Kapitan: “İnanıram ki, belə davam etməyəcək”

26.11.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qəbələ” Premyer Liqada 12 turdan sonra 5 xalla 11-ci sıradadır. Bölgə klubu bu mövsüm 1 qələbə qazanıb, 2 heç-heçə edib, 9 dəfə uduzub.

Komandanın kapitanı Murad Musayev “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:

“Nəticələrə baxmayıb, oyuna baxsalar, deyərlər ki, “Qəbələ” “altılıq”dadir. Baxımlı futbol oynayırıq, sadəcə nəticə yoxdur. Oyun baxımından kimdənsə geri qalmırıq, amma nəticə dəyişmir. Düşünürəm ki, buna səbəb də epizodları dəyərləndirə bilməməyimizdir. Başqa variant yoxdur. Hər matçda azı 2-3 100 faizlik qol şansımız olur. Amma rəqiblərin 1-2 epizodu qol olur”.

Müdafiəçi nəticələrin gec-tez düzələcəyini, daha yaxşı “Qəbələ” göstərəcəklərini bildirdi:

“Müdafiədə, hücumda pis oynamırıq. Düzgün, dəqiq olmağa çalışır, tapşırıqları yerinə yetirməyə çalışırıq. Nəticələrin olmaması bir az da təcrübəyə bağlıdır. Azərbaycan çempionatı ağırdır. Burda ustalıq səviyyəsi yüksək, təcrübəsi olanlar lazımdır. Digər komandalarda təcrübəli futbolçular çoxdur. Bizdə isə gənc, yerli oyunçular çoxluq təşkil edir. Legioner limiti ləğv olunsa da, heyətimizdə 5-6 akademiya oyunçusu var. Klub çalışır oyunçular inkişaf etsin. Düzdür, nəticələr ürəkaçan deyil. Amma inanıram ki, belə davam etməyəcək. Nəticə gec-tez gələcək, buna inam var. Mübarizəmiz davam edir, bu vəziyyətdən tez zamanda çıxmağa çalışacağıq. Zaman necə olacağını göstərəcək. 1-2 qələbədən sonra hər şey daha yaxşı olacaq, yaxşı “Qəbələ” görəcəyik”.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью