizm müasir dövrdə qlobal iqtisadiyyatın sürətlə inkişaf edən istiqamətlərindən biridir. Xoşbəxtlikdən, qardaş Türkiyə son onillikər ərzində turizmin təşkili və inkişafında öz sözünü demiş dövlətlərdən sayılır. Türkiyənin əlverişli coğrafi mövqeyi, tarixi mədəniyyət abidələri, inkişaf etmiş infrastrukturu, eləcə də yüksək səriştəli kadr potensialı mövcuddur. Bu mühüm amillər onu turizm sahəsində lider dövlətlərin ilk sıralarına yüksəldib.

Belə bir deyim var: turistlər erkən yazda uzaq ellərdən uçub gələn qaranquşlara bənzəyir. Onlar hansı evdə mehribanlıq, səmimiyyət hiss etsələr, o evin eyvanında özlərinə yuva qururlar. Demək istəyirəm ki, dünyanın bu qarışıq dönəmində Türkiyənin ictimai-siyasi həyatında hökm sürən sabitlik bu məmləkətə çox sayda turistlərin gəlişinə şərait yaradır.

Etiraf etmək lazımdır ki, son illər qlobal turizm müəyyən çətinliklərlə üzləşib. Artıq 4 ildən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə ağır zorakılıqlarla müşayiət olunan kəskin silahlı qarşıdurmalar beynəlxalq turizmə mənfi təsir göstərir.

Xoşbəxtlikdən, türk dövlətləri ailəsinə daxil ölan ölkələrdə sabitlik, əmin-amanlıq hökm sürür. Bu fikri ona görə vurğulayıram ki, hazırkı şəraitdə türkdilli dövlətlərin vəətəndaşlarının bir-birini ziyarət etmələri həm maliyyə, həm də mədəni-mənəvi yaxınlaşma baxımından böyük əhəmiyyət kəsb edir.

Türkiyənin mərkəzində yerləşən və turistlərin diqqətini çəkən Kapadokiya isə bənzərsiz gözəlliyi, zəngin tarixi və mədəni irsi ilə tanınır. Dünyanın 8-ci möcüzəsi sayılan Kapadokiya zamanın və tarixin sınaqlarından çıxaraq bu günə gəlib çatıb.

Kapadokiya həm də milli parkları ilə zəngindir. Görəmə Milli Parkı da bunlardan biridir. Kapadokiyanın adı UNESCO-nun Dünya İrsi Siyahısında yer alıb. Təəssüf ki, Kapadokiyada olmamışam, imkan düşən kimi mütləq ora gedəcəyəm.

Sonda belə bir məqamı da qeyd etməyi özümə borc bilirəm ki, daimi abunəçisi olduğum sevimli “Xalq qəzeti”nin turizm sahəsindəki pozitiv proseslərlə bağlı yazılarını diqqətlə izləyirəm və buna görə də qəzetin rəhbərliyinə və bütün yaradıcı kollektivinə minnətdarlığımı bildirirəm.

Məsaim ABDULLAYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью