Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünya futbolunda xüsusi klubların dar bir dairəsi var. Məsələn, nəhənglər, zəngin tarixə malik klublar, hegemonlar və qaliblər var. Ancaq xüsusilər tam fərqli kateqoriyaya uyğun gəlir.
Belələrinə nümunə kimi “Real”ı göstərə bilərik. Yalnız “kral klubu” statusu daşıdığına və mükafatlar kolleksiyasına görə yox, özəl aurası üzündən. Bu klubda qeyri-adi enerji var, madridlilər ətrafı həmin enerji ilə doldurur.
“Mançester Yunayted” də hardasa İspaniya nəhənginin yanındadı. Çox unikal klubdu. Son illərdə “Old Trafford”un kuluarlarından rasionallıq qeybə çəkilib: bu klubla bağlı istənilən hadisəni ənənəvi məntiq çərçivəsində izah etmək çətindi. Qələbələr və məğlubiyyətlər, istefalar və təyinatlar, transferlər, yüksəliş və enişlər – heç nə sistemli şəkildə deyil. Bununla belə, nə qədər təzadlı olsa da, klub yenə nəhəngliyini və qeyri-adi populyarlığını qoruyur.
Hadisələrlə zəngin yanvar
2026-cı ilin yanvarı da bu tendensiyanı təsdiqlədi. “Lids”lə heç-heçə münaqişəyə və Ruben Amorimin qovulmasına səbəb oldu. Baş məşqçinin səlahiyyətlərini müvəqqəti yerinə yetirən Darren Fletçer də “Brayton”a uduzmaqla kubokda mübarizəni dayandırdı. Ardından “sükan arxasına” Maykl Karrik keçdi və bir-birinin ardınca “Mançester Siti” ilə “Arsenal”ı məğlub etdi.
Müasir futbolda istənilən ekspozisiya hədsiz tez köhnəlir, bu üzdən portuqaliyalı mütəxəssisin gedişi artıq aktuallığını itirib. Xüsusən də Karrikin parlaq startı fonunda. İndi məhz bu haqda danışmaq istəyirik. “Yunayted”in nəticələri və komanda ətrafındakı atmosfer istər-istəməz son uğurların məhz yeni məşqçinin personası ilə bağlı olduğunu düşünməyə əsas verir.
Hər kəs öz yerində
Karrik aydın görünən və təcili dəyişikliklərdən başladı. Həlledici məqam sxemdi. Məhz bu amil Amorimini taleyini müəyyənləşdirdi. Ruben inadla üç mərkəz müdafiəçisinin olduğu sistemin üzərində dayanırdı, əlinin altındakı ifaçılara uyğun taktiki sxem seçmirdi.
“Midlsbro”da, demək olar ki, həmişə dörd müdafiəçi ilə oynayan Karrik Mançesterdə də bu variantdan imtina etmədi, taktiki sxemi 4-2-3-1-ə uyğunlaşdırdı. Kadrlarla bağlı qərarları da qeyd etmək vacibdi. Amorim Kazemironun əsas heyətdəki yerini şübhə altına almırdı, ikinci dayaq yarımmüdafiəçisi kimi isə növbə ilə Manuel Uqarte və ya Bruno Fernandeş oynayırdı. Bu proseslə paralel Kobbi Maynu da yavaş-yavaş ehtiyat oyunçular skamyasındakı yerinə öyrəşirdi, portuqaliyalı mütəxəssis premyer-liqanın cari mövsümündə ona cəmi 218 dəqiqə şans vermişdi. Amorim durumu belə izah edirdi:
“Kobbi heyətdə yer uğrunda mübarizə aparmalıdı. Düşünürəm ki, 20 yaşında “Mançester Yunayted”in ehtiyat oyunçular skamyasında oturmaq pis bir şey deyil. Sadəcə, Kobbini bəzən start heyətinə qoymuram. Çünki onun əvvəldən oynamaq üçün yararlı oyunçu olmadığını anlayıram”.
