Kart bumu

30.10.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Artıq bir neçə ildir ki, dövriyyədə olan ödəniş kartlarının sayında artım müşahidə olunur. Statistik göstəricilər də bunu sübut edir. Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2026-cı ilin sentyabr ayının sonunda əvvəlki ayla müqayisədə 414 min ədəd artaraq 23 milyon 388 minə çatıb. Avqustda artım 189 min idisə, sentyabrda bu artım 2,2 dəfə sürətlənib. Beləliklə, ölkədə hər nəfərə orta hesabla 2,3 ödəniş kartı düşür.

Ekspertlərin fikrincə, Azərbaycanda ödəniş kartlarının sayının sürətlə artması ölkədə rəqəmsal ödənişlərin genişlənməsi, nağdsız hesablaşmalara marağın yüksəlməsi və bank xidmətlərinin daha əlçatan olması ilə bağlıdır. Bu tendensiya həm istehlakçıların gündəlik ödəniş vərdişlərinin dəyişdiyini, həm də iqtisadiyyatda rəqəmsallaşma prosesinin sürətləndiyini göstərir. Kartların sayının artmasının əsas səbəblərindən biri əməkhaqqı, pensiya, sosial müavinət və digər ödənişlərin bank kartları vasitəsilə həyata keçirilməsidir. Eyni zamanda, onlayn alış-verişin genişlənməsi, kommunal və digər xidmətlərin elektron qaydada ödənilməsi kartlardan istifadəyə tələbatı artırır. Digər mühüm amil bankların rəqəmsal xidmətlərə yatırımlarını artırmasıdır. Mobil bankçılıq, təmassız ödənişlər, rəqəmsal pul kisələri və kart sifarişinin onlayn həyata keçirilməsi maliyyə əməliyyatlarını daha rahat edir. Bəzi hallarda bankların müxtəlif müştəri qrupları üçün bir neçə kart məhsulu təklif etməsi də ümumi kart sayının yüksəlməsinə təsir göstərir. Kartların sayının artmasının yaxın gələcəkdə də davam edəcəyi ehtimal olunur. Milli ödəniş sistemlərinin təkmilləşdirilməsi, bankların mobil bankçılıq xidmətlərini inkişaf etdirməsi plastik kartlardan istifadənin daha da genişlənməsinə şərait yaradır.

Bank kartları ilə ödənişlərin bu qədər genişlənməsinin iqtisadiyyata hansı müsbət və mənfi təsirləri ola bilər?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov hesab edir ki, əvvəlki illərlə müqayisədə bank sistemi xeyli sabitləşib. Digər tərəfdən, əlavə dəyər vergisinin (ƏDV) müəyyən hissəsinin geri qaytarılması məsələsi də var. Kartla ödəniş zamanı ƏDV-nin daha böyük hissəsi geri qaytarılır. Bu da insanları kartla alış-verişə həvəsləndirən səbəblərdən biridir: "Dünyada gedən tendensiyadır və tədricən Azərbaycanda da təşəkkül tapır. Bu, daha rahatdır, insanlar kartla ödəniş edəndə daha rahat olurlar. Pulu cibdə saxlamaq artıq tarixə qovuşur, itirmə təhlükəsi var. İkincisi isə banklara etimad məsələsidir".

Ödəniş kartlarının sayının artması iqtisadiyyatın rəqəmsallaşması və nağdsız hesablaşmaların genişlənməsi baxımından müsbət göstəricidir. Nağdsız əməliyyatların artması ödənişlərin daha sürətli aparılmasına, əməliyyatların izlənilməsinə və iqtisadi dövriyyənin şəffaflığının yüksəlməsinə şərait yarada bilər. Lakin burada vacib bir məqam var. Kartların sayının artması onların hamısının aktiv istifadə edilməsi demək deyil. Eyni şəxsin bir neçə kartının olması ümumi göstəricini yüksəldə bilər. Buna görə real mənzərəni qiymətləndirmək üçün aktiv kartların sayı, nağdsız əməliyyatların həcmi və əhalinin rəqəmsal ödənişlərdən istifadə tezliyi də nəzərə alınmalıdır. Əsas məsələ təkcə kartların sayının artması deyil, onların gündəlik iqtisadi fəaliyyətdə nə dərəcədə səmərəli istifadə edilməsidir.

Ekspertin sözlərinə görə, vətəndaşda fərqli məqsədlər üçün bir neçə kart da mövcud ola bilər: "Məsələn, depozit kartı, kredit kartı və s. Eyni zamanda, bu kartlar valyutalarına görə də fərqlənə bilər. Bundan başqa, əgər vətəndaş sahibkardırsa, sahibkarlıq fəaliyyəti üzrə hesabları üçün bir kartdan, fiziki şəxs kimi isə başqa kartdan istifadə edə bilər. Yəni bir vətəndaş müxtəlif banklardan istədiyi qədər kart əldə etmək imkanına sahibdir. Onu da deyim ki, nağdsız hesablaşmalar həm bankların yükünü azaldır, həm də vətəndaşlar üçün prosesləri daha da asanlaşdırır. Vətəndaş üstündə nağd pul gəzdirmək məcburiyyətində qalmır və nəticədə pulun oğurlanması, itməsi, zədələnməsi kimi hallarla qarşılaşmır. Nağdsız hesablaşmaların ölkə iqtisadiyyatı üçün əsas üstünlüyü isə vergidən yayınma hallarının qarşısını almasıdır. Yeganə təhlükə bank kartlarına qarşı həyata keçirilən kiberhücumlardır. Bunun qarşısını almaq üçün isə banklar təhlükəsizlik sistemlərini daha da gücləndirməlidirlər".

