Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Çin və Pakistan ilk dəfə birgə quru qoşunları təlimləri keçirəcək. “Karakorum-2026” adlanan təlimlər oktyabrın ikinci yarısında Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Rayonunun Korla şəhəri ətrafında baş tutacaq. Məlumata görə, iki ölkənin hərbçiləri pilotsuz uçuş aparatlarının idarə olunması, hərəkətdə olan hədəflərə atəş açılması və uzaq məsafələrdən snayper atəşinin aparılması sahələrində təcrübə mübadiləsi edəcəklər
Bəs bu təlimlər gələcəkdə daha geniş hərbi ittifaqın formalaşmasına zəmin yarada bilərmi?
Politoloq İlqar Vəlizadə mövzunu Bakıvaxtı.az-a şərh edərkən bildirib ki, indiki geosiyasi vəziyyətdə hər şey heç də proqnozlaşdırılan istiqamətdə getmir. Proseslər hər an məcrasını dəyişə bilər:
"Hər şeyə hazır olmaq lazımdır. Məhz bu baxımdan Pakistanla Çin arasında bu əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Lakin bu ölkələr arasında hərbi ittifaqın yaradılması demək olar ki, mümkün deyil. Səbəb Çinin xarici siyasət fəlsəfəsidir. Çinin fəlsəfəsi hər hansı bir ölkə ilə hərbi ittifaqın yaradılmasına imkan vermir. Bunu anlamaq üçün Çinin xarici siyasətini bilmək, liderlərinin çıxışlarını izləmək kifayətdir. O çıxışlarda bu açıq-aydın görünür".
Politoloq İlqar Vəlizadə
İ.Vəlizadə qeyd edib ki, Çin Rusiya ilə müntəzəm hərbi təlimlər keçirir. Hətta Şimali Koreya ilə üçtərəfli təlimlər - Rusiya, Çin, Şimali Koreya formatında təlimlər var. Çinin İranla, Rusiya ilə Ərəb dənizi hövzəsində və Hind okeanında ənənəvi təlimləri var. Amma Çin heç bir ölkə ilə hərbi ittifaq qurmur. Hətta Çinə ən yaxın sayılan Şimali Koreya ilə belə bu illər ərzində heç bir hərbi ittifaq qurulmayıb.
"Çin təlimlər keçirərkən də tez-tez vurğulayır ki, bunların məqsədi hansısa ölkəyə qarşı deyil. Məqsəd Çinin təhlükəsizliyini möhkəmləndirməkdir. Çinin əsas hərbi siyasəti tərəfdaşlarla effektiv müdafiə sistemi qurmaqdan ibarətdir. Bu məqsədlərə çatmaq üçün isə mütləq ittifaq qurmaq lazım deyil. Ona görə də yenə deyirəm, bunlar çox vacib təlimlərdir, xüsusilə də bu həssas regionda aparılan təlimlərdir. Çünki Hindistan tərəfindən hər iki ölkə üçün təhdidlər var. Onlar birgə əməliyyatlar da keçirə bilərlər", - deyə müsahibimiz vurğulayıb.
Gülşən Şərif