“Bəzən start heyətinə qoymuram” ifadəsini “ümumiyyətlə, start heyətinə qoymuram” kimi anlamaq lazımdı. Axı Maynu Karrik gələnə qədər cari mövsümdə bir dəfə də start heyətində yer almamışdı.
Amma Karrik iş başına keçəndən sonra ingiltərəli futbolçu əvəzlənmədən iki oyun keçirdi və çox inamlı təsir bağışladı - ən azı Uqartedən daha yaxşı idi. “Arsenal”la oyunda Maynu həlledici ötürmələrin sayına görə Mbemo və Bruno Fernandeş ilə birinciliyi bölüşdü, “Siti” ilə oyunda isə qazanılan təkbətək mübarizələrin sayına görə yalnız Patrik Dorquya uduzdu. Yarımmüdafiəçi hər iki oyunda topa toxunma sayına görə ilk “3-lüy”ə daxil oldu. Bu isə onun özünü büsbütün oyuna həsr etdiyini göstərir – həm hücuma, həm də müdafiəyə. Düzdü, hələ bəzi oyun əlaqələrinin cilalanmasına ehtiyac var.
Belə görünür ki, Amorim hansısa məqamda klub rəhbərliyinin sözsüz etimadına hədsiz çox inandı, ehkamların əsiri oldu. Onun fonunda Karrik yığcamlıq etalonu kimi görünür. O, Maynudan effektli şəkildə yararlanmağın yolunu göstərdi, parlayan və qol vuran Dorqu üçün optimal rol tapdı, danimarkalını birmənalı şəkildə cinaha çəkdi. Belədə sərbəst və kreativ şəkildə hərəkət etmək imkanı qazanan Fernandeşin də əli-qolu açıldı. Karrikin bu vəzifədəki ılk günlərinə qibtə etməmək mümkün deyil.
Həlledici dəyişiklik
Psixoloji iş də xüsusi maraq doğurur. Hər şeydən belə görünür ki, Karrik güclü motivatordu. “Arsenal”la oyundakı qələbə qolunun müəllifi Mateus Kunya:
“Karrik komandaya sabitlik və öz gücünə inam bəxş etdi”.
Hesabın necəliyindən asılı olmayaraq, “Yunayted” cəsarətli görünür və uğursuzluq ehtimalından qorxmadığını göstərir. Belə MY uzun müddət idi qeybə çəkilmişdi.
Əlbəttə, ağlı başında olan heç bir adam iki qələbədən – lap elə bunlar premyer-liqanın liderləri üzərində qazanılsa da – sonra baş məşqçini ilahiləşdirməz. Karrikin debüt oyunlarına “Yunayted” autsayder statusu ilə çıxmışdı. İrəlidə isə “Fulhem” və “Tottenhem” ilə ev oyunları var. Bu dəfə artıq “2 nömrə” kimi oynamaq və ya rəqibin oyun üslubuna uyğunlaşmaq, nəticə necə olur-olsun, haqlı suallar doğuracaq. Və Karrik növbəti dəfə A planı kimi əks-hücumlara güvənməyi seçəcəksə, azarkeşlərin heyranlıq hissi önəmli şəkildə zəifləyəcək. Xüsusən də komanda bu oyunlarda 3 xal qazanmasa.
Karrikin sərəncamında bir neçə ay var ki, yarımillik yox, daha uzunmüddətli müqaviləni haqq etsin. “Karrik möhtəşəm mövsüm keçirir, klubun zamanında onu dəvət etməkdə yanılmadığını göstərir” – bu sözləri ser Aleks Ferqyuson 2008-ci ilin aprelində demişdi. MY-nin fanatları 18 ildən sonra bu sitatın remeykini eşitmək üçün səbirsizlənib.
Həqiqətən Karrikin debütü çox parlaq, həta möhtəşəm alındı. Futbolda isə adətən, debüt yox, endşpil xatırlanır.