Ekspert bu məsələdə bankların marketinq siyasətinin də rol oynadığını xüsusi vurğulayıb: "Banklar da maraqlıdır. Niyə? Əlavə işçi saxlayırlar və s. Hətta bir şəxsə bir neçə kart verirlər. Belə olanda da bank kartlarının sayı artır".

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dünya iqtisadiyyatı çoxdan nağdsız ödənişlərə keçib: "Elə ölkələr var ki, nağdsız ödənişlər az qala ümumi iqtisadi dövriyyənin 80-85 faizini təşkil edir. Məsələn, Avstraliya, Yeni Zelandiya kimi ölkələrdə belədir. Təbii ki, kağız pullar hər zaman olacaq. Amma nağdsız ödənişlərin həcmi artır. Onlayn bank xidmətlərinin həcmi və əhatə dairəsi genişləndikcə, nağdsız ödənişlərin də həcmi artmış olur. Bu isə təbii prosesdir. Onu da deyim ki, kartla alış-veriş etməyin bir sıra üstünlükləri var. Məsələn, keşbek anlayışı var. Kartla alış-veriş edərkən həm bonus qazanırsan, həm də pulun bir hissəsi sonradan sənə geri qayıdır. Bu da insanların xoşuna gəlir. Bundan əlavə, pulun cibdən düşüb itməsi ehtimalı hər zaman böyükdür. Amma kartı itirərkən telefon vasitəsilə onu bloklamaq və yenisini almaq mümkündür. Beləcə, heç bir zərərə məruz qalmırsan. Bir sözlə, kartla alış-verişin bir çox üstünlükləri var. Ona görə də insanlar alış-veriş zamanı karta daha çox üstünlük verirlər. Onu da deyim ki, Azərbaycanda kartla alış-verişin səviyyəsi hələ də çox aşağıdır. Amma son illər kartdan istifadə halları çoxalıb. Hazırda ümumi ticarət dövriyyəsinin yarısını kartla alış-verişlər təşkil edir. Bu tendensiya pandemiya dövründə sürət aldı. Elə ölkələr var ki, alış-verişin 95-97 faizi onlayn həyata keçirilir. Məsələn, Avstraliyada, Yeni Zelandiyada kartla ödənişin səviyyəsi 100 faizə yaxındır. Bu da o deməkdir ki, kartdan istifadə daha rahat və əlverişlidir".

İqtisadçı ekspert Xalid Kərimlinin dediyinə görə, kartların sayındakı artımda əməkhaqqı, pensiya və sosial ödənişlərin bank kartları vasitəsilə həyata keçirilməsi də mühüm rol oynayır. Bununla yanaşı, bankların müştərilərə təqdim etdiyi rəqəmsal xidmətlər, mobil bankçılığın inkişafı və onlayn alış-veriş imkanlarının genişlənməsi kartlardan istifadəni daha əlverişli edir: "Nağdsız ödənişlərin genişlənməsi iqtisadi şəffaflığın artırılması, maliyyə əməliyyatlarının izlənilməsi və vətəndaşlar üçün ödəniş prosesinin sadələşdirilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, rəqəmsal ödənişlərin inkişafı ilə paralel olaraq kibertəhlükəsizlik, dələduzluq hallarının qarşısının alınması və əhalinin maliyyə savadlılığının artırılması da diqqətdə saxlanılmalıdır. Ümumilikdə, bu tendensiya Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin inkişaf etdiyini göstərir. Növbəti mərhələdə əsas hədəf yalnız ödəniş kartlarının sayını artırmaq deyil, onların istifadəsini genişləndirmək, nağdsız ödəniş infrastrukturunu təkmilləşdirmək və vətəndaşların elektron maliyyə xidmətlərinə etimadını gücləndirmək olmalıdır".

İqtisadçı ekspert Akif Nəsirlinin fikrincə, kartların sayının artmasının əsas səbəblərindən biri bankların eyni müştəriyə bir neçə kart təqdim etməsi ola bilər: "Burada əslində, ziddiyyət yoxdur. Kartların sayının artması insanların daha çox xərcləməsi və ya nağdsız ödənişlərin avtomatik artması demək deyil. Kartların sayının yüksəlməsinin əsas səbəblərindən biri bankların eyni müştəriyə müxtəlif məqsədlər üçün bir neçə kart təqdim etməsidir. Həmçinin kart sayının artması ilə kartlardan aktiv istifadə edən şəxslərin sayını eyniləşdirmək olmaz. Bankda olan kartların hamısı hər ay aktiv istifadə edilmir. Ona görə də kart bazarının real vəziyyətini qiymətləndirərkən yalnız kartların sayına baxmaq düzgün deyil. Aktiv kartların sayı, əməliyyatların sayı, orta əməliyyat məbləği, POS və onlayn ödənişlərin həcmi, həmçinin kartdan-karta köçürmələrin ümumi dövriyyədəki payı birlikdə nəzərə alınmalıdır. Bu göstəricilər nağdsız ödənişlərin həqiqətən nə dərəcədə geniş yayıldığını daha dəqiq göstərir. Müştəri bir neçə kart saxlamaq əvəzinə daha çox bir kartdan istifadə etməyə başlayarsa, kartların ümumi sayı artsa belə, ayrı-ayrı kartlar üzrə əməliyyatların həcmi dəyişə bilər".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью