Kapitan Əsəd Həsənovun Bayraq və Şuşa sevgisi...

26.09.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

2020-ci il oktyabrın 1-də, 44 günlük şanlı savaşın 4-cü günü Ağdam istiqamətində düşmənə qarşı ağır döyüşlərdə qəhrəmancasına həlak olan Milli Ordunun kapitanı Əsəd Həsənovu həyatda görməmişəm. Fotolarından görünür ki, o, boylu-buxunlu, yaraşıqlı gənc olub. 32 yaşında isə həyatla əbədi vidalaşıb.

Şəhidin atası Fərhad kişi ilə son 2 ildə, demək olar ki, hər gün II jurnalistlər binasının həyətindəki söhbətgahda görüşürük. Qonşudakı “Qazilər binası”nda şəhid ailələrinə dövlət başçısının hədiyyə etdiyi yeni mənzildə yaşayır. “İndi əsas işim nəvələrimi məktəbə aparıb-gətirməkdir. Onlarla nəfəs alıram”, – deyir qayğıkeş baba.

Fərhad kişi sadə, mehriban, sözünün yerini bilən, necə deyərlər, ağır oturub batman gələn nurani bir şəxsdir. Onunla ilk görüş zamanı diqqətimi sinəsindəki hərbi libasda olan bir gəncin fotosu əks olunan nişan cəlb etdi. Ürəyimə nəsə damdı...Çəkinə-çəkinə soruşdum:

– Oğlunuzdur?

– Bəli, – deyib dərindən köks ötürdü.

Aramızdakı söhbətə ani sükut çökdü. Sonra özümdə güc taparaq oğlunun harada, hansı şəraitdə həlak olduğunu soruşdum. O, qəlbinin dərinliyindəki oğul itkisindən dolayı dağ boyda ağrını zahirən hiss edirməməyə çalışdı:

– Ağdam cəbhəsində düşmən mərmisindən dünyasını dəyişib. Kapitan idi, müharibə ərəfəsində sənədləri mayor rütbəsinə təqdim edilmişdi.

– Şəhidlik zirvəsi bütün rütbələrdən yüksəkdir! – dedim.

Başını razılıq əlaməti olaraq ehmalca tərpətdi.

...Fərhad kişinin söhbətlərindən öyrəndim ki, İkinci Qarabağ müharibəsinin ilk günlərində ermənilər Ağdam cəbhəsində bir neçə istiqamətdən böyük canlı qüvvə ilə hücuma keçməyə cəhd ediblər. Xüsusilə Fərrux dağının ətəyindəki Mirəşelli kəndində qanlı döyüşlər baş verib. Kapitan Əsəd Həsənovun başçılıq etdiyi topçular batareyası sərrast artilleriya zərbələri ilə düşmənini irəliləməsinin qarşısını ala bilib. Ermənilər xeyli canlı qüvvə itirərək geri çəkilməyə məcbur olublar.

Fərhad kişi bu faktları elə şövqlə və yerli-yataqlı danışdı ki, mən onun peşəkar hərbçi olduğunu zənn etdim. Amma yanılmışdım. Məlum oldu ki, o, uzun illər İmişli rayonunun Şahverdili kəndində mühəndis vəzifəsində çalışıb. Kənddə əməksevərliyi, xoş xasiyyətilə hamının xətir-hörmətini qazana bilib.

Fərhad kişinin oğlu Əsəd də yeniyetməlik yaşlarından atası kimi el-oba yanında sayılıb-seçilib. Hərbçi olmaq arzusuna düşərək kənddə 8-ci sinfi bitirən kimi Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Sonra təhsilini Heydər Əliyev adına Hərbi Akademiyada uğurla davam etdirib.

Əsəd yüksək peşəkar və vətənpərvər zabit olub. Doğma torpaqlarımızın düşməndən azad olunması üçün müqəddəs savaşın qaçılmaz olduğuna əmin olub və İkinci Qarabağ müharibəsi başlananda buna çox sevinib. Başı savaşa qarışsa da, macal tapan kimi, bacısı Günaya telefon açıb, sevinclə söyləyib ki, “İndi əsl hünər, qeyrət məqamıdır, qisas qiyamətə qalmamalıdır!” Günay isə həyəcanla ona “əziz qardaşım, Allah səni, bütün əsgər və zabitlərimizi qorusun!” – deyib.

Günay həmin anları xatırlayanda kövrələrək dedi:

– Qardaşımın ən böyük arzusu Şuşa uğrunda döyüşlərin iştirakçısı olmaq idi. Cıdır düzünə qalxmaq, şəhərin ən uca zirvəsinə ürəyinin daim başında gəzdirdiyi üçrəngli bayrağımızı sancmaq niyyətində idi. Ən yaxın dostuna demişdi: “Birdən düşmənin naqafil gülləsinə tuş gəlsəm, sən mənim yerimə Şuşanın torpağını öpüb, bu bayrağı orada asarsan”. Dostu Əsədin bu arzusunu sədaqətlə yerinə yetirib.

...Əsədin doğma Şahverdili kəndində hüzn mərasimini verəndən sonra atası Fərhad kişinin sübh tezdən evdən çıxaraq Qarabağ istiqamətində yola düşdüyü bəlli olub. O, özünün dediyi kimi, “bir neçə saat ərzində dağları, dərələri, hətta hərbi postları aşaraq özünü Ağdam cəbhəsinə, oğlunun vuruşduğu istehkama çatdırıb. Əsədin döyüşçü dostları atanı burada görəndə ilk dəqiqələrdə heyrətləniblər.

Aralarında belə bir mükalimə olub:

– Əzizimiz Fərhad dayı, siz bura, döyüşlərin qaynar nöqtəsinə necə gəlib çıxa bilmisiniz?

Fərhad Həsənovun cavabı birmənalı olub:

– Bura oğlumun qisasını almağa gəlmişəm!

Milli Ordunun “N” saylı hərbi hissəsinin komandanlığı Fərhad kişiyə qətiyyətlə düşmənin tezliklə məhv ediləcəyini bildirib. Yalnız bundan sonra şəhid atası geri dönməyə razılıq verib! Həm də axı o, atasız qalan nəvələrini himayəsiz qoya bilməzdi!

Ağdama səfəri ilə bağlı həyəcanlı anları xatırlayarkən Fərhad kişi dedi:

– Mən orada Azərbaycan zabitinin, əsgərlərimizin necə igid və hünərli, yenilməzliyinin şahidi oldum. Ölümün gözünə dik baxırdılar. Onların hər biri bu gün mənə doğma Əsədim qədər əzizdir.

Bu məqamda qeyd etmək lazımdır ki, ötən il Mirəşelli kəndində kapitan Əsəd Həsənovun həlak olduğu səngərin önündə onun və döyüşçü dostlarının əziz xatirəsinə 4 metrlik yaraşıqlı abidə ucaldılıb. Həsənovlar ailəsi üçün bura, təbii ki, əziz və müqəddəs yerdir.

Mələk xanım dedi ki, son dəfə abidəyə baş çəkməyə gedəndə Əsədin anasının adını daşıyan qızı atasına fotoplakatına yaxınlaşaraq deyib:

– Ata, sən mənə Şuşadan xari-bülbül gülləri dərib gətirəcəyinə söz vermişdin. Mən sənin güllərini gözləyirəm...Bu sözləri eşidəndə şəhid anasının gözlərinin yaşı sel kimi axmağa başlayıb. Şəhidin həyat yoldaşı Reyhanə xanım isə xısın-xısın ağlayıb...Həyat bəzən çox acımasız olur! Yaxşı ki, qədirbilən xalqımız öz igidlərini unutmur.

...Dövlətimiz Milli Ordunun kapitanı Əsəd Həsənovun hərbi xidmətlərini yüksək qiymətləndirib. O, hərbi xidməti dövründə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” medalları ilə mükafatlandırılıb. Ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasna görə” medalları ilə təltif olunub.

Vətən uğrunda canlarından keçən qəhrəmanlar heç vaxt unudulmurlar, onların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Şəhid kapitan Əsəd Həsənov da belə unudulmaz qəhrəmanlardandır! Ruhu şad olsun!

Məsaim ABDULLAYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью