Karamelli çizkeyk resepti

21.05.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İpək kimi hamar pendir dolğusu, ağızda əriyən biskvit altlığı və üzərini örtən karamel sosu ilə hazırlanan karamelli çizkeyk xüsusi günləriniz və çay saatlarınız üçün olduqca zərif bir şirniyyat seçimidir.

Milli.Az lazım olan ərzaqları təqdim edir:

Altlığı üçün:

2 paket yulaf biskviti

100 q əridilmiş kərə yağı

2 xörək qaşığı süd

Pendir dolğusu üçün:

600 q labne pendiri

200 ml duru qaymaq

1 su stəkanı şəkər tozu

3 ədəd yumurta

2 xörək qaşığı un

1 paket vanil

1 xörək qaşığı limon suyu

Karamel sosu üçün:

1 su stəkanı şəkər tozu

200 ml duru qaymaq

1 xörək qaşığı kərə yağı

1 çimdik duz (istəyə görə)

Hazırlanma qaydası
Biskvitləri blenderdən keçirərək un halına gətirin. Əridilmiş kərə yağı və süd ilə qarışdırıb kənarı açılan xüsusi qəlibin (formanın) daxilinə sıxaraq yayın və bərkidilməsi üçün soyuducuya qoyun.

Labne pendirini, şəkər tozunu və qaymağı tamamilə hamar bir qvam alana qədər çalın.

Yumurtaları qarışığa tək-tək əlavə edin. Unu, vanili və limon suyunu da əlavə edib qısa müddət yenidən qarışdırın.

Hazırladığınız pendirli qarışığı soyuducudan çıxardığınız biskvit altlığının üzərinə tökün. Öncədən 160°C dərəcədə qızdırılmış sobada təxminən 55-60 dəqiqə nəzarətli şəkildə bişirin.

Soba bağlandıqdan sonra qapağını azca aralı buraxın və çizkeyki sobanın daxilində soyumağa qoyun.

Karamel üçün şəkər tozunu tavada əridin. Üzərinə qaymaq və kərə yağını əlavə edib, topaqlar tamamilə itənə qədər qarışdırın.

Çizkeyk tamamilə soyuduqdan sonra ilıq karamel sosunu üzərinə tökün və dadının oturması üçün soyuducuda saxlayın.

Dolğu üçün istifadə edəcəyiniz bütün məhsulların mütləq otaq temperaturunda olmasına diqqət edin. Yumurtaları əlavə etdikdən sonra mikserlə həddindən artıq çox çalmayın.

Bişirmə zamanı sobanın qapağını tez-tez açıb-bağlamayın, bu çizkeykin ortasının çökməsinə səbəb ola bilər.

Şəkəri əridərkən rənginin çox tündləşməsinə imkan verməyin, əks halda karameliniz acı dada bilər.

Ən mükəmməl qvam və dadı əldə etmək üçün çizkeyki ən az 6 saat, imkan varsa bir gecə soyuducuda saxladıqdan sonra dilimləyib servis edin.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью