Operativmedia portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Karbon vergisi, karbon dioksid (CO2) və digər istixana qazlarının atmosferə buraxılmasını azaltmaq məqsədilə tətbiq olunan bir vergi növüdür.
Bu vergi, əsasən fosil yanacaqlarının yandırılması nəticəsində yaranan karbon emissiyalarını məhdudlaşdırmaq üçün müəssisələrə və ya istehlakçılara tətbiq edilir.
Məsələn, bir ölkədə hökumət karbon vergisi tətbiq edərsə və hər ton karbon qazı üçün şirkətlərdən 10 dollar vergi alınarsa, əgər bir şirkət il ərzində 100 ton karbon tullantısı istehsal edərsə, bu şirkət 1000 dollar vergi ödəməli olacaq.
Bu vəziyyətdə, şirkətlər emissiya olunan tullantıları azaltmaq üçün yeni texnologiyalar tətbiq etməyə başlayacaqlar, çünki tullantıları azaltmaq iqtisadi cəhətdən onlara daha sərfəli olacaq.
Azərbaycanda hal-hazırda karbon vergisi və ya Emissiya Ticarəti Sistemi (ETS) tətbiq edilməsə də, yüksək karbon emissiyalı sahələr (neft, qaz və digər sənayelər) üzrə bir sıra vergilər (aksiz, mədən, yol vergisi və s.) mövcuddur.
Eyni zamanda, aşağı emissiyalı məhsul və sənayelərin təşviqi məqsədilə qanunvericilik aktları mövcuddur (elektrik və hibrid avtomobillər üçün vergi güzəştləri, investisiya təşviqi sənədləri və s.).
Müxtəlif karbon qiymətləndirməsi siyasətləri (karbon vergisi, ETS, CBAM və s.) üzrə təcrübələr araşdırılmaqda davam edir.