futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın U-21 yığması Avropa çempionatının seçmə mərhələsində səfərdə Şotlandiyaya uduzub – 2:5.
Yığmanın kapitanı Ayxan Süleymanlı matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Şotlandiyaya məğlubiyyəti şərh edərdin.
– Oyuna yaxşı başlamışdıq. Birinci qolu da biz vurduq. Açığı, oyundan əvvəl də özümüzə çox inanırdıq. Müdafiə yox, hücum futbolu oynamaq istəyirdik. Çexiya ilə heç-heçədən sonra motivasiyamız yüksək idi. Yaxşı nəticə əldə etmək istəyirdik, amma alınmadı.
– 10 dəqiqəyə 3 qol buraxmağınız nə ilə bağlı oldu?
– Qoldan sonra ani diqqətsizlik yaşadıq. Bu, bizə baha başa gəldi. Hesabda geri düşdük, sonra irəli atıldıq, amma yenə buraxdıq. İkinci qolu vuranda isə artıq gec idi. Yorulmuşduq, gücümüz də bitmişdi.
– Səncə, hesab oyuna görə idi?
– Oyunumuz pis alınmadı. Rəqibdən çəkinmədik, hücumda şanslar yaratdıq.
– Seçmə mərhələdə son oyun Cəbəllütariqə qarşı olacaq. Böyükhesablı qələbə hədəfiniz var?
– Məqsədimiz qələbə qazanmaqdır. Məğlubiyyətə baxmayaraq, komandada atmosfer yaxşıdır. Qarşıda son oyun var və hədəfimiz yaxşı nəticə əldə etmək, rekord xal qazanmaqdır.
Azərbaycan yığması B qrupunda 7 xalla 5-cidir. Xalı olmayan Cəbəllütariq isə 6 komanda arasında sonuncudur.
Şahin Cəfərov