Karapetyanın rəngli yuxularında bozluq

29.07.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan barədə növbəti xam xəyal

Ermənistanda Azərbaycandan qisas almaq yanğısı ilə qovrulan, yaxud özlərini cəmiyyətə ən azı bu cür göstərməyə çalışan siyasi düşərgə nümayəndələrinin ölkəmizə münasibətdə reallıqdan çox arzu və istəklərə söykənən fikirlər səsləndirmələri yeni hal deyil. Belə açıqlamalardan biri də “Güclü Ermənistan” partiyası şurasının üzvü, oliqarx-milyarder Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyana məxsusdur.

O, Azərbaycanın neft hasilatının azalmasını əsas gətirərək yaxın gələcəkdə Ermənistanın iqtisadi baxımdan ölkəmizi qabaqlaya biləcəyini iddia edib. Karapetyanın sözlərinə görə, son 7 ildə Azərbaycanda gündəlik neft hasilatı 30 faiz azalaraq 750 min bareldən 500 min barelə enib. O hesab edir ki, Azərbaycanın ixracının əsas hissəsinin neft və qazdan ibarət olması, elektriklə işləyən nəqliyyat vasitələrinin dünyada sürətlə yayılması və neftin dünya bazar qiymətlərinin gələcəkdə azalacağı ehtimalı ölkəmizi ciddi iqtisadi geriləmə ilə üz-üzə qoyacaq. Karapetyana görə, Ermənistanın və erməni diasporunun potensialından səmərəli istifadə olunacağı təqdirdə, Ermənistan qaçılmaz olaraq Azərbaycanla iqtisadi fərqi azaldacaq və gələcəkdə onu qabaqlaya biləcək.

***

İlk baxışdan bu fikirlər iqtisadi proqnoz təsiri bağışlasa da, əslində siyasi yükü daha ağırdır. Çünki burada məqsəd iqtisadi prosesləri obyektiv təhlil etməkdən daha çox erməni cəmiyyətinə psixoloji üstünlük hissi aşılamaq və qisasçı dairələrin siyasi tezislərini yeni arqumentlərlə əsaslandırmağa çalışmaqdır. Təsadüfi deyil ki, bu fikirləri səsləndirən şəxs məhz hakimiyyətə qarşı sərt mövqeyi ilə seçilən və revanşist düşərgənin təmsilçisi olan “Güclü Ermənistan”ın rəhbər heyətində təmsil olunur.

Əslində, Azərbaycanın neft hasilatının müəyyən qədər azalması nə gizli proses, nə də gözlənilməz hadisədir. Bu tendensiya illərdir həm Azərbaycan, həm də beynəlxalq enerji təşkilatlarının hesabatlarında öz əksini tapır. Mütəxəssislər dəfələrlə bildiriblər ki, uzun illər istismar olunan yataqlarda hasilatın təbii azalması dünya neft sənayesində normal proses hesab edilir. Bu, iqtisadi böhranın başlanğıcı deyil, enerji sektorunun inkişaf mərhələlərindən biridir.

Digər tərəfdən, Karapetyan diqqəti yalnız neft hasilatına yönəltməklə Azərbaycanın enerji siyasətində son illərdə baş verən mühüm dəyişiklikləri görməzliyə vurur. Halbuki son dövrdə Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərindən biri məhz təbii qaz ixracının genişləndirilməsi olub. Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir. Avropa İttifaqının rəsmi şəxsləri də bunu dəfələrlə etiraf edərək Azərbaycanı etibarlı enerji tərəfdaşı adlandırıblar.

Bununla yanaşı, enerji bazarının gələcəyi barədə irəli sürülən bəzi proqnozlar da reallığı tam əks etdirmir. Elektriklə işləyən avtomobillərin sayı ildən-ilə artsa da, bu tendensiyanın yaxın onilliklərdə neft və qazdan imtinaya səbəb olacağını düşünmək doğru olmazdı. Beynəlxalq Enerji Agentliyi, OPEC və digər nüfuzlu qurumların proqnozları göstərir ki, qlobal enerji balansında neft və xüsusilə təbii qaz hələ uzun müddət əsas enerji mənbələri sırasında qalacaq. Üstəlik, təbii qaz enerji keçidində ən vacib yanacaq növlərindən biri hesab olunur və bir çox ölkələr kömürdən imtina etdikcə məhz qaz istehlakını artırırlar. Belə olan halda, Azərbaycanın yalnız neft hasilatının azalmasına əsaslanaraq ölkənin iqtisadi perspektivini qaranlıq göstərmək cəhdi, sadəcə, siyasi arzu kimi görünür.

***

Eyni zamanda, N.Karapetyanın bilərəkdən diqqətdən kənarda saxladığı digər mühüm məqam Azərbaycanın uzun illərdir həyata keçirdiyi iqtisadi şaxələndirmə siyasətidir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, məqsəd neft və qaz gəlirlərindən səmərəli istifadə etməklə qeyri-neft sektorunun dayanıqlı inkişafını təmin etməkdir. Son illər sənaye zonalarının və aqroparkların yaradılması, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən layihələr, tranzit potensialının artırılması və kənd təsərrüfatına göstərilən dövlət dəstəyi bu siyasətin əsas istiqamətlərini təşkil edir. Bu gün qeyri-neft sektorunda əldə olunan nəticələr təsadüfi deyil. İxracın strukturunda qeyri-neft məhsullarının payının artırılması ölkənin iqtisadi dayanıqlılığını gücləndirən əsas amillər sırasındadır.

Xüsusilə kənd təsərrüfatının inkişafı dövlət siyasətində mühüm yer tutur. Bu sahənin ixrac imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, müasir suvarma sistemlərinin tətbiqi, yeni texnologiyaların kənd təsərrüfatına inteqrasiyası və regionların iqtisadi potensialının daha səmərəli istifadə olunması istiqamətində ardıcıl addımlar atılır. Bu yaxınlarda qəbul edilmiş “Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” da məhz bu məqsədlərə xidmət edir. Bu proqram bir daha göstərir ki, Azərbaycan gələcəyini yalnız karbohidrogen ehtiyatları üzərində qurmaq niyyətində deyil.

Əslində, Azərbaycanın iqtisadi modelini yalnız neft gəlirləri ilə məhdudlaşdırmağa çalışan yanaşmalar yeni deyil. Uzun illərdir ölkəmizə qarşı qərəzli münasibət bəsləyən müxtəlif siyasi dairələr, bəzi xarici ekspertlər və ermənipərəst mərkəzlər eyni tezisi təkrarlayırlar. Onlar dəfələrlə iddia ediblər ki, neft hasilatı azalacaq, enerji gəlirləri tükənəcək və Azərbaycan qaçılmaz iqtisadi böhran yaşayacaq. Lakin zaman göstərdi ki, bu proqnozlar özünü doğrultmadı. Əksinə, Azərbaycan enerji gəlirlərini iqtisadiyyatın digər sahələrinə yönəltməklə yeni inkişaf modelini formalaşdırmağa başladı. Son illərdə qeyri-neft sənayesində istehsalın artması, nəqliyyat və logistika layihələrinin genişlənməsi, Orta Dəhlizin beynəlxalq əhəmiyyətinin yüksəlməsi, kənd təsərrüfatı və xidmət sektorunun inkişafı iqtisadiyyatın daha dayanıqlı struktur qazanmasına xidmət edib.

Beynəlxalq Enerji Agentliyinin, OPEC-in və digər nüfuzlu enerji institutlarının proqnozları göstərir ki, qarşıdakı onilliklərdə dünya iqtisadiyyatı qalıq yanacaqlardan tam imtina etməyəcək. Aviasiya, dəniz daşımaları, neft-kimya sənayesi, ağır sənaye və bir çox digər sahələrdə neft məhsullarına tələbat davam edəcək. Təbii qaz isə enerji keçidinin əsas elementlərindən biri hesab olunur. Məhz buna görə Avropa ölkələri son illərdə qaz təchizatının şaxələndirilməsinə xüsusi diqqət yetirir və bu prosesdə Azərbaycanın rolu daha da artır.

***

Digər tərəfdən, iqtisadi inkişaf yalnız təbii sərvətlərlə ölçülmür. Hüquqi sabitlik, investisiya mühiti, infrastruktur, regional əməkdaşlıq, beynəlxalq bazarlara çıxış və dövlət idarəçiliyinin səmərəliliyi də həlledici amillərdir. Ermənistanın bu istiqamətlərdə həllini gözləyən çoxsaylı problemləri mövcuddur. Xarici investisiyaların həcmi, ixrac imkanları, bazarların məhdudluğu və geosiyasi asılılıqlar Ermənistan iqtisadiyyatının qarşısında ciddi çağırışlar olaraq qalır.

Bu baxımdan, “Ermənistan qaçılmaz olaraq Azərbaycanı qabaqlayacaq” tezisi iqtisadi hesablamadan daha çox siyasi bəyanat təsiri bağışlayır. İqtisadi rəqabət arzular, emosiyalar və populist şüarlarla deyil, konkret göstəricilər, davamlı islahatlar və uzunmüddətli inkişaf strategiyası ilə müəyyən olunur.

N.Karapetyanın açıqlaması bir daha göstərir ki, Ermənistanın qisasçı siyasi dairələrində hələ də Azərbaycanın uğurlarını obyektiv qiymətləndirmək əvəzinə, onları kiçiltməyə hesablanmış yanaşmalar üstünlük təşkil edir. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycanın enerji siyasəti artıq təkcə neftdən ibarət deyil. Təbii qaz ixracının genişlənməsi, “yaşıl enerji” layihələrinin reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatına və sənayeyə yönələn dövlət dəstəyi ölkənin iqtisadi inkişaf modelinin daha dayanıqlı əsaslar üzərində qurulduğunu göstərir. Məhz buna görə də regionun iqtisadi gələcəyini ayrı-ayrı siyasətçilərin xəyalları deyil, real iqtisadi göstəricilər, həyata keçirilən islahatlar və beynəlxalq bazarlarda formalaşan obyektiv tendensiyalar müəyyən edəcək. Bu baxımdan, Karapetyanın səsləndirdiyi fikirlər daha çox siyasi istək kimi qiymətləndirilə bilər, nəinki əsaslandırılmış iqtisadi proqnoz kimi.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью