Kapitan: “Hansısa komandaya qarşı prinsipiallığımız yoxdur”

15.09.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Turan Tovuz” Misli Premyer Liqasında 5 turdan sonra 8 xalla 5-ci sıradadır. Tovuz təmsilçisi sonuncu turda autsayder “Araz-Naxçıvan”la heç-heçə edib (2:2).

Komandanın kapitanı Faiq Hacıyev matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– “Araz-Naxçıvan”la oyunda son dəqiqədə buraxılan qolla qələbəni əldən verdiniz. Matçı necə şərh edərdiniz?
– Oyuna həftəboyu yaxşı hazırlaşmışdıq. Erkən qol buraxsaq da, geridönüş etməyi bacardıq. Buna baxmayaraq, istəmədiyimiz bir epizoddan sonra hesab bərabərləşdi və bir xalla kifayətlənməli olduq.

– Penalti epizodu mübahisəli qərardır. Bununla bağlı fikirləriniz nədir?
– Hakimlərdən danışmaq istəmirəm.

– Bu mövsüm sərgilənən oyuna görə çox tənqid edilirsiniz. Bu, komandaya necə təsir edir?
– Çalışırıq ki, hər oyun artıraq, yaxşı olaq. Təzyiqlər və tənqidlər futbolun bir parçasıdır. Yenidən qələbələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik.

– Qarşıda “Zirə” ilə oyun var. Bu rəqiblə matçlarınız prinsipial alınır. Fanatlarınıza qələbə sözü verə bilərsiniz?
– Bu oyuna da digərləri kimi yanaşırıq. Hansısa komandaya qarşı prinsipiallığımız yoxdur. Məqsədimiz yaxşı futbol oynamaq və qələbə qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Nəticənin necə olacağını görəcəyik.

– Xal itkisi yenidən təzyiqləri artıra bilər…
– Yenə qeyd edirəm, bunlar normaldır. Təzyiq həmişə olur və buna hazırıq. İnşallah, yaxşı nəticələr qazanacağıq.

– Əsas heyətdəki yerinizi itirmisiniz. Bu, nə ilə bağlıdır?
-Qərarı məşqçilər verir və buna hörmətlə yanaşıram. Nə zaman şans verilsə, oynamağa hazıram.

– Yayda klubdan ayrılacağınızla bağlı xəbərlər dolaşırdı. Real təklif var idi?
-Təkliflər oldu, ancaq müqaviləm davam edirdi. Eyni zamanda bu kluba bağlıyam və ilk seçimim həmişə “Turan Tovuz” olub.

– Qarşıda millinin toplanışı var. Dəvət gözləyirsiniz?
– Bu mövsüm çox oynamamışam. Ona görə də dəvət alacağım inandırıcı görünmür.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью